Bakıda “Renc Rover”lə iki nəfəri öldürən polis həbs edildi
İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.
APA-nın məlumatına görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Renc Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Şahidlər bildirib ki, hadisədən sonra “Renc Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub:
“Doğrudan da ağır hadisədir. Təssüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını dəyişib. Polisin əməliyyat-istintaq qrupu hadisə yerinə çatanda “Renc Rover” markalı avtomobilin sürücüsü artıq oranı tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rəhbərliyinin birbaşa nəzarətə götürdüyü bu hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla nəticələnib. Məlum oldu ki, qəza baş verən zaman “Renc Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.
Bu xəbər üçün şərh yazın