Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanmasına münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi Norveçin Bakıdakı səfirliyini bağlaması qərarına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Report”un sorğusuna cavab olaraq deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu Norveç hökumətinin qərarıdır.
“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi – Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib.
Hazırda, bizdə olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”, – Azərbaycan XİN-in rəsmisi vurğulayıb.
Bu xəbər üçün şərh yazın