Bağçalarda monitorinqlər aparılacaq - Uşaqların düzgün qidalanması ilə bağlı

Bağçalarda monitorinqlər aparılacaq - Uşaqların düzgün qidalanması ilə bağlı 

Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır.

Bu barədə Trend.az-a Agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

A.Fərziyeva bildirib ki, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır: "Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımi qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir. Düzgün qidalanma xüsusilə uşaqların immunitetinə müsbət təsir etməklə orqanizminin dözümlülüyünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir".

Qurum rəsmisi onu da qeyd edib ki, əksər bağçalar istirahət və bayram günləri istisna olmaqla, uzadılmış iş rejimi, bir hissəsi isə sutkalıq fəaliyyət göstərdiyindən uşaqların vaxtının çoxu bu müəssisələrdə keçir: "Bütün bunları nəzərə alaraq, uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyinin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi