Aqil Abbasdan benzinin bahalaşmasına istehzalı münasibət:“15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”
“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.
Faktinfo.az xəbər verir ki,bunu Femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırdı: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə muqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Bu xəbər üçün şərh yazın