“Azadlığa çıxsam, bunları həll edəcəyimə söz verirəm” –15 milyonluq kreditlə bağlı məhkəmə işi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Beynəlxalq Bank”ın İdarə Heyətinin keçmiş sədr müavini vəzifəsində çalışmış Emil Mustafayev ifadə verib.
O bildirib ki, R.Allahverdiyevin “Beynəlxalq Bank”ın Moskva filialından götürdüyü kreditin müqabilində banka zəmanət kimi göstərdiyi obyektlərin sənədləri saxtalaşdırılıb: “Buna görə də obyektlərin satılaraq borca yönləndirilməsi mümkün deyil. Həmin obyektlərin başqa sahibləri olduğu üçün onlar da Moskvada məhkəməyə müraciət ediblər”.
Daha sonra R.Allahverdiyev qeyd edilən məsələləri 3 ay ərzində həll edib, banka olan borcunu tam olaraq bağlaya biləcəyini söyləyib.
Təqsirləndirilən şəxs deyib ki, azadlığa çıxsa, bu məsələləri həll edəcək: “Hazırda həbsdəyəm, burada heç nə edə bilmirəm. Azadlığa çıxsam, bunları həll edəcəyimə söz verirəm”.
Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.
İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında “Roma S Kompaniya A” şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb.
Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub qanunsuz sənəd hazırlayaraq “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.
Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi “Roma S Kompaniya A” şirkətinin hesabına köçürülüb.
Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən “Samur” Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.Report.az
Bu xəbər üçün şərh yazın