AzMİU və BDU pul mükafatları verdi, ADİU-da isə soğan paylanıldı- Müəllimlər nədən narazıdır?
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ştatda olan bütün işçilərə bir aylıq maaşları həcmində pul mükafatları verilməsinin ardınca, Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi də analoji addım atdı, müəllimləri sevindirdi.
Bundan sonra, bir çox universitetlərin pedoqoji kollektivi, o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimləri də bayram münasibətilə onlara pul mükafatlarının verilməsini gözləyiblər.Ancaq onların bu arzusu baş tutmayıb.ADİU-nun bir qrup müəllimi bayram payı olaraq onlara verilən 5-10 AZN dəyərində soğanın müəllimlərə baha başa gəldiyini deyiblər, bu barədə lağlağı edib, zarafatlaşıblar da.Bəzi müəllimlər bildiriblər ki, bazarda kilosu 0.50 AZN olan soğanı evlərinə aparmaq üçün taksi xidmətindən istifadə ediblər,yəni "aldım qoz,satdım qoz". Hətta buna görə soğan payından imtina edənlər də olub.
Faktinfo.az saytına məlumat verən müəllimlərdən biri isə maraqlı bir müqayisə aparıb. Adının açıqlanmasını istəməyən müəllim hesab edir ki, əslində bu cür mükafatlandırmanı ilk olaraq, hələ bir neçə il bundan qabaq ADİU həyata keçirməli idi.Ona görə ki, ADİU-da pullu təhsil alan tələbələrin sayı digər ali məktəblərlə müqayisədə bir xeyli çoxdur, üstəlik təhsil haqqının məbləği də kifayət qədər yüksəkdir. Belə olan təqdirdə, müəllimlərə niyə pul mükafatı deyil, soğan hədiyyə edilməlidir? ADİU-nun rektoru öz əməkdaşlarını yalnız bunamı layiq bilir?
Yeri gəlmişkən, onu da qeyd edək ki, Ədalət Muradovun adının soğan məsələsinə görə mətbuatda gündəmə gəlməsi əslində o qədər də təəccüblü deyil. Belə ki, ADİU-nun rektoru mütəmadi olaraq, müxtəlif məsələlərlə bağlı diqqət mərkəzinə düşür. Bu mənada daha çox hallanan məsələ isə Ə.Muradovun vaxtilə elmlər doktoru və professor adları alan zaman saxtakarlıqlara yol verilməsinə dair şübhələrin mövcudluğudur.
Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtisad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi, 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub. Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O, 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda, özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə yol açıb,yuxarı dairələrdə yaxşı qarşılanmayıb.KİV-də yazılanlara görə isə, bu barədə araşdırmalar hələ də davam edir. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, ardınca isə doktor adını necə alıb?
Bundan başqa, bir neçə müəllimin qanunsuz şəkildə ADİU-dan azad olunması (qeyd edək ki, buna dair bir neçə məsələ hələ də məhkəmə baxışındadır), differensial əmək haqqı sistemi tətbiq edilərkən ədalət prinsipinin pozulması və s.məsələlərlə bağlı son illər KİV-lərdə saysız-hesabsız yazılar verilib.
Belə görünür ki, bu “soğan məsələsi" də sonuncu mövzu olmayacaq. Yəni, sözügedən ali təhsil müəssisəsi ilə bağlı hələ çox nataraz işlərin şahidi olacağıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın