Azərbaycanın bütün icra başçılarına müraciət- "Bir az kitab oxuyun..."
Salam, Azərbaycanın bütün rayon və şəhər icra hakimiyyətlərinin başçıları!
Hamınızın ad və soyadlarını, habelə rəhbərlik etdiyiniz ərazilərin isimlərini bir-bir bura yazsam, uzun alınar.Ona görə də qərara gəldim ki, cümlənizi bir yerə yığıb, Zülümov demişkən, "məsələni elə bir dəfəlik həll edim”. Vaxtınızı çox almayacam. Cəmi 3 bəndlik müraciətim var. Katibələrinizə deyin, çay gətirsinlər və Siz də kresloya söykənib rahat-rahat oxuyun.
1. Əvvəla, əksəriyyətinizin axıradək oxumadığı Konstitusiyaya bir də baxın və unutmayın ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Siz də Prezidentdən nümunə götürün və hər bir vətəndaşın xidmətçisi olun. Camaata yuxarıdan aşağı baxmayın, çünki aşağıdan yuxarıya baxanın qəzəbi çox pis olur. Bəzi para işlərinizi (para-pul mənasında deyil-red) bir kənara qoyun, çünki şair demişkən, "qəfil dünya işıqlanar, kim kmin evindən, kimin əli kimin cibindən çıxdığı görünər”. Sonrasını özünüz təsəvvür edin. Nə isə… 1-ci bənd əslində mövzuya kiçik bir giriş idi. Keçək 2-ci bəndə…
2. Bu bənddə fikrimi Azərbaycan filmlərinin adları ilə izah edəcəm ki, mətləb Sizlərə də, hörmətli oxucuya da asan aydın olsun…
Çalışın, xalqa "Böyük dayaq” olun, ətrafınızdakı kadrları "O olmasın, bu olsun” prinsipi ilə seçməyin, vətəndaşlarla keçirdiyiniz "Görüş” yola vermək və ya yenə də Zülümov demişkən, "quş qoymaq” xatirinə olmasın. Həyata dövlət maşınlarının rəngli şüşəsindən yox, kasıbın "Qəm pəncərəsi”ndən baxın. Şəhid anası "Fəryad” çəkməsin. Azərbaycan qadını özünü "Ögey ana” kimi hiss eləməsin. Azərbaycan kişisi "Xoşbəxtlik qayğıları” üçün xaricə üz tutmasın. Elə işləyin ki, əməlləriniz Sizin üçün "Axırıncı aşırım”olmasın və indi çoxlarınızın tanıdığı bəziləri kimi "Uzaq sahillərdə” qalmayasınız. ”Həm ziyarət, həm ticarət” üçün getdiyiniz ölkələrdə özünüzü elə aparın ki, Sizə tutulan irad "Arxadan vurulan zərbə”yə oxşamasın, qayıdanda işiniz "İstintaq”la bitməsin və ölkə rəhbərliyi də fikrləşməsin ki, "Onu bağışlamaq olarmı?”.Villalarınızı, iqamətgahlarınızı bir az balaca tikin ki, ora yaxınlaşan jurnalist "Bir qalanın sirri”ndən yazmasın. Bunu işdə də, evdə də, hətta "Otel otağı”nda dincələndə də unutmayın. Dəbdəbəli "Ad günü” keçirməyin, çünki "Şərikli çörək” yeyənlər var. Belə etsəniz, xalqın yanında "Ulduz”unuz parlayar və Sizin qədər maaş almayan "Bizim Cəbiş müəllim” də Sizə dəstək verər."Qızmar günəş altında” pambıq yığanlarla insaflı davranın. Qaçqın və köçkünə sayğı ilə yanaşın. Unutmayın ki, bu qəhrəman camaatın qarşıda hələ ermənilərlə "Dağlarda döyüş”ü var."Babək”dən "Koroğlu”dan, Moşu Göyəzənli kimi "6 dənə də öz oğlum”dan danışıb vaxt aparmayım. Amma onu deyim ki, "7 oğul istərəm” əvəzinə 7 icra başçısı istəyirəm ki, bu yazılanlara istehza ilə yanaşıb yazının müəllifini sadəlövh adlandırmasın.Nə isə. Filmlərimiz çoxdur. Hərəsinin də sərlövhəsi Sizin üçün də, elə bizim üçün də bir ibrətdir. Düşünürəm ki, bu bəndi də burda bitirək.Füzulluq eləməyək.
3. Bir az kitab oxuyun.Gülməyin, çünki Allah da insanla əlaqəni kitabla - QURANla qurub. Nizamini, Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, Axundovu, Zakiri və s. oxuyun və camaat-məmur münasibətlərinin incəliklərini bilin.Adını çəkdiyim yazarların kitabları söykəndiyiniz kreslonun arxasındakı şkafları doldurmaq üçün deyil. Xülasə, 19-cu əsr Rusiyasındakı ifadə ilə desək, "xalqın içərisinə getmək” lazımdır. Bunu Sizdən mən tələb eləmirəm.Prezidentin göstərişidir. Və nəhayət, icra başçısı təyin olunan günə qədər olan vəziyyətinizi və azad olunandan sonra düşəcəyiniz halı bir an da olsa yadınzdan çıxarmayın. Hətta imkanınız olsa, ikinci bənddə siyahıya salmadığım "Qızıl uçurum” filmini xatırlayın… Daha nə deyim?
…Bu yazını oxuduğunuza görə təşəkkür edirəm. Oxumayan icra başçılarına da çatdırın. Molla Nəsrəddinin sözü olmasın, "bilən bilməyənə desin”.Hələlik.Bu ümumu müraciət idi. Allah xüsusi müraciətdən saxlasın…
İcra başçısı OLMAMAQ arzusu ilə yaşayan
Namiq Həsənov
Bu xəbər üçün şərh yazın