
"Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusi əhəmiyyət daşıyır" -DEPUTAT
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə təkcə iki qardaş ölkə arasındakı münasibətlərin bugünkü mənzərəsini ortaya qoymur. Bu müsahibə, əslində, Azərbaycan-Özbəkistan əlaqələrinin hansı böyük geosiyasi hədəflərə doğru irəlilədiyini göstərən mühüm siyasi mesajdır”.
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
O qeyd edib ki, bu münasibətləri yalnız Bakı ilə Daşkənd arasındakı ikitərəfli əlaqələrlə məhdudlaşdırmaq doğru olmazdı: “Çünki burada söhbət daha böyük bir coğrafiyanın, xüsusən də Mərkəzi Asiya ilə Cənubi Qafqazın bir-birinə daha sıx bağlanmasından, Xəzərin ayıran deyil, birləşdirən məkana çevrilməsindən və Türk dünyasının siyasi, iqtisadi və nəqliyyat baxımından daha sıx inteqrasiyasından gedir.
Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır. Xəzər dənizi isə bu məkanın ortasında mühüm birləşdirici halqaya çevrilir. Bu, sadəcə, coğrafi yaxınlıq deyil. Bu, həm də ortaq tarixdən gələcəyə doğru uzanan geosiyasi xəttdir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkəni ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı dövlət səfərləri və imzalanan strateji sənədlər bu təməli daha da möhkəmləndirib. Lakin bu münasibətlərin ən mühüm tərəfi onların regional miqyasa çıxmasıdır”.
F.İbrahimli söyləyib ki, burada Türk dünyasının faktoru xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatında fəal iştirakı, digər türk dövlətləri ilə artan siyasi və iqtisadi əlaqələri türk dünyasının yalnız mədəni birlik deyil, həm də güclənən geosiyasi və geoiqtisadi platforma kimi formalaşmasına zəmin yaradır. Prezident İlham Əliyev də müsahibəsində iki ölkənin türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini xüsusi qeyd edib. Bu baxımdan Bakı-Daşkənd münasibətləri Türk dünyasının gələcək arxitekturasında xüsusi yer tutur. Çünki Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas körpülərdən biridir. Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşən, böyük iqtisadi və demoqrafik potensiala malik mühüm dövlətdir. Bu iki ölkənin yaxınlaşması avtomatik olaraq daha geniş coğrafiyada əməkdaşlıq imkanlarını artırır.
Enerji, nəqliyyat, logistika, rəqəmsal əlaqələr, investisiya, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi bu prosesə yeni məzmun verir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin inkişafına yönələn təşəbbüslər də bu əməkdaşlığın gələcəkdə daha strateji xarakter ala biləcəyini göstərir. Bütün bunların fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi də diqqətdən kənarda qala bilməz”.
Prezident İlham Əliyevin Özbəkistana gözlənilən dövlət səfərinin tarixi siyasi əhəmiyyətinə toxunan deputat bildirib ki, səfər Azərbaycan-Özbəkistan münasibətlərinə yeni dinamika gətirməklə yanaşı, iki ölkənin regional əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə mühüm təkan verə bilər: “Bakı ilə Daşkənd arasında mövcud siyasi etimadın daha da möhkəmlənməsi Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin inkişafına, Orta Dəhlizin imkanlarının genişləndirilməsinə və Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək”.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan öz milli maraqlarını qorumaqla yanaşı, daha böyük regional əməkdaşlıq modelinin qurulmasında maraqlıdır. “Bu modeldə Bakı ilə Daşkənd iki paytaxtdan daha artıq məna daşıyır. Onlar Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən, Türk dünyasının siyasi və iqtisadi çəkisini artıran iki mühüm dayağa çevrilirlər.
Bu gün dünya yeni geosiyasi düzənin formalaşdığı mürəkkəb mərhələdən keçir. Belə bir şəraitdə etibarlı müttəfiqlər, alternativ nəqliyyat yolları, enerji bağlantıları və regional həmrəylik əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksəlişi yalnız iki qardaş dövlətin uğuru deyil. Bu, Xəzərin o tayından bu tayına uzanan, Mərkəzi Asiyanı Cənubi Qafqazla birləşdirən və Türk dünyasının gələcək geosiyasi çəkisini artıran böyük prosesin mühüm hissəsidir. Bu prosesdə isə Azərbaycanın rolu getdikcə daha aydın görünür. Bakı artıq xəritədə sadəcə bir paytaxt deyil, Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Cənubi Qafqazı və Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən strateji mərkəzlərdən biridir”.












Bu xəbər üçün şərh yazın