“Baxıcı Lütfiyyə” onlayn fala baxır – Yeni fırıldaq
Sosial şəbəkələrdə “Məlahət baxıcı”, “Minayə baxıcı”, “Cadugar baxıcı”, “Baxıcı Təranə”, “Baxıcı Elxan”, “Baxıcı Həsən” kimi aktiv olmayan sonsuz sayda istifadəçi hesabı var. Lakin son zamanlar “Baxıcı Lütfiyyə” niki ilə sosial şəbəkə istifadəçilərinə yazıb onlayn “kart açmağı” təklif edən fırıldaqçının hesabı aktivdir.
Faktinfo.az xəbər verir ki,“Baxıcı Lütfiyyə” adı ilə Feysbukda Axar.az-ın əməkdaşına da xidmətlərini təklif edib.
O, müştəriyə ad-soyadını, təvəllüdünü və şəklini göndərməyi təklif edir. Lütfiyyə Hikmət qızı Məmmədova 17 fevral 1971-ci ildə anadan olub, rus magiyası ilə məşğuldur, fala “tarot kartı” ilə baxır.
Şəkil əsasında kart açıb 15-20 dəqiqə ərzində nəticəsini izahlı şəkildə mesajla istifadəçiyə göndərir. Sizi nələr gözlədiyi, həyatınızda olub-keçənlər və gələcəyiniz barəsində (öz dili desək, “qismət, tale” barəsində) məlumat verir.
O bildirib ki, kartın açılması 10 manatdır. Ödənişi isə 10 manatlıq “cin kontur” şifrəsi ilə qəbul edir:
“Konturu dükandan alıb, şifrəsini göndərirsiniz. Ödənişdən sonra falın baxılmasına başlanılacaq. Bundan əlavə, cadunun edilməsi və pozulması, “əməl” olunması və açılması, “bağlama əməli”, barışdırma və geri qaytarma, qismətin açılması, dil-ağız bağlama, sevənləri qovuşdurma və digər əməllər də görürəm. Hərəsinin öz qiyməti var. Sevdiyiniz varsa, onu sizə bağlamaq, sizdən asılı hala salıb qismət yazma 30 manatdır. Dil-ağız bağlama əməli isə 40 manatdır. Bütün bu ödənişlər də hamısı kontur vasitəsilə olunur”.
Sosial şəbəkə istifadəçilərinə “Baxıcı Lütfiyyə” kimi fırıldaqçılara inanmamağı tövsiyə edirik.
Bu xəbər üçün şərh yazın