Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti narazılıq doğurur

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti narazılıq doğurur 

KİV-lərdə ən çox tənqid olunan qurumlardan biri də Bakı Nəqliyyat Agentliyidir (BNA) desək, yəqin ki, yanılmarıq. Sərnişin daşıma ilə bağlı durum hər kəsin gözü önündədir. Ancaq biz bu dəfə başqa bir məsələyə - yol kənarlarındakı səkilərdə, boş ərazilərdə olan acınacaqlı vəziyyətə toxunmaq istəyirik.

Sözügedən ərazilərə nəzarət hal-hazırda BNA-ya həvalə edilsə də, həmin yerlərdə tam nəzarətsizlik hökm sürür. Qanuni və ya qanunsuz fəaliyyət göstərən taksilər, o cümlədən şəxsi nəqliyyat vasitələri həmin əraziləri əməlli-başlı zəbt edib. Günün istənilən saatlarında o yerlərdə piyadaların normal hərəkəti demək olar ki, mümkünsüzdür.Artıq vəziyyətlə bağlı şəhər sakinləri narazılıq edir,dilə gəlir.

Mövcud durumla bağlı əlimizdə çoxsaylı görüntülər olsa da, onları təqdim etməyi məqsədəuyğun saymırıq. Çünki, Qarabağdakı şanlı zəfərdən sonra beynəlxalq aləmdə qalib, güclü və fədakar xalq imici qazandığımız bir vaxtda o cür görüntülərin ortaya çıxması gerçəkdən də ölkəmizin adına utanc gətirər. Onu da deyək ki, həmin vəziyyətə şahidlik edən xarici vətəndaşlar oralardan təəccüb içində, başlarını bulayaraq keçirlər.

Biz isə BNA-nın rəhbərliyinə üzümüzü tuturuq: Zəhmət çəkib səhərlər saat 8-10, axşamlar isə 6-8 arası o cür yerlərə təşrif buyurun və hər şeyi öz gözünüzlə görün. Konkret ünvan istəyirsinizsə, misal olaraq, Qara Qarayev prospekti 33-ü deyə bilərik. Yox, əgər özünüzə əziyyət vermək istəmirsinizsə, həmin görüntüləri yayımlamaq da mümkündür.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi