
AMEA-nın Naxçıvan Bölməsinin rəhbərliyi qohumbazlıqda və potensiallı elmi kadrları sıxışdırmaqda ittiham edilir
Faktinfo.az xəbər verir ki,AMEA-nın Naxçıvan Bölməsində çalışan bir qrup alim qurumdakı vəziyyətlə bağlı “Gündəlik Naxçıvan”a bəyanat göndərib. Təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən alimlər rəhbərliyi qohumbazlıqda və potensiallı elmi kadrları sıxışdırmaqda ittiham edirlər.
Alimlərin sözlərinə görə, hazırda Naxçıvan Bölməsinin gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik yaranıb. Onlar bildirirlər ki, qurum daxilində bölmənin mövcud strukturunun ləğv edilərək Regional Elmi Mərkəzə çevrilə biləcəyi ilə bağlı söhbətlər başlayandan sonra sıravi alimlərə təzyiq daha da artıb:
“İllərlə potensiallı kadr götürməyiblər. Nə qədər kadrı sıxışdırıb, qaçırıblar ki, özləri qalsınlar. İndi də bağlanacaq deyə camaatı sıxışdırırlar. Öz fəaliyyətləri isə sıfırdır. Kimin adamı var, ona qulluq edilir, başına dönürlər. Kimin adamı yoxdur, adam yerinə qoyulmur, sıxışdırılır, normal münasibət göstərilmir. Kimin fəaliyyəti var, çalışırlar mane olsunlar ki, birdən qabağa gedər.”
Bəyanatda ən sərt suallardan biri rəhbərliyin öz elmi fəaliyyətinə yönəlib. Alimlər deyirlər ki, aşağı maaşla çalışan elmi işçilərdən beynəlxalq səviyyəli nəticələr tələb olunduğu halda, rəhbər vəzifədə olan şəxslərin öz elmi göstəriciləri eyni sərtliklə sorğulanmır:
“500 manat alan elmi işçidən nəticə tələb edirlər. Bəs rəhbərlik özü hansı akademik fəaliyyəti ortaya qoyub? Əməkdaşdan tələb edirsənsə, özün də göstər görək, dünya miqyasında nə yazmısan, hansı elmi nəticəni ortaya qoymusan?”
Alimlərin fikrincə, problem təkcə maaş və ya elmi məqalələrin sayında deyil. Onlar uzun illər aparılan kadr siyasətinin elmi potensialı zəiflətdiyini və elmi fəaliyyətdən çox şəxsi əlaqələrin önə çıxdığını iddia edirlər:
“İllərlə hamını qaçıra-qaçıra, qohum-tanışı Rəyasət Heyətinə yığa-yığa bu vəziyyətə gətiriblər. Elmi işçi qalıb qıraqda, texniki işçi elmi işçilərə rəhbərlik edir.”
Narazı alimlər deyirlər ki, əsas məsələ Naxçıvan Bölməsinin bağlanıb-bağlanmayacağı deyil.:
“İnsanlar görsünlər elm niyə bu gündədir. Əməkdaşlardan nəticə tələb etmək asandır. Əvvəl bu sistemi idarə edənlər öz fəaliyyətlərini ortaya qoysunlar. AMEA bu vəziyyətə necə gəlib və buna kim cavabdehdir?”












Bu xəbər üçün şərh yazın