"Azərbaycan və Pakistan bir-birinə tarixən dostluq əlaqələri ilə bağlı olub"

"Azərbaycan və Pakistan bir-birinə tarixən dostluq əlaqələri ilə bağlı olub" -Aqiyə Naxçıvanlı

"Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, çoxşaxəli münasibətlər mövcuddur.

Bu münasibətlərin dərin tarixi, mədəni və dini kökləri vardır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Həmçinin qeyd olunmalıdır ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib.Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki,Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Diqqətəlayiq haldır ki,Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb.Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini gücləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Birmənalı olaraq demək lazımdır ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycana etdiyi rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə növbəti böyük töhfələr verəcək".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir: “Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 15-də mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Həm də bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır. Azərbaycan xalqı da 44 günlük müharibə dövründə bizimlə bir yerdə məhz Türkiyə və Pakistanın olduğunu, hər iki ölkənin müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini çox gözəl bilir. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Təsadüfi deyil ki, Bakının müxtəlif yerlərində hələ İkinci Qarabağ müharibəsi dövründə asılmış Pakistan bayraqları bu gün də öz yerlərində dalğalanır.”


Sonda A.Naxçıvanlı Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi barədə razılığın əldə olunmasını mühüm əhəmiyyət kəsb edən amil olduğunu qeyd edərək bunları deyib: “Öz bəyanatında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Əlbəttə ki, əməkdaşlığın xüsusilə enerji sahəsində böyük perspektivləri vardır. Həm də bu perspektivlər istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində kifayət qədər cəlbedicidir. Eyni zamanda unutmaq olmaz ki, bu gün məhz müdafiə sənayesi sahəsi də ən vacib istiqamətlərdən biridir. Bu xüsusda cənab Prezident İlham Əliyev bəyan etdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilib və buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün əsas qarantıdır. Torpaqları 30 il ərzində erməni işğalı altında qalmış Azərbaycan bunu çox yaxşı bilir. İllər sürən danışıqlar heç bir nəticə vermədi. Yalnız dövlətin hərbi gücü və Azərbaycan Ordusunun əzmi ölkənin ərazi bütövlüyünü bərpa etdi", - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər