Azərbaycan səhiyyəsində daha bir faciə - Qadın əməliyyatda öldü
"Real hospital”da mayın 26-da bariatrik cərrahi əməliyyatdan sonra dünyasını dəyişən 59 yaşlı qadının ölüm səbəbi barədə xəstəxananın baş həkimi Rövşən Yusibov açıqlama verib.
Baş həkim xəstənin 1 ay ərzində bu əməliyyata hazırlandığını bildirib: "Xəstənin çəkisi 135 kq, boyu qısa idi. Əməliyyata göstəriş ağır çəkinin hər iki diz oynağı və onurğasına təzyiq verməsi idi. Bu əməliyyat estetik yox, sırf tibbi sağlamlıq üçün icra olundu. Əməliyyata heç bir əks göstəriş yox idi.
Əməliyyatı icra edən cərrah Mübariz Məmmədli olub. Xəstə mayın 20-si əməliyyata alınıb, ayın 22-si onda yayılmış peritonit baş verdi. Bu zaman konsultasiya edərək tanınmış iranlı mütəxəssis, professor Moştabah Haşımzadənin rəhbərliyi ilə 2-ci əməliyyatı icra edib, peritoniti təmizlədik, drenajlanma aparıldı. Xəstə reanimasiyaya yerləşdirildikdən sonra dinamikası yaxşı idi, hər şey normal gedirdi və vəziyyətin düzələcəyinə ümidimiz çox idi”.
Həkim bildirib ki, mayın 26-sı axşam xəstənin vəziyyəti kəskin ağırlaşıb: "Gecə 3-ün yarısı ürək dayanması qeydə alındı. Xəstəni poliorqan yetməzliyindən itirdik. Səbəb ilkin olaraq tromboemboliyadır”.
Baş həkim prokurorluq orqanları tərəfindən araşdırma aparıldığını, tibbi ekspertizanın da rəyinin yaxın günlərdə açıqlanacağını qeyd edib. Yalnız bundan sonra əməliyyatı icra edən həkim-cərraha yönəlik tədbirlər, onun əməliyyatlardan uzaqlaşdırılması və ya xəstəxanada fəaliyyətinin davam etdirib-etdirməməsinə qərar veriləcək.
Baş həkim deyib ki, xəstənin yaxınları onlarla insident yaşanmayıb: "Biz əməliyyatdan öncə xəstəyə də, yaxınlarına da əməliyyatda hər şey ola biləcəyi barədə məlumat veririk. Hər əməliyyatda bu kimi ağırlaşmalar ola bilər. Xüsusən belə ağır çəkili pasiyentdə. Amma əminlikdə deyə bilərəm ki, bizdə xəstəyə qarşı səhlənkarlıq olmayıb. Bütün sənədləşmələr düzgün aparılır. Hər iki əməliyyatın gedişi çəkilib, diskə alınıb, kamera izləməsi var. Hər şey təqdim olunacaq. Biz üzülürük ki, belə bir ağırlaşma oldu. Prokurorluğun araşdırmasının nəticəsini gözləyirik”.
Qeyd edək ki, 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də "Real Hopsital"da mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. /Medicina.az
Bu xəbər üçün şərh yazın