“AZƏRBAYCAN ÇOX UZAQGÖRƏN VƏ MÜDRİK DAVRANDI” – “Dərs çıxarmalıyıq...”

“AZƏRBAYCAN ÇOX UZAQGÖRƏN VƏ MÜDRİK DAVRANDI” – “Dərs çıxarmalıyıq...” -Aleksey Arestoviç

"Ukrayna Azərbaycandan 30 illik siyasətin şahmat incəliklərini öyrənməlidir".

Azərbaycanın təkcə son anti-terror əməliyyatı deyil, ümumilikdə Qarabağın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün tam təmin olunması istiqamətində atdığı ardıcıl uğurlu hərbi və siyasi addımlar bir çox dövlətlər üçün parlaq nümunədir. Belə dövlətlərin başında hazırda Rusiya işğalı ilə üz-üzə qalan Ukrayna durur. Ukraynada bir çox tanınmış politoloqlar, siyasətçilər, təhlilçilər, jurnalistlər Azərbaycanın təcrübəsi barədə geniş müzakirələr aparırlar.

AzPolitika.info xəbər verir ki, Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç populyar yerli internet kanallarının birinə son müsahibəsində bu mövzuya toxunub.

Jurnalistin “bu məsələdən hansı dərsləri çıxarmalıyıq” sualına Arestoviç belə cavab verib: “Bu hadisədən dövlətin müdrikliyinə dair dərs çıxarmalıyıq. Baxın, azərbaycanlılar necə bacarıqla, incə, uzaqgörənliklə hərəkət edirlər. Onların nöqteyi-nəzərindən heç bir “dağlıq Qarabağ”, ermənilərin “artsax” adlandırdığı qurum mövcud deyil. Bu, qanunsuz qurumdur. Necə ki, biz “dxr” və “lxr”-i bu cür hesab edirik. Buna baxmayaraq, onlar daha əvvəl Ermənistanla hansısa aralıq razılıq əldə etmişdilər və hansısa formada onun statusuna, mövcudluğuna, oraya sülhməramlıların girməsinə imkan vermişdilər. Çünki hər şeyin hesablandığı uzun müddətli strategiyası olan və qlobal cəbhə boyu irəliləyən, düşmənin dolaşıq düşdüyü asılılıq sistemi yarada bilən ölkə daha riskli addımlara qadirdir. Əgər 2020-ci il razılaşmasına diqqət yetirsəniz, azərbaycanlıların çoxu ondan narazı qalmışdı. Bəzi “qaynar başlar” deyə bilərdi ki, bu, onların “Minsk-1”, yaxud “Minsk-2” razılaşmasıdır. Ancaq 3 il keçdi və nə oldu? Onlar (Azərbaycan) elə etdilər ki, “prezident”(qondarma qurumun başçısı) məlum kağıza imza atdı. Artıq onların sənədi var. Bütün mümkün arbitraj məhkəmələri, əmlak, qaçqınlar və s. məsələlərinə dair iddialar bu sənədə baxacaq.

İndi bütün müqavilələrə, tarix dərsliklərinə girəcək ki, onların “artsax” kvazidövlətinin başçısı olan erməni onun mövcudluğuna son qoyan aktı rəsmən imzalayıb... İmzaladılar və artıq presedent yoxdur. Onlar(Azərbaycan) çox müdrik və uzaqgörən hərəkət edirlər. Biz də “dxr”-i, “lxr”-i, Rusiyanın özünə birləşdiyi Zaporojye, Krım və s. tanımırıq. Ancaq maraqlıdır ki, biz bu vəziyyətdə necə davranacağıq... Doğrudur, Ukrayna Azərbaycandan xeyli böyük ölkədir və öz resurslarını, xarici dəstəyi birləşdirərək, onları(Ukrayna ərazisindəki qondarma qurumları) darmadağın edərək, kapitulyasiyaya məcbur edə bilər. Amma azərbaycanlılar başqa durumdadırlar və hər addımlarını dəqiq hesablayırlar. Nəticədə rəsmi sənəd aldılar və onunla hüquqi məsələlərdən tutmuş tarixi iddialara qədər bir çox məsələləri bağlaya biləcəklər... Artıq “dövlət” yoxdur, (ermənilər) nəyi bərpa edəcəklər?”

Arestoviç bildirib ki, bu vəziyyət Paşinyanın da xeyrinədir. Çünki artıq Paşinyan Qarabağ yükündən azad olur və bu kart onun rəqiblərinin əlindən birdəfəlik çıxır. Onun fikrincə, bu vəziyyət indiyə qədər erməni cəmiyyətində olan ikihakimiyyətliliyə də son qoyur: “İndi Paşinyanın “Qarabağ klanını” əzmək, Rusiya ilə əlaqəni kəsmək və bunun ardınca qaçılmaz olan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması mövqeyi artıq hüquqi cəhətdən möhkəmlənmiş oldu. Və bu cür incəliklə hər şeyin hesablanması, Azərbaycan Ordusunun nöqtə atışlarından başlayaraq, diplomatiyaya, danışıqlara, iqtisadi əlaqələrə qədər, hər addımın buna uyğun sənədlə möhkəmləndirilməsi - bax, bunu əlbəttə ki, öyrənmək lazımdır... bizə 30 il davam edən siyasətin şahmat incəliklərini əlbəttə ki, öyrənmək lazımdır”.

Arestoviç onu da bildirib ki, Azərbaycanın İsraillə çox sıx siyasi və hərbi əlaqələri var və iki ölkənin siyasətində də çoxlu bənzərliklər mövcuddur.

Onun fikrincə, bütün bunlar ondan xəbər verir ki, artıq Azərbaycanın öz geosiyasi məktəbi yaranıb. Ukraynada isə hələ də belə bir məktəb formalaşmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər