"Azadlığa ürəklə imza atdı əllərin" -Azər Rəsul (Kərimov) yaradıcılığına baxış
Hər insanın yaşadığı ömür onun öz taleyinin və fəaliyyətinin çalarlarıdır. Bu, ümumilikdə bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum olaraq bütün bəşərdir, onun yaşadığı həyat hamı üçün eyni və ya oxşardır. Və biz çox vaxt bir insanın həyat və fəaliyyətindəki mənəvi dəyərləri, davranış qaydalarını, maddi-mənəvi resursları o insanın yaşadığı mühit və mədəniyyət kimi başa düşürük. Bu işin formalaşmasında böyük rol oynayan əsas, aparıcı amil də məhz insanlıqdır. Bu mənada, elm və texnika üzrə laureat, professor, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri Azər Rəsul (Kərimov)un ictimai-estetik zövgü, bir sözlə milli siması, mənliyi fərqlidir və bu, onun apardığı işin bir hissəsidir.
Azər Rəsul kimi yaradıcı insanların xeyirxahlıqları özünü xüsusilə parlaq şəkildə büruzə verir. Bu imkanları biz onun "Azadlığa ürəklə imza atdı əllərin" adlı əsərində də aydın görürük.
Ömür imtahanından alnıaçıq, üzüağ çıxmaq hər adama nəsib olmur. Bu, əslində, böyük xoşbəxtlikdir. O insan ki, Tanrı sevgisində təcəlla edir, aləmdə yüksəlişə nail olur. Heç bir şübhə yoxdur ki, adidən mürəkkəbə yol yoran istedadlı dəyanətli, mətin, xeyirxah və sadə, qayğıkeş və mehriban insan Azər Rəsul da zəruri xoşbəxtlik məğzlərinə aludəçilikdən çox, Allah yanında üzüağ olmağa daha çox üstünlük verir. Bu fikri onun yaradıcılığı da isbatlayır. Ümumiyyətlə, onun həyata baxışında, həmçinin qələm nümunələrində əzabın dadına baxmaq şərəfi, dərdi otuz illik həsrətdən sonra doğulan çağa kimi qucaqlayıb oxşamaq marağı var. Bəs Azər Rəsulu bu zərurətə sövq edən nədir? Aşağıdakı əsər boyu biz bu suala cavab tapmağa çalışacağıq.
Əsər əslində, oxucuda vətənpərvərlik ruhu aşılayır, milli ruhun dirçəliş missiyası kimi diqqət çəkir.
Əsərdən nümunələrə nəzər salaq:
Səninkitək saf deyil hər yetənin əməli,
Sənin kürəyindədi Yaradanın bir əli.
Ancaq sizə söykənib bu dövlətin təməli,
Bu xalq səni əbədi axtarar, gəzər, baba,
Bütöv Türk dünyasının babası - Heydər baba!
Bu misralar istər-istəməz heyrət doğurur, bir daha əmin oluruq ki, tariximizin ən çətin və keşməkeşli dönəmində ölkənin ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə olan ciddi təhdidlərə sinə gərilərək sovuşdurulması, respublikanı uçuruma sürükləyən daxili çəkişmələrin dəf edilməsi, beynəlxalq arenada xalqımıza və dövlətimizə qarşı yaranmış informasiya blokadasının yarılması fövqəladə aktuallıq kəsb edirdisə, fundamental transformasiya prosesləri şəraitində müasir hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, sosial-iqtisadi münasibətlər sisteminin liberal bazar prinsipləri əsasında tamamilə yeni məcrada təşkili kimi mürəkkəb vəzifələr də həyati zərurətə çevrilmişdi. Məhz belə bir ekstremal şəraitdə xalqın tələbi ilə hakimiyyətə gələn böyük düha sahibi Heydər Əliyevin siyasi müdrikliyi, zəngin idarəçilik təcrübəsi, xilaskarlıq və quruculuq missiyası bu taleyüklü vəzifələrin sürətli həlli üçün qətiyyətli addımların atılmasına, çoxvektorlu fəaliyyət planının gerçəkləşdirilməsinə imkan verdi.
Yüz ildi bu dünyaya gəlib-gedənlər bilir,
Silsilə aşırımlar, uca bələnlər bilir,
Çox da uzaqda deyil, bunu bilənlər bilir,
Sizə ola bilmədi kainat çəpər, baba,
Bütöv Türk dünyasının babası - Heydər baba!
Azər Rəsulun bu misralarında çətin dövrün yaratdığı, lakin Heydər Əliyevin uğurlu siyasəti ilə asanlaşan ictimai səciyyələr aşkar şəkildə ehtiva edir. Müəllif «Sizə ola bilmədi kainat çəpər, baba, Bütöv Türk dünyasının babası - Heydər baba!» deməklə bütün dünyaya car çəkir, Heydər Əliyevin Azərbaycan xalqı üçün ömrünü bir məşələ çevirdiyini dilə gətirir, ulu öndərin vətəndaşların rifahı üçün iqtisadi tərəqqiyə böyük önəm verməsini və bununla, dövlətimizi daha qüdrətli bir dövlətə çevirməsini alqışlayır.
Məhz 44 günlük Vətən müharibəsindəki Zəfər ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırışın ümumxalq mənafeləridir və soydaşlarımızın azərbaycançılıq ideyası kimi xarakterizə edir.
Qurduğun bu dövlətin kökü dərindən-dərin,
Azadlığa ürəklə imza atdı əllərin.
Min illər, milyon illər sənin saf əməllərin
Nəki bizim ölkəni, dünyanı bəzər, baba,
Bütöv Türk dünyasının babası - Heydər baba!
Bəllidir ki, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqları və öz rifahını yaxşılaşdırmaq imkanları verib. Bu günkü iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr kimi həmin missiyanın aparıcı faktorudur.
Atdığın körpülərin alqışladıq tağını,
Mənən qoruya bildin üçrəngli bayrağını,
Şərqdən, Qərbdən, Şimaldan eşitdik sorağını,
Ömrünü sən illərə vermədin hədər, baba,
Bütöv Türk dünyasının babası - Heydər baba!
Azər Rəsulun bu iç tərpədən misralarından anlaşılır ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi heç də asanlıqla başa gəlməyib. O vaxt Heydər Əliyevin qarşısında təkcə tarixin bərpa olunması deyil, həm də onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə də dururdu. Nə xoş ki, Heydər Əliyev bu vəzifələrin öhdəsindən layiqincə gələ bildi və müasir tariximizin dərin yaddaşa çevrilməsi üçün özül qoydu. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü kimi diqqət çəkir.
Azər Rəsul suçlamır nə xəlbiri, ələyi,
Hər gün iş başındadı bu dünyanın kələyi.
Sizlərin sayəsində azadlığın küləyi
Əbədi üstümüzə şığıyar, əsər, baba,
Bütöv Türk dünyasının babası - Heydər baba!
Müəllif qəti şəkildə bəyan edir ki, Azərbaycanın hələ 40-50 il əvvəl öz maraqlarına uyğun işlənib-hazırlanmış müstəqil siyasi kursu vardı. Heydər Əliyev bu siyasi uğuru daha dərin köklərə bağladı və xalqımıza xoşbəxt günlər yaşatdı. O dövrdə yaşayanlar da, elə indiki nəsil də yaxşı bilir ki, dövlət quruculuğu, dövlətin möhkəmləndirilməsi Heydər Əliyev üçün çox mühüm iş idi.
...Bizim haqq işimizdən Şərq də, qərb də halıydı,
Vətən müharibəsi yüz illərin qalıydı,
Özgə cür gözləmirdik, belə də olmalıydı,
Bu canlı cansızları yaxşı saldın təlaşa,
Ali baş Komandanım, yaşa səni, min yaşa!
Müəllif “...Bizim haqq işimizdən Şərq də, qərb də halıydı, Vətən müharibəsi yüz illərin qalıydı, Özgə cür gözləmirdik, belə də olmalıydı...” deməklə bir daha təsdiq etmək istəyir ki, dövlətçilik prinsiplərimiz olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. İndi ölkəmiz bütün dünyaya öz parlaq örnəyini göstərir. Bu, həm də müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçısının xalqımıza verdiyi yüksək dəyərin göstəricisidir.
«...Bu canlı cansızları yaxşı saldın təlaşa, Ali baş Komandanım, yaşa səni, min yaşa» fikri ilə müəllif eyni zamanda, hər kəsi əmin edir ki, cənab İlham Əliyevin uğurlu siyasəti xalqımızı daha xoşbəxt sabahlara aparır.
Qəbirdən beşiyətək sevindirdin hamını,
Səngiməyə qoymadın Pənah xanın şamını,
Sən özünə qaytardın bu xalqın inamını,
Bax, indi çox doğmadı mənən qardaş-qardaşa,
Ali baş Komandanım, yaşa səni, min yaşa!
Bu misralardan da bəlli olur ki, hazırda aparılan düzgün siyasət özünün dövlət dəyərlərini Azərbaycanda və dünyada cəmləşdirib. Artıq ölkəmizdə bütün dünyaya örnək olacaq multikultural mühit, tolerantlıq mövcuddur. Dövlət başçımız İlham Əliyev cənablarının apardığı xarici siyasətin təməlində dünyada sülh və əmin-amanlığın yaradılması dayanır. Elə uzun illər xalqımızı sarsıdan erməni xəyanətinə də məhz bu faktor yerini göstərdi, 44 günlük Vətən müharibəsi xalqımızın Zəfəri ilə başa çatdı. Azər Rəsul bu qalibiyyətə görə Ali Baş Komandana, müzəffər ordumuza təşəkkür edir, əldə olunmuş Qələbəni həm də insanların mənən doğmalaşması üçün bir zəmin hesab edir.
Min şükür, sərhəd boyu yellənir bayrağımız,
Sizə səcdə eyləyir aranımız, dağımız.
Sizlərin sayəsində gərək Qarabağımız
Yenidən çiçəklənə, yenidən dastanlaşa,
Ali baş Komandanım, yaşa səni, min yaşa!
Xoş haldır ki, ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub.
Sadəcə, qeyrətsizi qeyrətinlə sındırdın,
Sən çıxışlarındakı heyrətinlə sındırdın,
Dünyanın göz önündə cürətinlə sındırdın,
Ad çəkmirəm bu yerdə çoxlarını birbaşa,
Ali baş Komandanım, yaşa səni, min yaşa!
Bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə bağlı apardığı islahatların həyatiliyi və faydalılığı, xalqımızın həmrəy olması üçün səfərbər etdiyi iqtisadi imkanlar təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurur.
Azər Rəsul bu uğurlu əsərində ən çox da onu diqqətə çatdırmaq istəyir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət onun nəzəriyyəçidən daha çox praktik olmasına dəlalət edir. Yəni, ölkə başçısı inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur, insanlarla ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır.
Ələyib seçibdilər torpağını daşından,
Qoymayıblar göz açsın, od töküblər başından,
Qəsdən ayrı salıblar qardaşı qardaşından,
Gizlin-aşkar, sabaha belə hesablanmışıq,
Azərbaycan əsgəri, sizə arxalanmışıq!
Azər Rəsulun vətənpərvərlik ruhu aşılayan bu misralarından oxucu yaxşı anlayır ki, zəfər güclü ordu üçün bir səltənətdir; Güclü ordu güclü əsgər anlamındadır.
Müəllifin «Azərbaycan əsgəri, sizə arxalanmışıq!» fikri o zaman Azərbaycanda nizami ordunun olmamasına işarə vurur. Çünki dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşmişdi. Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. İndi Azərbaycanın nizami ordusu, güclü əsgəri var və məhz bu üzdən müəllif də «Azərbaycan əsgəri, sizə arxalanmışıq!» deyir.
Sağa-sola qovmasın sultan bizi, xan bizi,
Rədd olsun zülmət gecə, qarşılasın dan bizi.
Hifz eyləsin, qorusun ulu Yaradan bizi,
Yenicə boy göstərib, yenicə barlanmışıq,
Azərbaycan əsgəri, sizə arxalanmışıq!
Sevindirici haldır ki, Azərbaycan Milli Ordusu artıq tam mənada öz qoşun növləri ilə potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.
Əlbəttə, müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı dövlətimiz hazırda da ordu quruculuğuna ciddi fikir verir.
Bu, bir həqiqətdi ki, söykənmişik gerçəyə,
Söyləyənlər az deyil qaratikan çiçəyə,
Zəngəzura, Təbrizə, Naxçıvana, Göyçəyə
Biz çoxdan bölünmüşük, çoxdan paralanmışıq,
Azərbaycan əsgəri, sizə arxalanmışıq!
Müəllif parçalanmaq faciəsini xalqın ən ağır dərdi hesab edir və bu baxımdan ordu quruculuğunu dövlətin diqqət mərkəzində duran bir nömrəli məsələ kimi qabardır. Çox sevindirici haldır ki, indi ölkəmiz həm də hərbi məhsullar ixrac edir.
Azər Rəsul, dünyaya yeni gələnlər bilir,
Silsilə aşırımlar, neçə bələnlər bilir,
Keçmişimiz bəllidir, bunu bilənlər bilir,
Ərənlərin yanında başdan sıralanmışıq,
Azərbaycan əsgəri, sizə arxalanmışıq!
Azər Rəsul bu fikirlərlə bütün dünyanın diqqətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu da bu prosesdə mühüm yer tutur» tezisinə çəkir və bir daha düşmən tapdağına məruz qalmamaq üçün elitar və hərbi birliyimizi ən ümdə vəzifə hesab edir.
Döşündən asılıb bir bayraq kimi,
Ünvanı, şöhrəti Azərbaycanın.
Danmaq mümkün deyil, göz önündədi,
Dözümü, cürəti Azərbaycanın.
Azər Rəsul azadlıq və müstəqilliyi həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün müqəddəs nemət kim xarakterizə edir. Bu baxımdan yuxarıdakı misralarda sanki demək istəyir ki, biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Fatehlər baş əyib belə bir ada,
Ehtiyac duymuram anda, inada,
Allaha min şükür, qaldı arxada
Qarabağ həsrəti Azərbaycanın!
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması illərdir aparılan və hazırda da uğurla davam etdirilən sağlam siyasətin bəhrəsidir. Hazırkı titanik siyasi fəaliyyət xalqımızın mənəvi birliyinin təminatı üçün tam əsas verir. 44 günlük Vətən müharibəsində biz bunu çox aydın şəkildə gördük. Dünyanın aparıcı ölkələrinin Azərbaycanla hesablaşması yuxarıdakı misraların aşkar ədəbi zərurətidir və müəllifin oxucusuna açmaq istədiyi tezisdir.
Getdiyi bu yoldan dönəsi deyil,
Göydə Günəş sönsə, sönəsi deyil,
Zirvədə yurd salıb, enəsi deyil,
İnamı, haləti Azərbaycanın.
Azərbaycanda dövlət quruculuğu prosesi güclü özül yaradıb. Dövlətimiz və xalqımız bir daha imkan verməyəcək ki, yad əllər torpaqlarımızı qamarlasın, qara niyyətlər yurdumuza faciələr gətirsin.
Çox şükür ki, artıq ölkəmizdə müstəqil dövlət təsisatları yaranıb, dövlət quruculuğu prosesi böyük vüsət alıb.
Əgər deyilibsə, söz yerindədi,
Ocaq yerindədi, köz yerindədi,
Bilməyən qoy bilsin, öz yerindədi
Durumu, səhhəti Azərbaycanın.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə qələbələr əldə etməsi Azərbaycan xalqı tərəfindən böyük sevinc və ruh-yüksəkliyi ilə qarşılandı. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərdi. Belə məqamda - İkinci Vətən müharibəsinin 24-cü günü bu əsərin müəllif olan Azər Rəsuldan da Çexiyada olarkən bir çoxları ölkəmizdəki durumu soruşub. Həmin an o, Ali Baş Komandanımızın, qüdrətli ordumuzun uğurlu strateji işindən və xalqımızın mənəvi dəstəyindən bəhs edib, «Bilməyən qoy bilsin, öz yerindədi, Durumu, səhhəti Azərbaycanın» deyərək öz sevincini belə bölüşüb.
Azər Rəsul əslində, Vətən müharibəsinin 24-cü günü ona - Azərbaycanda son durum necədir? - sualı ilə müraciət edən şəxslərlə - Çexiya Respublikası Texnoloji Universitetinin əməkdaşı, professor RN dr. İvan Meznik, Çexiya Parlamentinin senatoru, professor dr. MBA Karel Rais, Çexiya Respublikası Masarik Universitetindən professor MU dr.Yuri Vanek, dos. SES Frantisek Sapka və professor Ses Yaromir Koleyka ilə sevinc hislərini bölüşəndə Azərbaycan əsgərinin nə qədər rəşadətli, Ali Baş Komandanımızın necə qorxmaz və cəsarətli bir sərkərdə olduğunu deyib və özünü Azərbaycanlı olduğu üçün xoşbəxt sanıb. Bu qürur, əlbəttə, professor heyətində ayrı bir ovqat yaradıb və onlarda Azərbaycana marağı daha da artırıb.
Son olaraq deyək ki, bir neçə bəndini misal çəkdiyimiz əsər Azər Rəsulun yaradıcılığında ümdə yer tutur və buradakı məqsəd bir şəxsiyyət reallığıdır. Buna görə biz bu əsərdə Azər Rəsulun yaddaşa təsir gücünü aydın sezirik. Əsərdəki dil şirinliyi, üslub oynaqlığı, klassik formaya sirayətetmə və s. Azər Rəsulun gerçək mənada sadə insan, hissiyatlı qələm adamı olduğunu və dilimizin zənginliyinə sevgisini təsdiqləyir.
Əsər Vətən məhəbbəti ilə dolu olan hər kəsə bir ismarıcdır. Sanki Azər Rəsulun nə vaxtsa mübtəla olduğu tarixi məqamlar, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizə hayqırtıları indi daha dolğun və rəngarəngdir. Onun hazırkı vətəndaş qayəsi, sözə bəndolma gücü diqqəti xüsusilə çəkən cəhətlərdir.
Əsərdə həmçinin, ictima həyat, dövlətçilik işi, ümummilli lider Heydər Əliyevin siyasi bacarığı, ölkə başçısı İlham Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında bir-birindən maraqlı məqamlar sıralanıb. Bu əsərdə hər misrada eyni ürəyin duyğuları döyünür. Burada hər misra bir həyat materialıdır. Bu prosesi bir əsərə sığışdırmaq isə əsl insan diqqətindən irəli gələ bilər. Bu qaynarlıq Azər Rəsulun Vətən hissində hələ çox əvvəllərdən açıq şəkildə hiss olunur. Buna görə əsər bütövlükdə məhz bu sevgini ifadə edir.
Düşünürük ki, istəkli oxucu bu əsəri maraqla qarşılayacaq, öz yaddaşı, həyatı və taleyi üçün bu əsərdən çox şeylər götürəcək.
Eldar Həsənli,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Bu xəbər üçün şərh yazın