Avtomobil almağa 2,5 milyon xərcləndi - Reklam Agentliyi də "NAZ-Lifan"ı kənarda saxladı
Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.
“Finans.az”ın məlumatına görə, bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.
Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.
Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.
Qeyd edək ki, Dövlət Reklam Agentliyi 2017-ci ilin iyun ayında yaradılıb. Agentliyinin direktoru Aydın İbadov təyin edilib. Yaranmasından il yarım keçməmiş Agentliyin xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi maraq doğurur.
Dövlət Reklam Agentliyinin də xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi göstərir ki, hətta xırda məmurlar belə yerli avtomobillərdən istifadə etmək istəmir. Sahibkarlardan yığılan pulları özlərinə bahalı maşınlar almağa yönəldirlər.
Faktinfo.az xatırladır ki, 2016-cı ilin yanvar ayında keçirilən müşavirədə, Prezident İlham Əliyev dəfələrlə Nazirlər Kabinetinin iclasında məmurlarmıza Naxçıvan Muxtar Respubilkasında istehsal olunan "NAZ-Lifan" avtomobillərindən istifadəni tövsiyə edib.Bunda məqsəd ölkədən çıxarılan valyuta axınının qarşısını almaq,yerli istehsalı dəstəkləməkdir. Göründüyü kimi,ölkə rəhbərinin məlum tövsiyəsi bəzi səlahiyyətli şəxslərin,o cümlədən Reklam Agentliyi rəhbərliyinin də yadından çıxıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın