Babək prospektində biabırçılıq – Layihə bitdi, piyada keçidlərinə pul qalmadı
Dövlət Agentliyi keçid tikmək üçün Babək prospektini yenidən qazmalı olacaq
Bakının ən böyük prospektlərindən biri olan Babək prospekti uzun illərdən sonra nəhayət, bu il təmir edildi. Əvvəlcə 3, sonra 6 ay müddət desələr də, işlər bir neçə gün əvvəl başa çatıb. Lakin Avtosfer.az-ın məlumatına görə, prospektdə çox ciddi problemlər qalmaqdadır.
Məsələn, bir neçə gün əvvəl müzakirələrə səbəb olan geriyədönmə yerlərində insanların üzləşdiyi problem hələ də tam həll edilməyib. Əvvəlcə geriyədönmə yerlərinə plastik dirəklər basdıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “mütəxəssisləri” sürücülərə ciddi problem yaratdı. Xüsusən də, yük maşınları və avtobuslar Babək prospektində geriyə dönərkən bir neçə dəfə irəli-geri hərəkət etməli və ya plastik dirəkləri basıb əzməli idi. Mətbuat yazandan sonra Agentlik əməkdaşları plasktik dirəkləri söksə də, indi də düz xətt çəkiblər. Bu isə orada geriyədönmə manevri edən sürücülərin cərimələnməsinə gətirib çıxarır. Belə ki, xətti məcburən tapdalayan sürücülər cərimə edilirlər.
Digər ciddi problem isə Babək prospektində piyada keçidlərinin olmamasıdır. Əvvəllər bir neçə yerdə nizamlanmayan keçid – zebra var idi, bəzi nöqtələrdə isə svetoforla nizamlanan keçidlər qoyulmuşdu. Lakin Agentliyin “mütəxəssisləri” o boyda prospekti təmir edəndən və işlərin başa çatdığını rəsmən elan edəndən sonra məlum olur ki, piyadalar üçün keçid qoyulmayıb.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Babək prospektinin təmiri ilə layihəsində orada 6 yerdə piyada keçidinin qoyulması nəzərdə tutulubmuş. Lakin işlər başa çatandan sonra Agentliyin əməkdaşları bildirib ki, keçidləri qoymağa pul qalmayıb. Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Babək prospektində piyada keçidlərinin qoyulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə danışıqlar aparır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də bu vəziyyətdən narahatdır. Qaydalara görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu işləri BNA və DYP ilə razılaşdırılmış şəkildə görməli olduğu halda heç bir əməkdaşlıq edilməyib. Hətta, BNA və DYP-dən verilən təkliflər nəzərə alınmayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları öz bildikəri kimi iş görüb və bu da müxtəlif problemlərə yol açacaq. Ehtimal olunur ki, Dövlət Agentliyi prospektdə piyada keçidlərinin tikilməsi üçün dövlətdən əlavə vəsait alsın. Bundan sonra isə Babək prospektində 2 yeraltı piyada keçidi tikiləcək, digərləri yerüstü olacaq. Bir sözlə, Babək prospektini yenidən qazmalı olacaqlar…
Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Babək prospektində aparılan təmir işləri keyfiyyətlidir və xeyli iş görülüb: “Lakin bir sürücü və ərazidə yaşayan sakin kimi deyə bilərəm ki, gələcəkdə Babək prospektində yenidən problemlər olacaq, tıxac yaranacaq. İşlərin keyfiyyətinə söz ola bilməz. Amma layihəni yaxşı qiymətləndirmirəm. Həm geriyədönmə yerlərində yaşanan vəziyyət, həm də piyada keçidlərinin olmaması müəyyən problemlər yaradacaq və artıq yaradır da. Düşünürəm ki, bu problemləri də həll etmək yaxşı olardı. Yol polisi ilə məsləhətləşmə aparsaydılar daha faydalı iş görmək mümkün olardı”.
Bu xəbər üçün şərh yazın