“Azərbaycan gənclərinin hisslərini, duyğularını bilməyən şəxs həmin gənclərə rəhbərlik edə bilməz" – Fərid Qayıbov tənqid edildi
"Məmurun özünə komanda formalaşdırmasının əleyhinə deyiləm. Çünki məmur özü hansı komanda ilə daha yaxşı işləyəcəyini bilir.
Yəni bu, istənilən idarəçilikdə belə olub, belə də olacaq. Amma gənclər və idman nazirin müavini vəzifəsinə yeni təyinat uğurlu deyil. Nəzərə almaq lazımdır ki, həmin xanım Azərbaycan deyil, Bolqarıstan əsillidir. Bu, o deməkdir ki, Azərbaycanın ən strateji nazirliklərindən biri olan Gənclər və İdman Nazirliyində müavin təyinatı üçün ölkədə uyğun kadr tapılmayıb".
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslı
Partiya sədri bildirib ki, nazirin özünü vəzifəyə, qadın müavinin də, ümumiyyətlə, Azərbaycan cəmiyyətinə uyğun hesab etmir: "Necə ki idmançıları transfer edərək Azərbaycan bayrağı altında təmsil olunmasına şərait yaradırıq, indi də siyasiləri və məmurları transfer edirik. Bunu siyasi aspektdən uğurlu addım hesab etmirəm. Həmin xanımın görüntüləri və qızının nazirin özü ilə uyğun olmayan fotoları yayıldı. Mən bunların əleyhinəyəm, çünki biz milli mənəvi dəyərlərə hörmət edən mühafizəkar cəmiyyətik. Hər bir nazir hansı ölkənin məmuru olduğunu və hansı dəyərlər kodeksində yaşayan cəmiyyətin naziri olduğunu bilməlidir. Ümumiyyətlə, gənclər və idman nazirinin də fəaliyyətini yüksək qiymətləndirmirəm. Onun verdiyi mesajlara əsasən, bilmək olur ki, nazirin Azərbaycan gəncliyindən, ölkəmizin gənclərinin həssasiyyətindən xəbəri yoxdur. Azərbaycan gənclərinin hisslərini, duyğularını və qorxularını bilməyən adam həmin gənclərə nazirlik edə bilməz".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın