Şahmar İbadovun qəza törətmiş oğluna hökm oxundu-Mərhumun oğlanları şikayətçi olmayıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, bu il avqust ayının 22-də Bakı şəhərində Şahmar İbadovun oğlu Elmir İbadovun idarə etdiyi “Range Rover”avtomobili ilə vurulan qadın ertəsi gün vəfat etsə də ,mərhumun oğlanları sürücüdən şikayətçi olmamışdı .O vaxt saytlar hadisəni ictimailəşdirəndən sonra Ş.İbadov mətbuata verdiyi açıqlamada isə bildirirdi ki, qadın avqust ayının 28-də vəfat edib,ona görə də övladı tərəfindən avtomobillə vurulan şəxsin ölümünün səbəbini onun oğlu ilə bağlamaq səhvdir. Sitat: “Yaşlı qadının ölümü oğlumun qəza törətməsi ilə bağlı deyil. Hadisə avqust ayında baş verib.Düzdür oğlum qəza törədib.Yazıblar ki, hadisə yerindən qaçıb. Bu,tamamilə səhv məlumatdır.O,yaşlı qadını elə yerindəcə maşınına mindirərək,xəstəxanaya çatdırıb.Qadın xəstəymiş,ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz “
Göründüyü kimi,Ş.İbadovun “məntiqi”ndən belə anlaşıldı ki, onun oğlu qadını avtomobili ilə vurubsa, o yerindəcə ölməliymiş.Yox,hadisədən 6 gün sonra oglu tərəfindən “Range Rover”lə vurulan qadın ölübsə, hadisəni onun oğlu ilə bağlamaq yanlış addımdır.Yəni maşınla vurulan qadın xəstə olmamalıymış.
Bu özünü “sğorta”cəhdinə cavab olaraq o vaxt yazmışdıq ki, istənilən halda ölümə səbəb,baş verən hadisə ilə götürülür.Əgər bir insanın böyrəkləri,qaraciyər və digər orqanları xəstədirsə,ancaq o ürək tutmasından ani və ya bir neçə saat sonra ölürsə, onun ölümünə səbəb kimi də ürək tutması qeyd olunur. Eləcə də Şahmar İbadovun oğlu Elmir İbadov tərəfindən maşınla vurulan qadının ölümünə səbəb Ş.İbadovun təbirincə mübtəla olduğu xəstəliklə götürülməməli idi .Bu cür yanaşma düzgün deyildi.
Məhkəmə qərarından göründüyü kimi, qadının ölümünə səbəb olan sürücü Elmir İbadov hər bir halda yüngül cəza ilə canını qurtardı ki,o buna görə mərhumun oğlanlarına minnətdar olmalıdır.Çünki onların şikayətçi olmamaları qərar qəbulunda həlledici rol oynadı.Amma,Şahmar İbadovun məlum açıqlamaları nə mərhumun yaxınları,nədə KİV tərəfindən yaxşı qarşılanmadı.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın