Bakıda H1N1 təsdiqləndi: Çempion donuz qripindən öldü?
Ümumdünya Səhiyyə Təşkilatının dünən Azərbaycanda H1N1, yəni donuz qripi virusunun aşkar edilməsi ilə bağlı açıqlaması əhalidə narahatlıq yaratdı.
Xəbərin artınca Səhiyyə Nazirliyi məlumatı təkzib etsə də, nazirliyin məlumatı elə də effekt vermədi.
ÜST və SN əhalinin narahatlığını və məsələnin əhəmiyyətini nəzərə alaraq bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda da donuz qripinin aşkarlandığını təsdiqləyiblər.
Bu virusa yoluxanların adları açıqlanmasa da, ÜST nümayəndəsi 16 nəfərdə belə halın aşkarlandığını, ancaq ağırlaşma ilə müşahidə olunmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə dünyasını dəyişən idmançı, dünya çempionu Xamis Məmmədovun ölüm xəbəri yayılarkən onun qripdən dünyasını dəyişdiyi deyilmişdi. Bu məlumat əhali arasında öldürücü donuz qripi virusunun yayılması ehtimalını gücləndirdi. Müalicə həkimi isə idmançımızın ağciyərlərin tromboemboliyasından dünyasını dəyişdiyini açıqladı.
X.Məmmədovun ölüm səbəbinin dəqiq məlum olmaması da çaşqınlığa səbəb oldu. Belə ki, ailə ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün meyitin yarılmasından qəti şəkildə imtina etdi.
Jurnalist Ləman Ələşrəfqızı isə sosial şəbəkə hesabında ölkədə donuz qripinin ölümə səbəb olması barədə məlumat paylaşıb. Jurnalist bildirib ki, 18 yaşlı bir xanım bu virusdan dünyasını dəyişib:
“Dünən valideynlərin qrupunda biri yazmışdı ki, tanışının 18 yaşlı bacısı qripdən ölüb. Bu gün rəsmən təsdiqləndi ki, Azərbaycanda A/H1N1 virusu var”.
Tibb elmləri doktoru Adil Qeybulla açıqlamasında bildirib ki, adi soyuqdəymə zamanı olan qripin donuz qripi virusuna çevrilməsi anlayışı yoxdur:
“Adi qripin donuz virusuna çevrilməsi deyilən bir anlayış yoxdur. Donuz qripi özü qripin bir formasıdır”.Axar.az
Bu xəbər üçün şərh yazın