Azərbaycanın pulu qonşu ölkəyə axır: Nə etməliyik?

Azərbaycanın pulu qonşu ölkəyə axır: Nə etməliyik? 

Azərbaycanlıların Gürcüstana axın etməsinin səbəbi orada qiymətlərin Azərbaycana nisbətən ucuz olmasıdır.

Bunu Axar.az-a açıqlamasında 4 ay ərzində 400 min azərbaycanlının Gürcüstana səfər etməsinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Gürcüstan açıqladığı rəsmi statistikada 2019-cu ilin ilk 4 ayında ölkəyə ən çox turistin Azərbaycandan gəldiyi qeyd edilib:

“Uzun illərdir ki, azərbaycanlıların ən çox səfər etdiyi ölkə Gürcüstandır. Bunun bir çox səbəbi var. Məsələn, məsafə olaraq Gürcüstanın həm yaxın olması, həm də avtobus və ya avtomobillə səfər edilməsindən asılı olmayaraq, xarici ölkə kimi daha ucuz başa gəlməsidir.

Digər daha böyük məsələlərdən biri də Gürcüstan üzərindən Avropaya ucuçların həyata keçirilməsinə marağın böyük olmasıdır. Çünki Kutaisi və Tiflisdən çox ucuz qiymətə Avropaya uçmaq mümkündür. AZAL-ın inhisarçı mövqedə və seçim imkanlarının da məhdud olması azərbaycanlıları Avropa səfərlər üçün Gürcüstandan tranzit kimi istifadə etməyə vadar edən faktora çevrilib. Məsələn, Kutaisidən Avropanın 16 şəhərinə uçuş həyata keçirilir və biletin ortalama qiymət təqribən Azərbaycan milli valyutası ilə 100 manatdır. Azərbaycandan isə Avropa ölkələrinə uçan marşurutların sayı həm azdır, həm də bahadır. Buna görə azərbaycanlılar Gürcüstanı seçir”.

Sərhədyanı rayonlarımızda yaşayan vətəndaşlarımızın ticarətlə bağlı Gürcüstanı seçdiyini bildirən ekspert bunun səbəbini Gürcüstanda mal və məhsulların daha ucuz olması ilə əlaqəndirib. Natiq Cəfərli vətəndaşların ticarət məqsədiylə Gürcüstana getməsinin və ölkədən pul axınının qarşısını almaq üçün Azərbaycanda rəqabət mühitinin artılmasının və bazar oyunçularının sayının çoxalmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında 400 min azərbaycanlı Gürcüstana səfər edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi