Azərbaycanın 8 kəndi nə zaman geri qaytarılacaq? - AKTUAL
“Qazaxın 7 kəndi və Naxçıvanın Kələki kəndi hələ də ermənilərin işğalı altında qalmaqdadır.
10 noyabr bəyannaməsində həmin kəndlərin də Azərbaycana geri qaytarılması nəzərdə tutulsa da, hələ də İrəvan bu istiqamətdə hər hansı bir real addım atmır”.
Bizim.Media.az-a açıqlamasında politoloq Amid Əliyev bildirib ki, anklavlar məsələsi sülh müqaviləsinin imzalanması fonunda birdəfəlik həll olunacaq:
“Azərbaycan anklavlar məsələsini də daim nəzarətdə saxlayır. İlk gündən əsas məqsədlərimizdən biri də anklavların geri qaytarılması olub. Azərbaycan tərəfindən İrəvana təqdim olunan 5 maddəlik sülh gündəliyində də bu məsələ öz ifadəsini tapıb. Moskva və Brüssel görüşlərində məsələ dəfələrlə gündəliyə gətirilib.
Çox güman ki, anklavlar məsələsi bütünlüklə sülh müqaviləsinin imzalanması prosesində birdəfəlik həll olunacaq və həmin 8 kənd də geri qaytarılacaq. Zəngəzur dəhlizinin açılması, Xankəndi və ətraf ərazilərdə Azərbaycan hakimiyyətinin mövcudluğu təmin edildikdən sonra bu məsələ öz-özlüyündə həll olunacaq”.
Həmsöhbətimiz onu da qeyd edib ki, Ermənistan tərəfinin Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmini və sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki oyunları da məhz anklavların Azərbaycana qaytarılmasına əngəl olmağa hesablanıb:
“Amma nə qədər çabasalar da heç nəyə nail ola bilməyəcəklər. Bütün ərazilərimiz kimi, anklavlar da Azərbaycana geri qaytarılacaq”.
Bu xəbər üçün şərh yazın