“Ana Kür” MTK barəsində Mehriban Əliyevaya müraciət olundu- Əmlakım zəbt olunub
Kəmalə Abdullayeva: “Sizin bütün sahələrdə fəaliyyətiniz Azərbaycan qadınına cəsarət, ruh verir, ən çətin işlərin öhdəsindən gəlməyə şövq edir”
Bakı şəhər sakini Abdullayeva Kəmalə Balaş qızı tərəfindən Hürriyyət.az-ın redaksiyasına şikayət məktubu daxil olub.Faktinfo.az Hürriyyət.az-a istinadən Birinci vitse-prezident Mehriban Əliyevayaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edir:
“Hörmətli Mehriban xanım!
“Ana Kür” MTK-nın təsisçiləri və himayədarları tərəfindən əmlakımızın zəbt edilməsi, uçurulub yerində bina tikilməsi, zorla əlimizdən alınması barədə KİV-də çoxlu sayda müraciətimiz dərc edilmiş və ətraflı yayımlanmışdır. Bundan başqa, bir çox dövlət qurumlarına, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinə, Baş prokurora çoxlu sayda şikayətlər etmişəm. Paralel olaraq, mütəmadi döymədiyim, dərdimi demədiyim məmur qapısı qalmamışdır. Bu günə kimi həqiqəti araşdırıb ortaya qoymaq, ədaləti bərqərar etmək əvəzinə, məmurlar MTK-nın təsisçilərinin və himayədarlarının qanunsuz hərəkətlərinə ancaq göz yummuşlar və məsələnin “həlli yolunu” susmaqda görmüşlər. MTK-nın tərəfini saxlayan məmurlar mənə “get sabah gəl, gələn həftə gəl, məsələ həll olunmaq üzrədir, sədrin qabağındadır, müdirin qabağındadır” deməkdən yorulmadılar.
Nəhayət, Prezidentin Administrasiyasının rəhbəri, Dövlət Korrupsiya Komissiyasının sədri Samir Nuriyevin ünvanına üz tutdum, şikayətimi bildirdim. Bundan sonra şikayətim nəzarətə götürülmüşdür və məmurlar tərəfindən araşdırmaya başlanılmışdır.
Hörmətli Mehriban xanım!
Sizlərə müraciət etmək barədə dəfələrlə düşünmüşəm. “Götür-qoylarım” məni fikrimdən yayındırmışdır. Çünki düşünmüşəm ki, dövlətimizin, millətimizin mənim dərdimdən də böyük problemləri vardır, Mehriban xanım Əliyeva bu kimi qlobal məsələlərin həlli ilə məşğuldur. Belə olduğunu bildiyim halda, Sizləri narahat etmək istəməmişəm.
Bütün bunlara baxmayaraq, bu məsələnin həllinin tapılmasını israrla təkid və təklif edən Mehriban xanım Əliyevanı sevənlər, Məni Heydər Əliyev Fonduna müraciət etməyə və elə oradaca Mehriban xanımın qəbuluna yazılmağa məcbur etdilər.
Həqiqətən də - xalqın, millətin gözü tərəzidir - deyirlər. İlk dəfə Heydər Əliyev Fondunda olmuşam. Fondun sözçüsü tərəfindən məsələnin araşdırılacağı bildirilmişdir. İkinci dəfə Fondda olduqda sözçü tərəfindən məsələnin nəzarətə götürüldüyü və tezliklə müsbət həllini tapacağı bildirilmişdir. Sonuncu dəfə üç aydır ki, məsələnin həllini araşdıran, eyni zamanda əmlakımızın zəbt edilməsinə rəvac vermiş, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsində oldum. İnanın mənə, baş verən mənzərəni təsvir edə bilmirəm. Bir onu deyə bilərəm ki, Fondun adını eşidən məmurların həqiqi mənada hərəkətə keçdiklərinin şahidi oldum. Məsələnin tez bir zamanda həll ediləcəyini bildirdilər.
Mən Mehriban Əliyevanı sevənlərə səslənirəm, həqiqətən seçiminizdə yanılmamısınız. Elin gözü tərəzidir - məsəli burada öz təsdiqini tapmaqdadır.
Mən bir daha Mehriban xanıma minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının BİRİNCİ XANIMI statusu Sizə halal olsun. Sizin bütün sahələrdə fəaliyyətiniz Azərbaycan qadınına cəsarət, ruh verir, ən çətin işlərin öhdəsindən gəlməyə şövq edir.
Hörmətli Mehriban xanım!
Sizdən əmlakımızın “Ana Kür” MTK-dan tezliklə alınıb, özümüzə qaytarılmasına köməklik etməyinizi bir daha xahiş edirəm. Sizə, məni Sizin ünvanınıza istiqamətləndirən Mehriban Əliyevanı sevənlərin adından, öz adımdan və ailəmizin adından bir daha minnətdarlığımızı bildirirəm. Siz bizlərlə olduğunuz üçün qoy Tanrı da Sizinlə olsun”.
Hazırladı: KƏNAN
Bu xəbər üçün şərh yazın