“Anar müəllim öz yaltaqlığını nümayiş etdirməklə...”

“Anar müəllim öz yaltaqlığını nümayiş etdirməklə...” – Seymur Baycan

“Yeni Sabah” Seymur Baycanın azlogos.eu saytında dərc olunmuş, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev haqda sərt ittihamlarla dolu olan “Bir qapıya vurulan qollar” adlı yazısını təqdim edir:

İndi xalqımızın beş-on nümayəndəsini belə bir sual düşündürür; görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmağa nə məcbur edir? Söhbəti çox uzatmadan bəri başdan deyək ki, bu olduqca sadəlövh bir sualdır. Əgər, həqiqətən də, bu sadəlövh sual ətrafinda düşünən, bu suala cavab tapmaq istəyən adamlar varsa, onlar təcili surətdə öz düşüncələrində, baxışlarında kəskin dəyişiklik etməli, xüsusən, Azərbaycanda baş verən ictimai-siyasi motivli hadisələrə, ümumiyyətlə, həyata, dünyaya, kainata  tamam “başqa cür” baxmalıdırlar. Əks halda Azərbaycanda və azərbaycanlıların arasında yaşamaq onlar üçün çətin, hətta deyərdim ki, mümkünsüz olacaq. 

Bəlkə də, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan azərbaycanlıların arasında “görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmağa nə məcbur edir?” sualı ətrafında düşünən, bu sadəlövh suala cavab axtaran heç bircə adam da yoxdur. Ola bilsin bəndəniz reallıq hissini tamam itiribdir, mənsub olduğu xalq haqqında əbəs yerə, heç bir əsas olmadan çox yüksək fikirdədir. O mənada ki, bəndəniz indi xalqımızın beş-on nümayəndəsinin “görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmağa nə məcbur edir?” sualı ətrafında dərin düşüncələrə qərq olaraq bu sadəlövh suala cavab axtarmasını axmaqcasına güman etməkdədir. 

Bütün hallarda təklif edirəm, gəlin xalqımız haqqında bu qədər bədbin fikirdə olmayaq, fantaziyamızı əziyyətə salaq, elə təsəvvür edək ki, hal-hazırda həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan azərbaycanlılar arasında on-on beş bədbəxt, biçarə adam “görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmağa nə məcbur edir?” sualı ətrafında dərin düşüncələrə qərq olaraq bu sadəlövh suala cavab axtarmaqdadırlar. Hərçənd, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda yaşayan azərbaycanlılar arasında on-on beş adamın “görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı formada yaltaqlanmağa nə məcbur edir?” sualı ətrafında dərin düşüncələrə qərq olaraq bu sadəlövh suala cavab axtarmasını təsəvvür etmək o qədər də asan deyil. Bunun üçün çox güclü fantaziyaya malik olmalısan. Beləliklə, gəlin, özümüzü qısa müddətə təmiz, saf uşaq kimi aparaq, uşaqlıq edək və yuxarıda bilərəkdən, qəsdən dəfələrlə təkrarlanan sadəlövh sualımıza cavablar axtaraq.

Sovet zamanında adını yaza bilməyən çobandan, sağıcıdan necə ictimai-siyasi xadim düzəldirdilərsə, eləcə də Rəsul Rza kimi ədəbiyyata dəxli olmayan adamlardan da geydirmə şair-yazıçı düzəldib adamlara soxuşdururdular. Sağlam rəqabət mühitinin olmadığı sovetlərdə Rəsul Rza kimi dayaz, istedadsız, boz adamlar dövlətdən müxtəlif ordenlər, medallar, mükafatlar alıblar, müxtəlif vəzifələrdə oturublar, cızmaqaraları yüksək tirajlarla nəşr olunub, cızmaqaraları dərsliklərə, imtahan suallarına salınıb, mənasız, həm də yaltaqlıqla zəngin kitabları kitabxanalara paylanılıb və nəticədə şair-yazıçı kimi tanınıblar. Halbuki, sağlam rəqabət mühitinin olduğu yerdə Rəsul Rza kimi dayaz, istedadsız, ədəbiyyata dəxli olmayan bir adam  hansısa bir ucqar rayonda fəaliyyət göstərən qəzetdə ən uzağı, təkrar edirəm, ən uzağı müxbir işləyə bilərdi. Leninə, Stalinə, partiyaya poemalar, şeirlər yazmış yaltaq, danosbaz, dəhşətli dərəcədə istedadsız, dayaz, boz, həm də olduqca pis, etiaci, xəsis  bir adam olan Rəsul Rza aldığı mükafatların, vəzifələrinin sayəsində özü kimi dayaz, boz, istedadsız oğlundan yazıçı düzəltməyə müəssər oldu. Kölə təfəkkürlü insanlar üçün yuxarıda yazılanları, xüsusən, Anar Rzayevin dayaz, istedadsız olduğunu həzm etmək çətindir. 

On beş ildən artıqdır bu söhbətlərin içindəyəm. Dəqiq bilirəm ki, bu yazını oxuyan adamlardan mütləq bu cür düşünəni olacaq: “hə, yaltaq olmasını qəbul edirik, amma yazıçılığına, istedadına söz demək olmaz...” Bu  janrda öz köhnə , sevimli, səydəş mahnılarını oxuyacaqlar. Yox burda söhbət təkcə bu cür düşünən adamların bədii təfəkkürünün bərbad olmasından getmir, bədii təfəkkürün, zövqsüzlüyün bu cür düşünməkdə öz rolu var, bunu inkar etmək olmaz, bu şəksizdir, amma məsələnin əsl mahiyyəti köləlikdədir. Köləlik biz düşündüyümüzdən də geniş mənalı, iri miqyaslı bir sözdür. İnzibati resurslar hesabına, sağlam rəqabət mühitinin olmadığı bir yerdə yazıçı kimi tanıdılan, yazıçı kimi “yetişdirilən” adamın istedadına inanmağın, yaxud başqa cür desək, sağlam rəqabət mühitinin olmadığı yerdə yazıçı kimi “yetişdirilən” adamın istedadsız olmasına inanmamağın özü də köləliyin ağır bir növüdür. Ən qəribəsi odur ki, bu cür kölələr müxalif düşərgədə, özünü müxalif hesab edənlərin arasında daha çox olublar. 

Məsələn, yumor hissi Qarın Qutaboviç səviyyəsində olan Anar Rzayevi tənqid etdiyimə görə müxtəlif vaxtlarda haqqımda ən sərt yazıları müxalif düşərgəsinə aid adamlar yazıblar. “Sən get Anarın bir hekayəsini yaz sonra onun haqqında danışarsan” sözünü nə qədər eşitdiyimin sayı-hesabı yoxdur. Halbuki, Rəsul Rzanın, Anar Rzayevin, Günel Anarqızının, Tural Anaroğlunun,  Elçin Əfəndiyevin yazdıqlarını bir yerə toplasan, onların hamısının yazdıqları təkcə mənim “Tikdirənlər və sökdürənlər ” hekayəmin yanında çox solğun görünər. Anar Rzayev bir neçə il əvvəl bəndəniz haqqında səviyyəsiz bir həcv yazmışdı. 

Yumor hissi Qarın Qutaboviç səviyyəsində olan bir adamın yazacağı həcvin səviyyəsini özünüz təsəvvür edin. Nə qədər adam bu həcvə görə yasa batmışdı. Ona görə yox ki, Anar müəllim haqqımda həcv yazmışdı. Yox. Bu qədər təmiz düşünməyin. Ona görə ki, həcv çox səviyyəsiz yazılmışdı. Həcv o qədər səviyyəsiz yazılmışdı ki, hətta bir neçə adam heç cür hislərini gizlədə bilmədi. Bu barədə yazılar yazdılar. Açıq-aşkar yazdılar ki, Anar müəllim bizi kədərləndirdin, sən bu zəif həcvinlə bizi pərt elədin. Bu ötən illərdə hansı  sifətləri görmədim, hansı sözləri eşitmədim. Dəhşət, sadəcə dəhşət. Bu haqda ayrıca yekə bir yazı yazmaq olar, amma yazmaqın heç mənası yoxdu .Əvvəllər elə bilirdim adamlara bəzi məsələləri başa salmaq lazımdı. Sonralar dərk etdim ki, adamlara əziyyət çəkib heç nə başa salmaqa dəyməz hamı hər şeyi çox yaxşı bilir.  Bütün bunlar və bu kimi söhbətlər məsələnin bir tərəfidir. İndi isə keçək “görəsən, yaşı həşdadı keçmiş Anar Rzayevi bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmağa məcbur edən nədir?” sualına cavab axtarmağın digər tərəfinə. 

Məsələ ondadır ki, saray, saraya yaxınlıq, hakimiyyət, pul, vəzifə azərbaycanlılar üçün müqəddəsdir, sakraldır. Siz fikir vermisiniz azərbaycanlılar vəzifəsini və pulunu itirdikdən qısa müddət sonra ölümcül xəstəliyə tutulurlar. Nəyə görə? Ona görə ki onlar təkcə pul və vəzifəni itirmirlər. Vəzifəni və pulu itirməklə onlar həyatda hər şeyi itirirlər. Pulunu və vəzifəsini itirmiş azərbaycanlı üçün həyatın heç bir mənası qalmır. Vəzifəsini və pulunu itirmiş azərbaycanlını hətta yaxın ailə üzvləri belə artıq adam yerinə qoymur. Anar müəllim dəqiq bilir ki, pulu və vəzifəsi olmayan adamlar azərbaycanlılar üçün heç kimdir. Anar müəllim dəqiq bilir ki, divin canı şüşədə olan kimi onun da canı kreslodadır, vəzifədədir. O kreslo, o vəzifə olmasa, Azərbaycan jurnalında, Ədəbiyyat qəzetində Rəsul Rzanı yada salan olmayacaq, təqaüd, ev, hansısa mükafat almaq istəyən yaltaqlar Rəsul Rza haqqında mədhiyyələr yazmayacaqlar. Siz əgər Yazıçılar Birliyinin Azərbaycan jurnalını vərəqləsəniz, görəcəksiniz ki, orda yazı yazan, ora müsahibə verən adam hərlədib-fırladıb hansısa bir formada Rəsul Rzanın adını çəkir, Rəsul Rzaya təriflər deyir. Bu qaydadır. Niyə? Çünki Yazıçılar Birliyi Anar müəllimin şəxsi obyektidir. Oranı ürəyi istədiyi kimi idarə edir. İndi camaatımız artistlik edərək guya özlərini Anar müəllimə əsəbiləşmiş kimi göstərirlər. Əslində isə Anar müəllim öz yaltaqlığını, saraya yaxınlığını nümayiş etdirməklə azərbaycanlıların daha da sevimlisinə çevrildi. 

Azərbaycanda yaltaqlıq yaşamağın, mövcudiyyətin ən işlək, ən təsirli vasitəsinə çevrilib. Yaltaqlıq Azərbaycanda artıq normadır. Əgər belə olmasaydı, əgər Azərbaycanda yaltaqlığa qarşı çox yox, bir balaca həqiqi, real ictimai qınaq, ictimai müqavimət olsaydı, yaşı səksəni keçmiş bir adam bu dərəcədə biabırçı, bu dərəcədə rüsvayçı bir formada yaltaqlanmaqdan ehtiyat edərdi, az da olsa cəmiyyətdən çəkinərdi. Bəzi vətəndaşlarımız guya Anar müəllimin yaltaqlığına təəssüflənirlər. Guya Anar müəllim əvvəllər başqa cür imiş, sonra pozulub. Əslində isə Anar müəllim əvvəllər daha idbar formalarda yaltaqlıqla məşğul olubdur və özünə bir qram hörmət edən xalq, özünə bir qram hörmət edən cəmiyyət bu adamın, həm də onun atasının üstündən çoxdan birdəfəlik çalın-çarpaz bir xətt çəkməli idi. Eləcə də müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarovanın. 

Total riyakarlığın hökm sürdüyü bir ölkədə yaşamaqdayıq. Burda atanın (Rəsul Rza) donos yazdığı Hüseyn Cavid haqqında çəkilən filmin senarisini oğul (Anar Rzayev) yazır. Tarixçi-professor, müxalifətin lideri Cəmil Həsənli Stalinin yaratdığı, tarixi başdan-başa ləkəli, yerləşdiyi binanın divarlarına həm repressiya olunanların, həm də repressiya olunanlardan donos yazanların portretləri vurulmuş Yazıçılar Birliyinin üzvü olmaqla bərabər 25 il Yazıçılar Birliyini atasının mülkü kimi idarə edən Anar Rzayevi dostum adlandırır. 

Azərbaycanda yaltaqlıq etməklə, sözünü deyib həbsdə yatmağın, cəlladla qurbanın heç bir fərqi yoxdur. Əksinə cəlladlar qurbanlardan, yaltaqlar həbsdə yatanlardan daha hörmətlidirlər. Onu da bilirəm ki, bu mövzuda nə qədər yazı yazırsansa yaz heç xeyri yoxdur. Belə mövzularda yazılar yazmaq təkqapı futbol oynamağa bənzəyir. Təkqapı futbolda necə olur? İki komanda oynayır, amma top bir qapıya vurulur. Azərbaycanda da bu cür mövzularda nə qədər söhbətlər etsən də, nə qədər yazılar yazsan da, hansı arqumentləri gətirsən də, yenə də top bir qapıya vurulacaq. 

İndi bəzi nadanlar deyirlər ki, Alim Qasımov guya Anardan fərqli olaraq özünə hörmət edib, heç olmasa susub, danışmayıb. Bəsdirin, ayıbdır, özünüzə hörmət edin. Youtube-da video var, axtarın, tapın, baxın, görün Alim Qasımov Rastropoviçin qabağında necə təlxəklik edir. İndi isə bu cür mövzularda söhbətlər etməyin, yazılar yazmağın heç bir mənasının olmadığını, bu cür mövzularda söhbətlər etməyin, yazılar yazmağın təkqapı futbol oynamağa necə oxşadığını göstərmək naminə kiçik bir əhvalat yazmalıyam.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər