Azərbaycanda intellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

Azərbaycanda intellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır 

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminarında “Azərbaycanda intellektual elektron kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusunda məruzə ətrafında müzakirələr aparılıb.

Məruzəni təqdim edən institutun əməkdaşı Dilbər Əlizadə qeyd edib ki, tədqiqat işinin məqsədi müasir cəmiyyətdə rəqəmsal informasiyanın effektiv idarə olunmasını və əlçatanlığını təmin etmək, gələcək nəsillərin biliklərə və mədəni irsə asanlıqla çıxışını təmin edərək inkişafın davamlılığını gücləndirmək, eyni zamanda Azərbaycanda elektron kitabxanaların intellektuallaşdırılması problemlərinin araşdırılması və həlli yollarının işlənilməsidir.  

D.Əlizadə işin aktuallığını diqqətə çatdıraraq intellektual elektron kitabxanaların yaradılmasının müasir cəmiyyətin inkişaf edən tələblərinə uyğun olaraq aktual və zəruri məsələ olduğunu qeyd edib. Bildirib ki, intellektual elektron kitabxanaların yaradılmasının aktuallığı yalnız texnoloji inkişafla deyil, həm də təhsil, mədəniyyət, elmi tədqiqatlar, sosial bərabərlik və informasiya təhlükəsizliyi sahələrindəki tələblərlə bağlıdır.

Sonra o, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını qeyd edib: “İntellektual elektron kitabxanalar sahəsində dünya təcrübəsi inkişaf etmiş ölkələrdə geniş yayılmış və müxtəlif müasir texnologiyalarla dəstəklənmişdir. Müasir dövrdə bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması böyük əhəmiyyət kəsb edir. Bulud hesablama texnologiyaları məlumatların saxlanması, idarə edilməsi və paylaşılması üçün effektiv həllər təqdim edir”.

O, əlavə edib ki, viki və multimedia texnologiyaları intellektual elektron kitabxanalardan istifadəni asanlaşdırır, interaktivliyi artırır və məlumatları daha əlçatan edir.

Daha sonra D.Əlizadə tədqiqat işində sentiment analiz texnologiyalarının intellektual elektron kitabxanalara tətbiqi məsələlərinə baxıldığını qeyd edib. Nəzərə çatdırıb ki, sentiment analiz texnologiyalarının intellektual elektron kitabxanaya tətbiqi istifadəçi təcrübəsini artırmaq, məzmunu daha səmərəli idarə etmək üçün perspektivli yanaşmadır.

Məruzə ətrafında müzakirə aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədqiqat işinə dair öz təklif və tövsiyələrini səsləndirib. Alim mövzunun aktuallığını önə çəkərək elektron kitabxanaların intellektuallaşdırılmasının təkamülü məsələsinin dərindən araşdırılmasının vacibliyini qeyd edib. Alim Dördüncü Sənaye İnqilabının gətirdiyi texnoloji yeniliklər nöqteyi-nəzərindən müasir elektron kitabxanların kibertəhlükəsizlik aspektindən də tədqiq olunmasının vacibliyini qeyd edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi