Aztəminatlı ailələr üçün “gözə kül üfürmək” taktikası seçilib- Nabatəli Qulamoğlu
Fərmanla əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Bu günlərdə isə Təhsil Tələbə Kreditinin verilməsi üzrə müraciətlərə başlanılıb. Tələbə kreditlərinin hansı müddətə verildiyi də açıqlanıb.
Bununla bağlı təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:
“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq”.
Bu gün cəmiyyətdə təhsil tələbə kreditlərinin verilməsi heç də birmənalı qarşılanmır. Bəzi mütəxəssislər bu kreditlərin imkansız tələbələr üçün böyük dəstək olacağı qənaətində olsalar da, bir qism ekspertlər bunun məzunlar üçün gələcəkdə problemlərə yol açacağını bildirirlər.
Belə ki, təhsil tələbə kreditləri aztəminatlı ailələrin övladları ücün nəzərdə tutulsa da, bu tələbələr məzun olduqdan sonra iş tapmadıqları və ya az maaş aldıqları təqdirdə kreditin ödənişi problemə çevriləcək. Məhkəmə isə təbii ki, dövlətin lehinə qərar verəcək və nəticədə ailə yenə cətinliyə düsəcək.
Bu istiqamətdə ən mühüm amillərdən biri məhz məzunun işlə təmin edilməsidir. Bu gün ölkədə məzunların əksəriyyətinin işlə təmin edilmədiyini nəzərə alsaq, burada müvafiq qurumların müxtəlif təkliflərlə çıxış etməsinə ehtiyac yaranır.
Belə təkliflərdən biri kimi kredit alan məzunlarla bağlı təyinat sisteminin tətbiqi mümkündürmü?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Cebhe.info-ya bildirdi ki, bu gün ölkədə əhalinin sosial təminatla bağlı narazlığı çoxdur:
"Hazırda təqdim edilən təhsil kreditləri də müəyyən mənada xalqın gözünə kül üfürməkdir ki, guya hökumət təhsilin də qayğısına qalır. Əgər təhsilin qayğısına qalsaydı, büdcənin 11 faizini təhsilə, 20 faizini hüquq-mühafizə orqanlarına ayırmazdı. Dünyanın sivil ölkələrində dövlət tərəfindən də təhsil krediti verilməsinə baxmayaraq, əsas bu iş biznesmenlərin üzərinə düşür. Yaxşı iş adamları gəlib ali təhsil müəssisələrində, hətta orta məktəblərdə uşaqları seçirlər, onlara bələd olurlar. Sonra onlarla müqavilə bağlayırlar ki, səni 5 il pulsuz oxuduram və oxuyub qurtarandan sonra gəlib mənim müəssisəmdə əməkhaqqı almaqla fəaliyyət göstərəcəksən. Həmin gənclərin qabiliyyətinə bələddirlər və bilirlər ki, məzun olduqdan sonra onlar həmin iş adamının müəssisəsində müəyyən xeyir verəcək. Ölkəmizdə də bunu tətbiq etmək lazımdır".
Ekspert deyir ki, dövlət elə maliyyə bazarı yaratmalıdır ki, o bazarda yalnız monopol banklar 6 faizlə kredit verməsinlər:
"İndi deyirlər ki, guya 2 faizlə hansısa imkansız ailəyə kredit verəcəklər. Məlum deyil ki, onu verəcəklər, yaxud verməyəcəklər, neçə nəfərə veriləcək, cəmi bir nəfərə də versələr deyəcəklər 2 faizlə vermişik. Maliyyə monopoliyası olan yerdə təhsil kreditindən danışmaq mənasızdır.
Məsələn, bu gün "KapitalBank" hər gün 5 faizlə 30 min manat dəyərində kredit verdiyini reklam edir. Ancaq alan yoxdur, çünki miqdar çoxdur. Ölkənin monopol bankları müştəri sarıdan qıtlıq çəkirlər, istəyirlər ki, pullarını xərcləsinlər. Heç vaxt şübhə etmirəm ki, bu təhsilin xeyri üçün nəzərdə tutulmayıb. Bu, ölkənin vahid əldə olan bankların qeydinə qalmaqdan başqa heç nə deyil".
Bu xəbər üçün şərh yazın