“Azərbaycandakı bu universitetlər Rusiyanın “5-ci kolon”una kadr hazırlayır” - ŞOK AÇIQLAMA
Qazaxıstan hökuməti yeni dərs ilindən birinci siniflərdə rus və ingilis dillərinin tədrisini ləğv edəcək. Bu barədə məlumatı ölkənin maarif naziri Asxat Aymaqambetov verib. Nazir bildirib ki, məktəblərin birinci siniflərində yalnız qazax dili tədris olunacaq:
“Balacalar ingilis və rus dillərini öyrənmək üçün əvvəlcə öz ana dilərində yazıb-oxumağı bacarmalıdırlar”.
Nazirin sözlərinə görə birinci sinif şagirdləri üçün üç dili eyni vaxtda öyrənmək çətindir:
“İkinci sinifdən rus dili ayrıca fənn kimi tədris olunacaq, üçüncü sinifdən isə bütün məktəblərdə ingilis dili dərsləri keçiləcək”.
Bu xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində yayıldıqdan “Bizdə də rus dilinin tədrisi dayandırıla bilərmi?” sualı hasil olundu.
Faktinfo.az bildirir ki, Sherg.az türkoloq-alim Firudin Cəlilovla əlaqə saxlayıb, həmin sualı ünvanlayıb. Alim bildirdi ki, Azərbaycanda da rusdilli məktəblərə və bu dilin tədrisinə ehtiyac yoxdur:
“ Rusiya həmişə Qazaxıstanla bağlı yaramaz ittihamlar irəli sürüb. Guya Qazaxıstan adlı dövlət mövcud olmayıb və onu Rusiya yaradıb. Onların müxtəlif bəhanələr ilə Qazaxıstanı da Ukrayna kimi dağıtmaq ehtimalları var. Buna görə də qazaxların rəsmi Moskvaya qarşı belə münasibət göstərməsini təbii qarşılamaq lazımdır. Rus dilinin gündəmdən çıxarılaraq qazax dili ilə əvəz olunması Nazarbəyovun zamanından planlaşdırılan hadisə idi.
Çünki qazaxların əksəriyyəti rusca danışır. Bunun səbəbi isə onların uzun illər rusca təhsil almasındadır. Vəziyyətin dəyişilməsi üçün Qazaxıstanda bu proseslərin getməsi təbiidir. Onların orta məktəblərdən rus dilini cıxarmasını alqışlamaq lazımdır. Ona görə ki, ruslarla başqa cür danışmaq mümkün deyil”.
Professor qeyd edib ki, Azərbaycanda vəziyyət bir az fərqlidir:
“Azərbaycan türkcəsi ilə rus dili paraleldir. Otuz il öncəyə qədər dövlət müəssisələrində yazışmalar bu dildə olurdu. Biz isə onu milliləşdirdik. Müstəqil olduqdan sonra isə dövlət dili Azərbaycan türkcəsi oldu. Dövr texnika əsri olduğu üçün balaca uşaqlara rus dilini tədris etməyə ehtiyac yoxdur.
Əgər onlar istəsələr, hər şeyi internetdən öyrənə bilərlər. Mənim nəvələrim “Maşa və Ayı” cizgi filmini izləyərək rus dilini öyrəniblər. Kiçik nəvəmsə, məktəbə getmədiyinə baxmayaraq məndən yaxşı danışır. Rus dili kimə lazımdırsa, məktəbsiz də öyrənə bilər. Buna görə də Azərbaycanda rusdilli təhsil ocaqlarının və rus təmayüllü siniflərin sayını azaltmaq lazımdır.
Digər tərəfdən ölkədə Rusiyanın 4-5 universitetinin filialı fəaliyyət göstərir. Məncə, buna da ehtiyyac yoxdur. Onlar yalnız “5-ci kolon”a kadr hazırlamaqla məşğuldurlar və tezliklə ləğv olunmalıdırlar”.
Bu xəbər üçün şərh yazın