Bakıda 17 il əvvəl oğurlanan gəminin izi ilə…

Bakıda 17 il əvvəl oğurlanan gəminin izi ilə… 

Qəmbər Səfərov: “Qüdrət Qurbanov deyir ki, gəmi Bəylər Əyyubovdadır”

“Mənə maraqlıdır ki, bu adam nəyə, kimə güvənərək öz əməllərini general rütbəli bir şəxsin üzərinə atır”

“Mənə məxsus “Yunıy moryak” adlı gəmi “Mərdəkan broyler”lə Dövlət Dəniz Administrasiyası tərəfindəələ keçirilib”

Səfərov Qəmbər Səfər oğlu uzun illər Rusiyada polis orqanlarında çalışıb. 1992-93-cü illərdə təqaüdə çıxaraq, Azərbaycana dönüb. Ölkəyə qayıtdıqdan bir müddət sonra öz peşəsinə uyğun iş tapmaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Lakin həmin vaxt DİN-dən müsbət cavab ala bilməyib, yəni onu işə qəbul etməyiblər. Bir neçə il işsiz qaldıqdan sonra, nəhayət, bizneslə məşğul olmağa qərar verib. Rusiyadan Azərbaycana qayıdarkən özü ilə müəyyən miqdarda pul gətirdiyindən, biznesə başlamaq üçün əlində sərmayəsi də olub. Çox götür-qoy etdikdən sonra, Rusiyada müxtəlif vəzifələrdə çalışan dostlarının köməkliyi ilə kiçik gəmilərin alqı-satqısı işinə başlayıb.

(Əvvəli ötən sayımızda)

 

“Bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun da əli var”

Qəmbər Səfərov iddia edir ki, ona məxsus “Yunıy moryak” adlı gəmi “Mərdəkan broyler”lə Dövlət Dəniz Administrasiyası tərəfindən ələ keçirilib. Onun sözlərinə görə, bu məsələdə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun da əli var və onun imzası ilə bir sıra saxtakarlığa yol verib. Belə ki, Q.Qurbanov tərəfindən ona məxsus gəminin guya “Mərdəkan broyler”ə aid olması haqda mülkiyyət hüququ haqqında şəhadətnamə verilib…

…Şikayətçinin sözlərinə görə, oğurlandıqdan 3 il sonra ona məxsus “Yunıy moryak” adlı gəmini SOCAR-ın Zığda yerləşən zavodunda aşkarlasa da, onu öz pulu ilə aldığı gəmiyə buraxmayıblar: “Nəhayət, öz halal pulumla aldığım gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə almaq üçün lazım olan sənədlərlə birlikdə rəsmi şəkildə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına müraciət etdim. Administrasiya 18 may 2010-cu il tarixli məktubu ilə mənə bildirdi ki, “Yunıy Moryak” gəmisi “Mərdəkan-Broyler” ASC-nin mülkiyyəti olaraq 30 iyun 2003-cü il tarixdə DGR 0169 nömrə ilə qeydiyyata alınmış və sonradan mülkiyyətçinin müraciəti əsasında adının dəyişdirilərək “Ramin” olması ilə bağlı reyestrdə müvafiq qeydiyyat aparılıb. Ancaq Administrasiya gəmiyə dair mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olmuş sənədləri mənə verməkdən imtina etdi”.

Qəmbər Səfərov deyir ki, ona məxsus gəminin ələ keçirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməyib: “Daha sonra Səbayel rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə 1 iyun 2012-ci il tarixli, iş № 2(009)-950/2012 saylı qətnaməsi ilə mənim mülkiyyət hüququmu tanıdı. Buna rəğmən, Səbayel Rayon Məhkəmə icraçıları və Dövlət Dəniz Administrasiyasının əməkdaşları əlbir olaraq hər dəfə bir bəhanə ilə onu icra etməkdən imtina etdilər. Hələ bu azmış kimi, qətnamənin rəsmən icraya yönəlməsindən 6 ay sonra “Mərdəkan-Broyler” ATSC qanunsuz olaraq apelyasiya şikayəti verib və onun verdiyi şikayət qanunsuz olaraq icraata qəbul edilib”.

Aydın Əhmədov tərəfindən ölümlə hədələnib

  1. Səfərov deyir ki, bir neçə dəfə Aydın Əhmədovun qəbuluna gedərək, onunla görüşmək istəsə də, hər dəfə rədd cavabı alıb. Bir dəfə isə Aydın Əhmədovun adından ona hədə-qorxu gəliblər ki, əgər gəmiyə iddiasını irəli sürsə, onu məhv edəcəklər. “Bu gəmiyə çox yüksək rütbəli məmurun gözü düşüb və hazırda gəmi rəsmən ASC-nin balansında olsa da, ona işləyir”, – deyə ona bildirilib.

Bakıda “rus rublu” ilə alış-veriş

Səbayel rayon Məhkəməsində işə baxılarkən o da məlum olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən “Mərdəkan-Broyler” ASC-nin tərtib etdiyi saxta müqavilədə alqı-satqının rus rublu ilə aparıldığı qeyd edilib. Hansı ki, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı – fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alğı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?

Digər tərəfdən, həmin alqı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, “tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq” Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Bütün bunlar isə məhkəmənin diqqətini çəkib ki, Azərbaycan vətəndaşları arasında alğı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir?

Qüdrət Qurbanovun saxtakarlığı

Daha bir məqam odur ki, ötən sayımızda da qeyd etdiyimiz kimi, aşkar saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib. Hansı ki, onun bu qanunsuzlu nəticəsində Qəmbər Səfərov 17 ildən artıqdır halal malına sahiblənə bilmir: “Bu özbaşınalıq və qanunsuzluqdan Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, bütün hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm və edirəm. Ancaq heç bir nəticəsi yoxdur. Milyardların sahibi olan hansısa məmur mənim o qədər də baha sayılmayan gəmimi mənimsəyib, halallığımı belə vermir”.

Qəmbər Səfərovun sözlərinə görə, hazırda ona məxsus gəmi Dövlət Dəniz Administrasiyasının nəzarətindədir: “Təsəvvür edin, deyirlər ki, gəmini təmir etmişik. Sual olunur, axı bu gəmi sizdə hardandı ki, onu təmir etmisiz. Bununla Dövlət Dəniz Administrasiyası faktiki olaraq gəmini oğurladığını etiraf edir. Bu cinayət əməlidir. Mən dəfələrlə müraciət etmişəm ki, ya gəmini, ya da pulunu verin. Gəminin qaytarılması barədə Ali Məhkəmənin də qərarı var. Amma Qüdrət Qurbanov özünü qanunlardan üstün tutur”.

Qəmbər Səfərovun sözlərinə görə, birinci məhkəmə instansiyasının qərarından sonra Qüdrət Qurbanov bir həftə möhlət istəyib: “Mənə rüsum ödətdirdilər. Dedilər ki, qərar icra olunacaq. Qüdrət Qurbanov da bir həftə möhlət istədi. Bu bir həftə 8 ay çəkdi. 8 aydan sonra isə qanunsuz olaraq apellyasiya şikayəti verdilər. Amma yenə də Qüdrət Qurbanovun saxtakarlığı üzə çıxdı. Ali Məhkəmə də gəminin qaytarılması barədə qərar çıxardı”.

Bütün məhkəmə instansiyaları onun xeyrinə qərara çıxarsa da, gəmisini Qüdrət Qurbanovdan ala bilməyən şikayətçi öz haqqını əldə etmək üçün sonadək mübarizə aparacağını bildirir: “Qüdrət Qurbanov mənim gəmimi ələ keçirib, amma məsuliyyəti Bəylər Əyyubovun üzərinə atır. Deyir ki, guya gəmi ondadır. Mən onun bu sözlərinə inanmıram. Bilirəm ki, diqqəti özündən yayındırmaq üçün deyir, gəmi ağsaqqaldadır. Soruşuram ağsaqqal kimdir, Bəylər Əyyubovun adını çəkir. Amma mənə maraqlıdır ki, bu adam nəyə, kimə güvənərək öz əməllərini general rütbəli bir şəxsin üzərinə atır. Odur ki, mən Bəylər müəllimin də bu məsələyə aydınlıq gətirməsini istərdim”.

Hazırladı: AYXAN

 

Redaksiyadan: Mövzuya qayıdacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi