"Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayı artır"

"Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayı artır" -Aqiyə Naxçıvanlı

"Bu ilin 7 may tarixi Slovakiya-Azərbaycan əlaqələrinin yeni mərhələyə yüksəlişi ilə əlamətdar oldu.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin Avropada strateji tərəfdaşlarının sayının daha bir ölkə artmasına səbəb olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiyanın Baş naziri ilə birgə verdiyi bəyanatında xüsusi olaraq vurğuladı ki, "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə" çox ciddi və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran siyasi sənəddir. Bəyannamədə əks olunan maddələr tərəflərin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Həmçinin iki ölkənin dövlət və hökumət başçıları arasında keçirilmiş həm təkbətək görüş əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir çox mühüm məsələlər müzakirə edilib və siyasi əlaqələrin yüksək səviyyədə olması bir daha təsdiqlənib."


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.


A.Naxçıvanlı bildirib ki, Azərbaycanın Slovakiyaya təbii qaz ixrac etməyə başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində rolunu daha da artıracaq: "Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında energetika sektorunda əməkdaşlığın geniş müzakirə edildiyini diqqətə çatdırdı. Azərbaycan bu gün səkkiz ölkəyə öz təbii qazını ixrac edir və hazırda belə deməyə əsas var ki, doqquzuncu ölkə məhz Slovakiya olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Lakin Azərbaycan – Slovakiya əməkdaşlıq əlaqələri təkcə enerji sektoru ilə məhdudlaşmır. Bu əməkdaşlığın daha bir önəmli istiqaməti də ölkəmizin işğaldan azad edilmiş ərazilərində Slovakiya şirkətinin fəaliyyəti ilə bağlıdır.

Cənab Prezident İlham Əliyev bu məsələyə öz çıxışında xüsusi toxunaraq bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması məhz Slovakiya şirkəti tərəfindən icra ediləcək. Təbii ki, bu qərar ilk növbədə ölkələrimiz arasında əlaqələrin səmimiliyinin göstəricisi kimi çıxış edir. Digər tərəfdən də, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanların böyük sevincinə səbəb olacaq" – deyə, Aqiyə Naxçıvanlı vurğulayıb.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi