Baba Vəziroğlu Prezidenti tənqid edənlərə cavab verdi: “Susun, “müxalifət” anlayışının özü əcaib məğz təşkil edir”

Baba Vəziroğlu Prezidenti tənqid edənlərə cavab verdi: “Susun, “müxalifət” anlayışının özü əcaib məğz təşkil edir” 

“Cənab Prezident İlham Əliyevin Özbəkistanda dünya liderləri ilə çəkdirdiyi fotosuna başqa aspektdən baxan adamlar siyasətdən çox naşı və nadan adamlardır.

Onlar, demək, siyasətin nə olduğunu bilmirlər, ya da qəsdən özlərini bilməzliyə qoyurlar. Bunlar başa düşmürlər ki, şəxsi hissiyyatlar tamam başqa şeydir, dünya siyasətində oynadığın və ya oynamaq istədiyin rol tamam başqa bir şeydir. Mən bunlara “çayxana siyasətçiləri” deyirəm. “Çayxana siyasətçiləri” bir az zərərsiz olur, amma bunlar zərərli siyasətçilərdir”.

Faktinfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

 

O bildirib ki, belə sözləri deyən adamların çoxunun həyatda fəaliyyətini görmüşük, müşahidə etmişik: “Cənab Prezidentin qaytardığı torpaqların çoxunu, bəlkə də, hamısını həmin bu insanlar erməniyə verməmişdi? Hətta keçmiş rəhbərlərinin dövründə belə gedən torpaqlar məhz bu müxalifətçilərin hakimiyyətə gəlmək xəstəliklərinə görə əldən getmişdi. Bunlar burda hakimiyyət davası aparırdılar. Hələ o zaman dövlət rəhbərləri var idi, yazıqlar bilmirdilər ki, torpaqları müdafiə etsinlər, yoxsa içəridə hakimiyyət davası edən əldəqayırma müxalifətçilərlə mübarizə aparsınlar. Yəni biz bütün bunları görmüşük. Siyasi meydanda yeni, tanımadığımız qüvvə olsaydılar, deyərdik görək bunların məqsədləri, məramları nədir? Hakimiyyətə gəlsələr nə edə bilərlər? Bu barədə düşünə bilərdik. Heç şəxsən mən düşünmək də istəmirəm. Çünki İlham Əliyevə alternativ görmürəm. Varsa, bir nəfər çıxsın qabağa. İndi sosial şəbəkələr, televiziyalar, mətbuat azaddır. Çıxsın bir nəfər qabağa, desin ki, mən bunu belə edərəm. Məgər bu yolun, bu yol xəritəsinin, fəaliyyətin alternativi varmı? Yoxdur! Bunlara ciddi baxmaq lazım deyil. İllərdir müxalifətin nə dediyinin, nə etdiyinin, vallah, fərqində deyiləm, heç ciddi də baxmıram. Məşhur Şərq məsəli var, “karvan öz işindədir””.

 

B.Vəziroğlu deyib ki, Azərbaycanda “müxalifət” anlayışının özü əcaib məğz təşkil edir: “Mənim fikrimdən qabaq xalq bunu min illər bundan öncə deyib ki, “öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır”. Nə yaxşı ki, bu sosial şəbəkələr var. Müxalifət gecə-gündüz lupa ilə axtarır ki, balaca toz dənəsi tapsın, böyütsün, qarışqanı filə çevirsin, sosial şəbəkələrdə yaysınlar. Amma həm də normal adamların əsəbləri ilə oynayırlar. Təsüvvür edin, gözlərini yumurlar, elə bilirlər ki, göz yummaqla Günəş yox olacaq. Günəş həmişə var. Bu Günəşi tək Azərbaycanda yox, bütün dünyada görürlər ki, Azərbaycan artıq XXI əsrin dünya ölkələri sırasında öz yeri, nüfuzu, mövqeyi olan qalib dövlətdir. Azərbaycan neçə yüz il fasilədən sonra tarixi torpaqlarını geri qaytaran dövlətdir. Görürsünüz, dünyada nə qədər münaqişələr var. İşğallar olur, artıq dünya buna biganədir. İmkan da vermirlər ki, sonra dövlətlər öz torpaqlarını geri qaytarsınlar, halal torpaqlarına sahib olsunlar. Dünya belə bir mürəkkəb struktura malikdir. Bu mürəkkəb strukturdan baş çıxarmaq hər oğulun, hər müxalifət liderinin, nümayəndəsinin işi deyil. İnanın, elə cənab Prezidentin öz komandasında da bunu bacaran adam yoxdur. Cənab Prezident elə bil Allahın töhfəsidir ki, bizə yetirib. Bu cür hərtərfli, həm sərkərdəlik qabiliyyəti, həm siyasi iradəsi, Azərabycan kişisi kimi sözünün bütövlüyü, müasir dövlət xadimi kimi dünya dillərində hamı ilə ünsiyyət qurması. Müharibə dövründə, post-müharibə zamanında verdiyi müsahibələr. 

Bilirsiniz kimlər gəlmişdi? Biz burda bəzilərinə yalandan “media kapitanları” deyirik. Əsl media kapitanları onda gəlmişdi. Başdan-ayağa məkirlə dolu, provokasiyaya köklənmiş jurnalistlər, Fransandan, Almaniyadan, Böyük Britaniyadan və s. İnanın, heyran qaldım. Cənab Prezident onları necə yerlərində oturtdu. Həm dil qabiliyyəti, qətiyyəti, tarixi bilikləri, həm də siyasi iradəsi ilə... Onlar da “suları süzülə-süzülə” çıxıb getdilər. Elə məqamları dedi ki, o məntiqin qarşısında bütün provakasiyalar, şantajlar hamısı gücsüz idi. Cənab Prezident çox mürdik kəlamlar deyib. Amma ən çox ürəyimcə olanı “nəyi nə zaman necə edəcəyimi özüm yaxşı bilirəm” kəlamı oldu. Ona görə də səslənirəm, ey “çayxana siyasətçiləri”, ey sosial şəbəkələrdə, saytlarda özfəaliyyətlə məşğul olan həvəskarlar, heç olmasa məmləkətin bu həssas dönəmində susun! Ən böyük xidmətiniz bu olar. Allahın izni ilə əminamanlıq dövrü, plüralizm, dünyanın xoş dövranı gələr, nə istəsəniz, yazarsınız. Amma bu saat hədəfdə dövlət, dövlətçilik, məmləkətimizin ərazi bütövlüyü, suverenliyidir. Bu məsələlərdə ehtiyatlı olun. Bu Vətən təkcə cənab Prezidentin, Baba Vəziroğlunun deyil, həm də sizindir. Yaşamağa da, ölməyə də bu Vətən sizindir!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi