Bakı Slavyan Universitetində gənclərin rolu mövzusunda görüş keçirilib

Bakı Slavyan Universitetində gənclərin rolu mövzusunda görüş keçirilib 

19 dekabr 2017-ci ildə Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın II kurs tələbələri ilə görüşü olub. Akt zalında baş tutan görüşdə rektor bundan əvvəl I kurs tələbələri ilə görüşdüyünü və onlarla səmimi söhbət etdiyini bildirib.

O, bu görüşlərin universitet rəhbərliyi ilə tələbə gənclər arasında körpü yaradılmasında mühüm rol oynadığını qeyd edib. N.Əliyeva I kurs tələbələrindən fərqli olaraq, II kurs tələbələrinin universitet həyatına, təhsil müəssisənin daxilində qayda-qanunlara daha yaxşı bələd olduqlarını bildirib. N.Əliyeva bu gün BSU-da istedad və qabiliyyətləri ilə fərqlənən xeyli sayda gəncin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gələcəyinin, dövlətçiliyimizin bir çox uğurlarının gənclərdən asılı olduğunu vurğulayıb.

N.Əliyeva universitetdə tələbələrin inkişafı, uğurlu gələcəyi üçün hər cür şərait yaradıldığını deyib. O, BSU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə sıx əlaqəsinin olduğunu, beynəlxalq layihələr əsasında tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edib:“Təkcə Rusiyanın 27 universiteti ilə sıx əlaqələrimiz vardır. Bundan əlavə, Türkiyə, Bolqarıstan, Polşa, Çexiya, Ukrayna, Belarus və s. dövlətlərinin ali təhsil müəssisələri ilə yaxın münasibətlərimiz mövcuddur”, - deyə BSU rektoru vurğulayıb. O, universitetdə keçirilən tədbirlərdə dünyanın tanınmış alimlərinin, siyasi xadimlərinin iştirak etdiyini, tələbələrimizə tövsiyələr verdiklərini xatırladıb. N.Əliyeva ötən il BSU-da keçirilən beynəlxalq konfransda akademik Verbitskayanın, bu günlərdə təşkil olunan dəyirmi masada isə 8 ölkənin diplomatik nümayəndəliyinin rəhbərlərinin iştirak etdiyini söyləyib.

Rektor universitetdə keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini nəzərə çatdırıb. O, deyib: “Biz siz tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, təhsil şəraitinizin yaxşılaşdırılması, sosial problemlərinizin imkan daxilində həlli üçün əlimizdən gələni edirik. 70 nəfərdən artıq tələbənin yeməkxanadan pulsuz istifadəsinə şərait yaratmışıq. Yatmağa yeri olmayan tələbələrimiz üçün yataqxananın bərbad vəziyyətdə olan otaqlarını təmr etmişik. Məqsədimiz bu ölkəyə, bu millətə xidmət edə biləcək vətənpərvər, hazırlıqlı gənclər yetşdirməkdir”.

Rektor onu da vurğulayıb ki, indiki dövrdə gənclərimizin lazımi səviyyədə təhsil alması, mənəvi və intellektual baxımdan inkişafı üçün hər cür şərait vardır: “Bizim dövrümüzdə hər şey Moskvada müəyyən olunurdu. Heç kəs Kremlin iradəsindən çıxa bilməzdi. Amma indi öz milli dövlətimiz, öz konsititusiyamız, öz qanunlarımız vardır. Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti siz tələbələrin hərtərəfli şəxsiyyət kimi formalaşması üçün işıqlı yollar müəyyən edib. Siz bu gün hüquqi, demokratik

və sosial ədalətə söykənən bir cəmiyyətdə yaşayırsınız. 250 illik dövlətçilik təcrübəsi olan ölkələrdə belə bu cür demokratiya yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunu davam və inkişaf etdirərək ölkəmizin bütün parametrlər üzrə Qafqazın ən inkişaf etmiş ölkəsinə çevrilməsini təmin etmişdir”.

Rektor üzünü gənclərə tutaraq onları yad təsirlərdən, əks təbliğatlardan uzaq olmağa çağırıb. O, işğal olunmuş Azərbaycan torpaqlarının güclü ordumuzun sayəsində qısa müddət ərzində işğaldan azad edilə biləcəyini dilə gətirib. “Amma biz qan tökülməsini istəmirik, torpaqlarımızı sülh danışıqları yolu ilə azad edəcəyimizə qəti əminik”.

Rektor gənclərin əxlaq, davranış, geyim məsələlərinə də toxunub. O, hər bir tələbəni öz geyimi, davranışı, əxlaqı ilə nümunəvi olmağa çağırıb. Qarşıdan sessiyanın gəldiyini vurğulayan rektor biliyin yeganə meyar olacağını bəyan edib. O, tələbələnrdən yalnız oxumaq, dərslərə yaxşı hazırlaşmaq, imtahanın nəticələri ilə həm müəllimlərini, həm də valideynlərini sevindirmək tələb olunduğunu bildirib.

Faktinfo.az

Bakı Slavyan Universitetində gənclərin rolu mövzusunda görüş keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi