Ayna Sultanova parkında hansı oliqarxın obyekti tikilir? – Yaşıllıq məhv edilir
Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkında yaşıllığın məhv edildiyi və yerinə naməlum obyektin tikildiyi bildirilir.
Minval.info xatırladır ki, sözügedən istirahət məkanı 2014-cü ilin dekabr ayından hasara alınıb.
Binəqədi rayon İcra Hakimiyyətindən həmin zaman verilən açıqlamada belə deyilirdi: “Park istifadəyə verildiyi müddətdən indiyə kimi heç bir təmir işləri aparılmayıb və indi park ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir”.
Lakin uzun müddət adı çəkilən ərazidə təmir işləri aparılmadı. İndi isə Ayna Sultanova parkında hasarların arxasında naməlum bina ucalıb.
Məsələylə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, məlumat almaq üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinın “qaynar xətt”i ilə əlaqə yaradıb:
“Uzun məsləhətləşmədən sonra bir nəfər telefona yaxınlaşıb dedi ki, bu onlarlıq deyil, Bakı şəhər İcra hakimiyyəti edir və orada hələ çox tikintilər olacaq. Mən istədim soruşum ki, bəs Komitə ilə razılşama filan yoxdurmu? Çox kobud cavab verərək telefonu asdı. Biz də səhərdən axşama qədər dövlət qulluqçularının etik davranışından filandan danışırıq”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə Minval.info-ya bildirildi ki, Ayna Sultanova parkında gedən işlər Binəqədi RİH tərəfindən görülür: “Layihə sənədləri də oradadır. Ona görə xahiş edirik, onlarla əlaqə saxlayın”.
Binəqədi Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
İddiaya görə, burada tikilən bina adı çəkilən royunun icra başçısı Elxan Allahverdiyevə yaxın oliqarxa məxsusdur.
Bu xəbər üçün şərh yazın