Bakı-Gəncə sürət qatarı dekabrın 29-da fəaliyyətə başlayacaq –Sınaq hərəkəti aparılıb
Bakıdan Gəncə istiqamətində işləyəcək sürət qatarının sınaq hərəkəti həyata keçirilib.
Dekabrın 24-də keçirilən sınaq hərəkəti zamanı Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov da qatarda olub. Onun sınaq hərəkətinə bilavasitə rəhbərlik etdiyi bildirilir.
Sürət qatarının açılış mərasimi dekabrın 29-da baş tutacaq. Mərasimdə Milli Məclisin deputatları, KİV nümayəndələri, QHT rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, ölkə prezidentinin də açılış mərasiminə qatılacağına dair məlumatlar yayılıb.
C.Qurbanovun mətbuata verdiyi məlumata görə, Bakı-Gəncə sürət qatarları ikimərtəbəlidir: “Fərqlənməsi də ondan ibarətdir ki, bu qatarlarda xüsusi VİP və biznes-klasslar var. Həm aşağı səviyyəli klasslarda olan vaqonlar var. Hər vaqonda quraşdırılmış soyuducular mövcuddur. Vaqonların baş tərəfində kiçik də olsa mətbəx formasında yer var. Burada ayaqüstü yeməklərin verilməsi nəzərdə tutulub. Eyni zamanda vaqonlar “wifi” ilə də təmin ediləcək. İnsanların rahatlığı üçün komfort yaradılacaq. Sürətə gəlincə isə biz artıq 159 kilometr sürəti sınaqdan keçirmişik. Qatarların maksimal sürəti saatda 300 kilometrə qədərdir. Ancaq Azərbaycan dəmiryollarının bugünkü imkanlarına görə biz onu maksimum 160 kilometr/saata qədər sınaqdan keçirə bilərik. Hələ ki yollarımızın kənarları tam bağlanmayıb və ölkənin hər yerində təhlükəsizliklə bağlı işlər görülməyib. Ona görə də sürətin bir o qədər qaldırılması mümkün deyil. Lakin get-gedə, işlər görüldükcə biz bu sürəti qaldırmağa çalışacağıq”.
Bu xəbər üçün şərh yazın