“BakuBus”ın qarajında 500 avtobus var —

“BakuBus”ın qarajında 500 avtobus var — Camaat saatlarla gözləyir

Son günlər-xüsusilə sentyabrın 15-dən bəri Bakıda nəqliyyatın hərəkəti yenidən iflic vəziyyətə düşüb.

 Yay aylarından sonra paytaxta axışan vətəndaşlar saatlarla qalacaqları tıxacdan əvvəl 30-40 dəqiqə də dayanacaqlarda gözləyirlər. Sərnişinlər pik saatlarda marşrut avtobuslarının hərəkət intervalının azalacağını gözləsələr də, əksi olub. 

Bununla bağlı sərnişinlər sosial şəbəkələrdə yazmaqla bərabər, saytımıza da xeyli müraciət daxil olub. Vətəndaşlar bildirir ki, artıq tədris ilinin, dərslərin başlamasından 1 həftə keçməsinə baxmayaraq, avtobusların sayı artmaq əvəzinə günbəgün azalır.


Maraqlıdır ki, bu azalma, sərnişin sıxlığı ən çox dövlətin balansında olan “Bakubus MMC”nin istismarındakı marşrut xətlərində özünü göstərir. Sərnişinlər əvvəllər “Bakubus” avtobuslarını 10-15 dəqiqə gözləmək məburiyyətində qalırdısa, hazırda bəzi xətlərdə interval yarım saatı keçir. Bunlara 1, 13 kimi ən çox istifadə edilən marşrutları, eyni zamanda Bakı kəndlərindən şəhərə sərnişin daşımalı olan avtobusları aid etmək olar. Belə ki, sərnişinlər adıçəkilən avtobusları uzun növbələrlə gözləyir. Əsas məsələ isə avtobus gələndən sonra başlayır. Marşruta minmək üstündə sübh tezdən başlanan mübarizə sakinlərin narazılığı, sürücünün hövsələdən çıxması ilə nəticələnir. Arxa qapılardan minənlər kim, əli-ayağı bağlanmayan qapıların arasında qalanlar kim...



Vətəndaşlar şikayət üçün zəng etdikləri 141 qısa nömrəsindən də tutarlı bir cavab ala bilmədiklərini deyirlər. “Sizi gələcəyə aparır” adlı sloqanla açılan, amma işləməyən bakubus.az saytına isə ümumiyyətlə daxil olmaq mümkün deyil. 


Adətən aidiyyəti qurumlar yollardakı vəziyyətin bu həddə çatmasını minik maşınlarının artması ilə əlaqələndirir, insanlara ictimai nəqliyyata üstünlük verməsini tövsiyə edirlər. Amma şəhərdə avtomobillərin sayının artmasına səbəb həm də avtobusların işinin düzgün təşkil edilməməsidir, marşruta minməkdə çətinlik çəkənlər, iş, mənzil başına avtobusla vaxtında, salamat çata bilməyənlər maşın almağa məcbur olublar...


Sürücülər özləri də bu vəziyyətdən yorulub. Məsələn, Maştağa qəsəbəsindən şəhərin mərkəzinə və geriyə hərəkət edən M8 saylı marşrut xəttinin sürücüsü deyir ki, son günlərədək bu istiqamətdə 10 avtobus işləyirdisə, indi bu say 8-9-a endirilib. O bildirir ki, “Bakubus”ın istismarında olan marşrut xətlərində avtobusların sayı hər gün daha da azaldılır, interval çoxaldılır.

Bəs marşrut sayının artırılmağı şərt olduğu bir vaxtda, “Bakubus”ın avtobusların sayını azaldıb vətəndaşları narazı salmaqda məqsədi nədir?


Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, hər gün “Bakubus”a məxsus olan “Koroğlu”da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın  avtobus saxlanılır. Belə ki, gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. “Bakubus”un Buzovna qəsəbəsində yerləşən qarajında isə 120-130 ədəd yeni və müasir avtobus “yatır”. Söhbətləşdiyimiz sürücülər bildirirlər ki, Buzovnada saxlanılan avtobusların əksəriyyəti Bakıda, ümumiyyətlə, sürülməyib və onların niyə qarajda çürüdülməsi müəmmalıdır. “Bakubus”un Koroğludakı ən müasir qarajında isə gündüz saatlarında 50-dək avtobusun istifadəsiz qaldığını görmək mümkündür.



Halbuki hər gün Bakıda yüzminlərlə insan ictimai nəqliyyatı gözləyir və bu sahədəki bərbad idarəetmə səbəbindən stres keçirir, vaxt itirir, ümumiyyətlə isə nəqliyyat şəraitinin günbəgün daha da pisləşməsi insanların həyat keyfiyyətinin aşağı düşməsinə, hava və səs kirliliyinin yüksəlməsinə səbəb olur.


Bu ilin aprel ayında Hesablama Palatasının “BakuBus” MMC-də apardığı yoxlamaların nəticələri də bunu təsdiqləyir. Hesabata əsasən, şirkətin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb. Səbəb isə avtobusların təmir edilməməsidir. Yəni "Bakubus" sıradan və cari təmiri həyata keçirmək əvəzinə 198 avtobusun 80-dən istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb, digərlərinə quraşdırıb.


Hesablama Palatası 01.01.2019-cu il tarixindən 01.01.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı ortaya bəzi məqamlar da çıxıb. Bəlli olub ki, 80 milyon manat dövlət vəsaiti hesabına alınan avtobusların 25 faizi ümumiyyətlə xəttə buraxılmayıb. Belə ki, şirkət xəttə buraxılmayan avtobusları ehtiyat hissəsi kimi saxlayıb.


"Bakubus"ın Zığ qəsəbəsindəki əsas qarajı



"Bakubus"ın yeni avtobuslarının saxlanıldığı Buzovna qarajı



"Bakubus"ın xəttə buraxılan avtobuslarının saxlanıldığı "Koroğlu" qarajı



Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Mais Ağayev Qafqazinfo.az-ın  müraciətini belə cavablandırıb: “Hazırda yollarda nəqliyyat sıxlığı var və bu da avtobusların hərəkətinə təsir edir. Adətən gecikmələr günün pik saatlarında olurdusa, hazırda günün qeyri-pik saatlarında da biz marşrutların gecikməsini müşahidə edirik. Gecikmələr hətta 15 dəqiqədən çox olur. Həm nəqliyyat sıxlıqlarının, tıxaclarının, həm də ictimai nəqliyyatın fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün yeganə həll yolu şəhər modelli prinsiplərdən çıxış edərək bu prinsiplərdən irəli gələn tədbirlərin tədricən mərhələli şəkildə görülməsidir. Bu çərçivədə ilk olaraq və şəhərimiz üçün görülməsi zəruri olan məsələ avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsi, avtobus zolaqlarının şəbəkə halına gətirilməsi və bir də digər nəqliyyat vaistələrinin sürücülərinin avtobus zolağı tələbinə ciddi riayət etməsidir. Yalnız bu halda biz ictimai nəqliyyatın fəaliyyətində səmərəliliyi əldə edə bilərik”.


M.Ağayev düşünür ki, ictimai nəqliyyatda stabilləşmə olarsa, bu, artıq onun cəlbediciliyini də artırar: “İctimai nəqliyyatın cəlbediciliyinin artırılması artıq tədricən şəhər əhalisinin şəhərdaxili səyahətlərini avtobuslarla həyata keçirməsinə sövq edəcək. Onlar artıq ciddi zərurət olduğu halda minik avtomobilləri ilə səyahətlərini edəcəklər. İnsanların minik avtomobillərindən imtina edib avtobuslara yönəlməsi tıxac probleminin həll olunmasına gətirib çıxarar. Ona görə də bütün bu problemlər nə qədər mürəkkəb olsa da, həlli əslində çox sadədir. Bircə avtobus zolaqları təşkil etmək və onları şəbəkə halına gətirməklə problem həll ola bilər. Hazrda BNA-da bu istiqamətdə ciddi iş aparır. Amma hazırki vəziyyətdə əlavə avtobusların xəttə buraxılması məsələnin həlli deyil”.  /qafqazinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər