"Azərbaycan Avropa İttifaqı üçün mühüm önəm kəsb edir"

"Azərbaycan Avropa İttifaqı üçün mühüm önəm kəsb edir" -Aqiyə Naxçıvanlı

"Azərbaycan və Latviya qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurmuş, strateji tərəfdaş ölkələrdir.

Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün hər iki ölkənin dövlət başçıları səviyyəsində mühüm addımlar atılır. Bu baxımdan martın 8-də Latviya Respublikasının Prezidenti Egils Levitsin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Latviya Prezidentləri arasında ikitərəfli əməkdaşlığın regional inkişaf, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı, NATO-Azərbaycan əməkdaşlığı və bir çox digər mühüm məsələlər barədə aparılan müzakirələrin nəticələri də belə deməyə əsas verir ki, əsas istiqamətlərdə ölkələrimizin mövqelərində aşkar yaxınlıq vardır. Azərbaycan və Latviya arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Həmçinin Latviya Prezidentinin martın 9-da öz işinə başlamış “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda iştirak etməsi də bu ölkədə mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və şəxsən cənab Prezident İlham Əliyevin rolunun yüksək qiymətləndirildiyindən xəbər verir.”

Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata açıqlamasında “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda iştirak edən Prezident İlham Əliyevin rolunun yüksək qiymətləndirilməsinə münasibət bildirən  Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Daha sonra deputat Latviyanın Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynadığını qeyd edərək bunları deyib: “ Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya Prezidentləri arasında keçirilmiş məhdud tərkibdə görüşün gedişində müzakirə olunan mühüm məsələlərdən biri də Avropa İttifaqı - Azərbaycan əməkdaşlıq əlaqələrinin inkişafına dair olub. Görüşdən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev Latviyanın Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynadığını xüsusi vurğulayıb. Həmçinin dövlətimizin başçısı Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzaladığını qeyd edib. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Əlbəttə ki, bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün son dərəcə yaxşı platformadır. Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində getdikcə daha əhəmiyyətli tərəfdaşa çevrilir. Qeyd olunmalıdır ki, Latviya Prezidenti Egils Levitsin mətbuata bəyanatla etdiyi çıxışında da bu ölkənin məhz Avropa İttifaqının üzv dövləti kimi Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlı olduğu, eləcə də Azərbaycanın hazırda Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynadığı xüsusi vurğulanıb.Qeyd olunub ki, Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Həmçinin bəyanatda bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusu ifadə olunub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılıb.”


Həmçinin Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında Cənubi Qafqazın dinc və çiçəklənən regiona çevrilməsinə dair yer almış çağırışların əhəmiyyətini vurğulayan A.Naxçıvanlı Azərbaycan tərəfinin bu ali məqsədə nail olmaq üçün əlindən gələni etdiyini deyib: “Dövlət başçılarının məhdud tərkibli görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev Latviyalı həmkarını Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı ətraflı məlumatlandırıb. Dövlətimizin başçısı Baltik ölkələri arasında mövcud olan sıx əməkdaşlıq və inteqrasiyanın faydasını qeyd edərək, bu münasibətləri nümunə göstərib. Təəssüflər olsun ki, Cənubi Qafqazda uzun illər ərzində müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Lakin bu gün bütün bunlara son qoymaq üçün real imkan mövcuddur. Bunun üçün ilk növbədə Ermənistan sülh sazişi təklifi ilə bağlı Azərbaycanın şərhlərinə müsbət cavab verməlidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan tərəfi nəhayət ki, güclü siyasi iradə göstərməli, düzgün qərar qəbul etməli və işğal dövründə olduğu kimi zaman qazanmağa çalışmamalıdırlar. Azərbaycan ərazilərində dağıntılara və uzunmüddətli işğala baxmayaraq, ədavət səhifəsini çevirməyə hazırdır. Əgər bu baş tutarsa, onda Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən gələcək qurmaq şansı olacaq.”


Öz fikirlərini davam etdirən deputat Prezidenti İlham Əliyevin Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında müzakirə olunacaq mövzular ətrafında dəyərli fikirlər səsləndirdiyini qeyd etmiş, tədbir iştirakçılarına onları maraqlandıran məsələlər barədə dolğun və obyektiv məlumatların təqdim edildiyini vurğulamışdır: “Bakı Forumu çərçivəsində keçirilən Panel müzakirələrində bir çox aktual məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində etdiyi çıxışında müzakirə olunacaq mövzular barədə öz fikirlərini bölüşməklə tədbir iştirakçılarının diqqətinə bir daha ölkəmizin hər bir məsələ üzrə prinsipial mövqeyini çatdırmışdır. O cümlədən multilateralizm barədə fikirlərini səsləndirən dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə bu ilin sonunadək uzadılmış sədrliyi dövründə təşkilatın dünyada gedən proseslərə daha aktiv təsir vasitələrinə sahiblənə bilməsi üçün gördüyü işlər barədə ətraflı məlumatlar təqdim etmişdir.


Həmçinin cənab Prezident münaqişələrin həll olunması məsələsinə toxunaraq ölkəmizin bu sahədə öz təcrübəsinə istinad edərək, 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızın dinc yolla azad ediməsinin həm işğalçı ölkə, həm də onun bəzi xarici himayədarları tərəfindən əngəlləndiyini və nəticədə yalnız müharibə yolu ilə münaqişənin öz həllini tapdığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bunu da vurğulamışdır ki, erməni işğalçılarının törətdikləri bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan yenə də düşmənçilik səhifəsini çevirməyə və Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün sülh sazişinin imzalanmasına çağırışlar edir. Əgər Ermənistan da nəhayət ki, konstuktiv yanaşma nümayiş etdirərsə, bu zaman sülh müqaviləsini imzalamaq üçün heç bir başqa maneə qalmaz.


Panel müzakirələrdən biri də enerji və daşımalar dəhlizlərinə, enerji keçidinə həsr olunub. Bu istiqamətdə IX Qlobal Bakı Forumundan sonra ötən müddət ərzində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev ilk növbədə həmin dövrdə Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunun imzalandığını qeyd etdi. Əldə olunan razılaşmaya əsasən Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Azərbaycan hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ölkəmiz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.


Ötən ilin dekabrında Buxarestdə daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Cənab Prezident həmçinin məlumat verdi ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Beləliklə, Azərbaycan beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevriləcək. Cənab Prezident İlham Əliyev bu sahədə yaranmış perspektivləri yüksək qiymətləndirərək, yaşıl enerji istehsalının dünya enerjisinin gələcəyi və Azərbaycanın gələcəyi olduğunu vurğuladı”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi