Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad – İlham Əliyev və Ərdoğan mərasimdə
Bu gün Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.
Dövlət başçıları əsgərləri salamlayıblar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.
“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda nitq söyləyib.
***
Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib.
Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.
2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.
Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.
Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.
Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.
Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.
Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil oldu. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.
Bu xəbər üçün şərh yazın