Azərbaycan regional logistika liderinə çevrilir
Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, hətta ən uzaq dövlətləri belə birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb.
Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Xüsusən, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən daxil olan gəlirlərin həcminin durmadan artmasına geniş imkan yaradır. Bu məsələyə vaxtaşırı münasibətini açıqlayan Prezident İlham Əliyev bu yaxınlarda bir daha bildirmişdir: “Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir”.
Nəqliyyat infrastrukturunun yeniləşdirilməsinin, ilk növbədə, daxili tələbatdan irəli gəldiyini söyləyən ölkə rəhbəri bu addımların, eyni zamanda, qonşularla əməkdaşlıq şəraitində bəşəri çağırışları cavablandırdığını da vurğulamışdır: “Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir”.
Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.
Yeri gəlmişkən, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı tam şəkildə istifadəyə veriləndən sonra kompleksin ümumi yükdaşıma həcmi ildə 25 milyon tona çatdırılacaq. Limanın ətrafında yaradılacaq Ələt Azad Ticarət Zonasının isə 2021-ci ildən tam fəaliyyətə başlaması nəzərdə tutulur.
Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər böyük bir ərazini əhatə edəcək. Azərbaycan isə həmin nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu dəhlizin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2--3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Bu yolun çəkilişi üçün 1,6 milyard dollar ayrılıb.
Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Bu barədə danışarkən, qeyd etməliyik ki, ötən il istifadəyə verilən bu dəmir yolu xətti Avropa və Asiya qitələrini birləşdirən yeni nəqliyyat dəhlizidir. Bu strateji layihə müəyyən çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində uğurla reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol kimi Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlərini zaman keçdikcə daha da artıracaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunu üç ölkəni bir-birinə möhkəm bağlayan “Dəmir İpək yolu” adlandıraraq bildirib: “Bu dəhliz bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracaq. Bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”.
Burada bir məqama xüsusi diqqət yetirmək istərdik. Bu, “Dəmir İpək yolu”nun iqtisadi əhəmiyyətindən əlavə, regionda sülhün, əmin-amanlığın qorunmasına verəcəyi töhfə ilə bağlıdır. Dövlətimizin başçısının 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında imzaladığı sərəncamda da həmin amil önə çəkilib. Sənəddə xatırladılırdı ki, Azərbaycanın tarixi İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA proqramının mühüm iştirakçılarından birinə çevrilməsi bütün iqtisadi səmərələrdən əlavə, həm də Qafqazda sülhün dayanıqlı olmasına xidmət edən zəruri amildir.
Bu baxımdan, Avropaya inteqrasiya prosesinin sürətləndirilməsinə xidmət edən Bakı--Tbilisi--Qars dəmir yolu xətti Azərbaycan üçün xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun istifadəyə verilməsi fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı da mühüm önəm daşıyır. Bütün bunlar isə indiki dövrdə ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasının prioritet olduğunu bir daha təsdiqləyir.
Postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması göstərir ki, beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, respublikamıza iri məbləğdə əlavə valyuta daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artmasının da samballı göstəricisidir.
Azərbaycanın reallaşdırdığı bir sıra qlobal layihələr, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər, beynəlxalq logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir.
Göründüyü kimi, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Çünki söhbət həm də ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılmasından gedir. Nəqliyyat dəhlizləri imkan verəcək ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar.
Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə diqqətin artırılması nəticəsində respublikamızın dəmir yolları da regionun mühüm və əhəmiyyətli nəqliyyat-logistika qurumuna çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Yeri gəlmişkən, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Bu mənada logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına da gətirib çıxaracaq.
Logistika imkanlarının genişləndirilməsi bu gün Prezident İlham Əliyevin ölkənin iqtisadi imkanlarının artırılması baxımından qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də bu amillə sıx bağlıdır. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistika mərkəzlərinin yaradılmasına ciddi ehtiyac duyulurdu.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi də getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan respublikamızın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji-coğrafi mövqeyindən səmərəli istifadə edilmişdir. Ölkəmizdə tranzit və nəqliyyat xidmətlərinin inkişafı bu sahənin infrastrukturunun təkmilləşdirilməsi və potensialın daha da artırılması üçün kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi mühüm önəm daşıyır. Buna görə də infrastruktura investisiya qoyuluşları nəticəsində Azərbaycanın alternativ marşrutlarla müqayisədə rəqabətqabiliyyətliyi artsa da, ölkənin logistika şəbəkəsinin potensialından tam istifadənin təminatı məqsədilə müxtəlif sahələr üzrə əksər əməliyyat göstəricilərinin yaxşılaşdırılmasına daim diqqət yetirilməsi tələb olunur. Ona görə də mövcud çatışmazlıqları aradan qaldırılması, fəaliyyətin xərclər və vaxt baxımından daha səmərəli qurulması, ölkədə müxtəlif nəqliyyat növləri və vasitələrini əhatə edən logistika əməliyyatlarının yaxşılaşdırılması üzrə təşəbbüslər davam etdiriləcəkdir.
Bu il avqustun 13-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin fəaliyyətə başlaması da bunun parlaq ifadəsidir. Xatırladaq ki, tarixi İpək yolunun üzərində yerləşən bu mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə yanaşı, vaxta qənaəti və xərclərin azalmasını da təmin edir.
Müəssisənin gücü ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə hesablanıb. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Layihənin yekunlaşmasından sonra mərkəz həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, eləcə də ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.
Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.
Bu mühüm infrastruktur obyekti Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə sıx əlaqədə qurulub. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.
Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi məqsədilə xaricdə də logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın İstehsal və Logistika Mərkəzinin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Qeyd edək ki, bu, 25 faizi dövlətə məxsus olmaqla, Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Mərkəz Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımaların artırılması baxımından belə logistika mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını reallaşdıran mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.
Bu mərkəzin Qazaxıstanda yaradılması təsadüfi deyil. Çünki oxşar keçmişi, bugünü və sabahı olan Azərbaycanla Qazaxıstan arasında münasibətlər möhkəm, səmimi dostluğa əsaslanır. Bu münasibətlərin kökündə isə, şübhəsiz ki, xalqlarımızın eyni soy-kökü, ümumi tarixi, eləcə də gələcəklə bağlı ortaq inkişaf strategiyası kimi amillər dayanır.
Yuxarıda qeyd edilənlər son 15 il ərzində Azərbaycanda tranzit imkanların artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini deməyə əsas verir. Ötən müddətdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq--Qərb və Şimal--Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır.
Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır.
Son illərdə gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir. Azərbaycanın beynəlxalq tranzit ölkə kimi nüfuzu və əhəmiyyəti durmadan artır.
Belə olan halda ölkə daxilində istər yük, istərsə də sərnişindaşıma xidmətlərinin səviyyəsi də beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Düzdür, son illərdə bu sahədə mühüm addımlar atılıb, çox sayda yük və sərnişin nəqliyyat vasitələri yeniləşdirilib. Yol-nəqliyyat infrastrukturu müasirləşdirilib. Hazırda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Amma, fikrimizcə, zəruri tədbirlərin əhatə dairəsi daha da genişləndirilməlidir.
Bu məsələnin diqqət mərkəzində saxlanılması, ilk növbədə, milli iqtisadiyyatın tənzimlənməsinə və növbəti yüksəlişinə mühüm təsir göstərir. Yəni, istər yük, istərsə də sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, şübhəsiz, iqtisadiyyatın bütün sahələrinin inkişafını sürətləndirir. Təbii ki, bu zaman zəruri addım infrastrukturun yaradılmasından, yaxud köhnələrin müasirləşdirilməsindən, beynəlxalq standartlara uyğunlaşdırılmasından başlanır. Əlbəttə, belə halda müvafiq layihələrin gerçəkləşdirilməsi üçün maliyyə vəsaiti tələb edilir. Bu, yoxdursa, qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil.
Metro, avtomobil və dəmiryolu sərnişindaşımasında vahid əlaqələndirmə üçün müvafiq proqram hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində, məsələn, təyyarədən düşüb dəmiryolu ilə Gəncəyə, yaxud Lənkərana səfər etmək istəyən əcnəbinin elə Bakı Beynəlxalq Hava Limanındaca sürət qatarına minmək imkanı olmalıdır. Metro xətləri də digər nəqliyyat qovşaqlarına qovuşmalıdır. Bu baxımdan Abşeron yarımadasını əhatə edən rtahat və sürətli dəmiryol şəbəkəsinin yaradılması layihəsi ciddi dəyişikliklərə səbəb olacaq. Digər nəqliyyat növlərinin sərnişindaşıma imkanları bu layihəyə uyğunlaşdırılmalıdır.
Bütün bunları yada salmaqla bu yaxınlarda Tarif Şurasının qərarı ilə sərnişindaşımada qiymətlərin tənzimlənməsi ətrafında yaradılan lüzumsuz, əsassız söz-söhbətlərə də, bir mütəxəssis kimi münasibət bildirmək istərdim. Həqiqət ondan ibarətdir ki, son illərdə dövlətin davamlı dəstəyi ilə ölkədə sərnişindaşıma nəqliyyatının da maddi bazası əsaslı surətdə müasirləşdirilib və gücləndirilib. Hazırda paytaxtın avtobus parkları rahat nəqliyyat vasitələri ilə müəyyən dərəcədə yenilənib, xidmətin səviyyəsi yüksəlib.
Amma etiraf edək ki, bu sahədə çətinliklər tamamilə aradan qaldırılmayıb. Avtobusların xeyli hissəsi köhnə olduğundan nümunəvi sərnişindaşıma xidməti göstərmək mümkün deyildi. İndiyədək sürücülər ay ərzində inkişaf etmiş olkələrdə olduğu kimi, 170-180 saat deyil, bir çox halada 250-300 saat işləyirlər. Onların bir çoxu məzuniyyət, istirahət nə olduğunu bilmir.
Bunun səbəbi o idi ki, nəqliyyat müəssisələrinin yeganə gəlir mənbəyi olan gediş haqqının aşağı olması əlavə sürücü saxlamağa, məzuniyyət haqqı ödəməyə imkan vermirdi. Aşağı əməkhaqqı ilə belə gərgin işləmək sürücüləri qane etmirdi. Bu səbəbdən sərnişindaşımanın ən təcrübəli sürücüləri başqa sahələrə üz tuturdular. Bəs onda onlar niyə aşağı xidmət haqqı ilə, ziyanla işləməli, güzəranlarını tarazlaşdırmaq imkanından mərhum edilməlidirlər?
İndiki tarif dəyişikliyi bu problemlərin aradan qaldırılmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinin davam etdirilməsinə, sürücülərin əmək haqlarının artırılmasına, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə yönəldilib. Bu zəruri, amma müəyyən qədər anlaşma tələb edən addım artıq doğruluğunu və səmərəsini sübuta yetirir. Ən başlıcası, sərnişindaşımada yüksək standartlar təmin edilir. Prezident İlham Əliyev bu sahədə atılan addımları tamamlamaq, paytaxtda sərnişindaşıma xidmətini əsaslı surətdə yüksəltmək məqsədi ilə əlavə tədbirlər üçün bu yaxınlarda 47 milyon manat vəsait ayırmışdır.
Nəzərdən keçirdiyimiz islahat və layihələr bir daha sübut edir ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarının iqtisadi potensialı olduqca yüksəkdir. Bu sahədə görülən işlər son illər ölkəmizin Avrasiyanın önəmli nəqliyyat-logistika qovşağına çevrilməsini təmin edib. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi də təsdiq edir ki, ölkəmizin bu istiqamətdə irimiqyaslı hədəfləri olan konkret siyasəti var.
Bu yöndə gerçəkləşdirilən kompleks layihələr regional tranzit yüklərin Azərbaycan nəqliyyat dəhlizinə cəlb edilməsi ilə əlavə dəyər yaradılmasına nail olmağı, regionda bu sahə üzrə daha cəlbedici ölkəyə və beynəlxalq qovşağa çevrilməyi nəzərdə tutur. Reallıq ölkəmizin bu hədəflərə doğru inamla irəlilədiyini göstərir.
Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert
Bu xəbər üçün şərh yazın