
Deputat: “Paşinyan imzasına, verdiyi sözlərə hörmət edir”
“Ermənistan müxalifəti kimlərdən ibarətdir? Yüz faiz olmasa da, başda Robert Köçəryan, Serj Sarkisyan, Balasanyan, Ohanyan kimilər olmaqla, 70-80 faiz cinayətkarlardan, separatçılardan, quldurlardan ibarətdir. Həmin separatçı, cinayətkar rəhbərlərdir ki, Ermənistada müxalifət bunların ətrafında yığışıb. İtin-qurdun siyahısını çox uzatmaq olar...
Bunlar müharibə komandasıdır. Müharibə vasitəsilə uzun illərdir, təkcə Azərbaycanın işğal altında saxladıqları ərazilərindəki var-dövləti deyil, eyni zamanda Ermənistanı çapıb-talayıblar, ermənilərin xaricdə mövcud olan müxtəlif diaspor və digər təşkilatlarının pulunu mənimsəyiblər. İndi dişlərini yenə qıcayıblar ki, “bəlkə, təkrar qaytardılar”, həmin cinayətləri davam etdirsinlər. Nikol Paşinyan isə tam olmasa da, müəyyən mənada imza atdığı sənəddəki müddəaların tələblərini yerinə yetirməyə çalışır, siyasətini bu istiqamətdə aparır. Həm 2020-ci ildə üçtərəfli - Azərbaycan-Ermənistan - Rusiya tərəfindən imzalanan, həm Vaşinqtonda 2025-ci ildə imzalanan sənədlər, qoyulan tələblər... Paşinyan yaxasına da Ermənistanın mövcud xəritəsini taxıb bəyan edir ki, biz Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməliyik, yeganə çıxış yolumuz, varlıq və inkişaf yolumuz budur. Paşinyan bunu dərk edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Ermənistanın yeni dərc edilən Konstitusiya layihəsi barədə danışarkən deyib.
Deputat vurğulayıb ki, ermənilər Ermənistan dövlətinin mövcudluğunu, inkişafını, təhlükəsizliyini təmin etmək istəyirlərsə, oradakı cinayətkar dəstənin rəhbərlərini - Köçəryanı, Sarkisyanı, Balasanyanı, Ohanyanı və digərlərini həbs edib, Azərbaycana təhvil versinlər: “Azərbaycanda onların həbsi üçün kifayət qədər ciddi cinayət tərkibli hökmlər hazırdır. Paşinyan düzgün yol tutub. O, Ermənistan və Azərbaycan, eyni zamanda Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması, dayanıqlı sülhün yaranması, Ermənistanın gələcək mövcudluğu və inkişafı üçün müvafiq addımları atır. Sülh layihəsi, maliyyələşməsi, qorunması - bunlar ciddi məsələlərdir. Artıq Ermənistanda da buna start verilib. Hesab edirəm, Paşinyan bu yoldan dönməməlidir. Onun bu istiqamətdə apardığı siyasət erməni xalqı və bütövlükdə Ermənistan dövləti üçün münasibdir. Paşinyan imzasına, verdiyi sözlərə hörmət edir. İmzaladığı sənədlərdəki tələblərə artıq əməl etməyə başlayıb. Bu isə bölgəmizdə dayanıqlı və etibarlı sülhün yaranmasına səbəb olacaq”.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın