ATU-nun prorektoru YAP-ın təşviqat pullarını mənimsəməkdə ittiham olunur- ATU-ya təşviqat-təbliğat kampaniyası üçün 400 min manat...
Uzun illərdir Tibb Universitetində YAP Gənclər Birliyi demək olar ki, fəaliyyət göstərmir, ayrılan təşviqat pulları isə prorektor Sabir Əliyev tərəfindən mənimsənir.
Redaksiyamıza daxil olan məlumata görə Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev uzun illərdir ki, YAP-ın təşviqata ayırdığı pulları mənimsəməklə məşğuldur. Faktinfo.az xəbər verir ki, Azərbaycan Tibb Universitetindən MilliYol.az-a ünvanlanan müraciətdə qeyd olunur ki, siyasi təbliğat işlərində səriştəsi olmayan bir neçə gəncə təşviqat işlərini yükləyən S.Əliyev vaxtaşırı hesabat-seçki konfranslarında çıxış etməklə kifayətlənir. Nə seçki kampaniyalarında, nə də ki, rəsmi günlərdə gözə görünməyən ATU YAP Gənclər Birliyi isə illərdir Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarların ətrafındakı bir neçə gənci YAP-a üzv etməklə kifayətlənir. Sabir Əliyev adətən təşviqat işlərini də TGT-dən seçdiyi gənclərə həvalə edir.
Qeyd edək ki, bu məlumat başqa bir mənbə tərəfindən də saytımıza təsdiqlənmişdir. Keçmiş məzunlardan (TGT üzvlərindən) birinin verdiyi məlumata görə isə Sabir Əliyev bu işi TGT üzvlərinə yükləyərək hər il külli miqdarda məbləği mənimsəyir. Mənbə bildirib ki, seçki dönəmlərində bir qayda olaraq ATU-ya təşviqat-təbliğat kampaniyası üçün 400 min manat vəsait ayrılır. Seçkidən kənar illərdə isə bu məbləğin 40-50%-i propektorun cibinə axır. Mənbə qeyd edib ki, YAP-ın təbliğat-təşviqat işlərinə ayrılan pulları Sabir Əliyev Milli Məclisin xanım deputatlarından biri ilə paylaşır.
Tibb Universitetin rəsmi saytından ötən tədris ili ərzində YAP Gənclər Birliyinin keçirdiyi tədbirlərlə tanış olmağa çalışsaq da, seçki-hesabat tədbirindən başqa hər hansı bir tədbir gözə dəymədi. Universitetdə bu mövzu ilə bağlı müraciət etdiyimiz tələbələr arasında Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaq istəyənlər oldu. Amma onlar hara müraciət edəcəklərini belə bilmirlər. Çünki tələbələr Tibb Universitetində belə bir qurumun olduğundan xəbərdar belə deyil.
Əhliman Əmiraslanovdan sonra müvəqqəti olaraq rektor vəzifəsini icra edən Sabir Əliyev Gəray Gəraybəylinin təyinatından sonra da vəzifədə qalmış və 18 ildir prorektorluq vəzifəsini icra edərək qocaman məmurlar sırasına qoşulmuşdur.
Qeyd edək ki, Sabir Əliyev Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyevin əmisioğludur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu xəbər üçün şərh yazın