“BDU-da Abel Məhərrəmovun kafedra müdiri qalmasına da narazıdırlar”

“BDU-da Abel Məhərrəmovun kafedra müdiri qalmasına da narazıdırlar” - İDDİA

Ötən ayın 15-də Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən uzaqlaşdırılandan sonra mətbuatda onun barəsində ciddi faktlar açıqlandı.

Təbii ki, vəzifədən qovulan hansısa şəxslə bağlı tənqidi yazı yazmaq cəsarət tələb etmir. Çünki həmin şəxsə vəzifədə olduğu kimi hörmət, ehtiram olunmur və yaxud ondan ehtiyat edən olmur. Amma vəzifədə olan adamın haqqında yazı yazmaq Azərbaycanda hünər tələb edir.

Professor Bəhmən Sultanlı Abel Məhərrəmovun “qılıncının dalı-qabağı kəsən” ərəfədə, yəni hələ BDU-nun rektoru olanda onu ən sərt tənqid edənlərdən olub. Üstəlik, həmin vaxt Bəhmən müəllimin özü də həmin universitetdə çalışıb.

“Abel Məhərrəmovun haqqında olan faktlara göz yummaq olmazdı”

Bakı Dövlət Universitetinin keçmiş əməkdaşı, professor Bəhmən Sultanlı “Hürriyyət”ə Abel Məhərrəmovun rektor vəzifəsindən uzaqlaşdırılması ilə bağlı fikirlərini açıqladı. Öncə onu dedi ki, A.Məhərrəmov haqqında onun özü 20-yə yaxın yazı yazıb: “Onun bir hissəsini universitetdə işləyən zaman yazmışam. Əvvəla, Abel Məhərrəmov rektor təyin olunmamalıydı. Elə rektor təyin olunmuşdu ki, onun haqqında başqa çoxsaylı yazılar çıxdı. Başqa müəlliflər də yazılar yazdı. Ona görə də o yazılara əhəmiyyət verilməliydi, o çoxdan vəzifəsindən azad olunmalıydı.

Yazılanlar hamısı faktlar idi. Onu rektor kimi saxlamaq düzgün deyildi. Amma o, uzun müddət rektor qaldı. Onun qədər tənqid olunan, mənfi işlərlə məşğul olan ali məktəb rektoru bəlkə də heç yoxdur. O, rektor olandan sonra onun məşğul olmadığı mənfi əməllər olmayıb. Lazım gəlsə, mən onun əməllərini bir-bir deyə bilərəm. Mənim məqalələrimin çoxu vaxtilə “Hürriyyət”də çıxıb. Bəziləri “Azadlıq”da və “Yeni Musavat”da çıxıb. Amma əsas məqalələrim və sonuncu məqaləm də “Hüriyyət” də çıxıb.

Abel Məhərrəmovun haqqında olan faktlara göz yummaq olmazdı. Mən o məqaləni prezidentə, YAP-a göndərdim. Amma heç bir nəticə alınmadı. Hətta indi univeristetdə olan dost-tanışlarım mənə rast gələndə deyirlər ki, universitetdə onun törətdiyi əməlləri düzəltməyə uzun illər lazımdır”.

“Universitetdə vəzifə tutanların əksəriyyəti onun yerliləri, qohumları idi”

B.Sulatanlı qeyd etdi ki, Abel Məhərrəmov birinci rektor təyin olunan günün səhəri öz həyat yoldaşını Analtik Kimya kafedrasından Pedoqoqika kafedrasına keçirməklə bağlı qərar verdi: “Sonra öz qızını Torpaqşünaslıq İnstitutundan universitetə gətirdi və dərhal da Biologiya fakultəsində Ekologiya kafedrası açdı.

Həyat yoldaşının da, qızının da 2 il müddətində bir dənə məqaləsi yox idi. Həyat yoldaşı uzun illərdir Analitik Kimya kafedrasında işləyirdi. “Analitik Kimya” hara, “Pedoqoqika” hara. Bir dənə məqaləsi olmamışdı. Yalançı konfranslar düzəldirdi. Guya, həmin konfranslarda onun həyat yoldaşı çıxış edirdi və guya, elmi əsələri var idi. Qısa müddətdə elmlər namizədi, elmlər doktoru oldu.

Sonra oğlunu aspiranturaya qəbul elətdirdi və İspaniya səfirliyinə işə düzəltdirdi. Oğlunu həm aspirant, həm müəllim keçirdi, həm də elmi rəhbərinin biri Moskvada, bir də Madriddə işləyir. Aspirant ola-ola, Madriddə işlə-işləyə eyni zamanda burada dərs vermişdi. Oğlu Madriddə işləyir, elmi rəhbərinin biri Bakıda, biri də Moskvada necə ola bilərdi? Onun belə çoxsaylı əməlləri var idi.

Sonra onun rüşvət alması barədə dəfələrlə başqaları çoxsaylı yazılar yazırdılar. Düzdür, mən rüşvət almağına toxunmurdum. Ancaq heç birinə əhəmiyyət verilmədi.

Təkcə bu olmadı ki. Demək, başqa yerlərdən olanları universitetdən çıxardı, öz qohumlarını, yerlilərini universitetə gətirdi. Onun kənarda qalan qohumu olmadı, hamısını univeristetə müəllim gətirdi və qısa müddətdə onlar elmlər doktoru, professor oldu. Təsəvvür edin ki, oradakı vəzifə tutanların əksəriyyəti onun yerliləri, qohumları idi. Axı, belə yolla nə elm, nə iqtisadiyyat, nə də mədəniyyət inkişaf etdirmək olmaz. Çünki onlar bir-birinə arxa dururlar, bir-birinin nöqsanlarını gizlədirlər. Elə olan halda da nöqsan deyilməlidir və nöqsan düzəldilməlidir ki, iş getsin. Amma qohumluq, yerlibazlıq prinsipi bunların qarşısını alırdı”.

“Abel Məhərrəmov universitetə rektor keçəndən sonra hər il 100-150 məqaləsi çıxırdı”

B.Sultanlı xatırlatdı ki, Abel Məhərrəmovla bağlı son yazısı “Hürriyyət”də çıxıb: “İri həcmli bir məqalədir. Abel Məhərrəmovun biblioqrafiyası ilə bağlı olub. Təsəvvür edin ki, Lenin mükafatı almış rus akademiklər var, onların 1, uzağı 2 cildlik biblioqrafiyası çıxıb. Amma Abel Məhərrəmovun 5 cildlik biblioqrafiyası çıxıb. Bu, dəhşətdir. Bu adam universitetin elmi jurnalında özünü redaktor təyin edib və bütün məqalələrdə öz adını yazdırıb. Ona aid olmayan məsələlərə də öz adını yazdırıb. Məsələn, geologiya sahəsində çıxan kitablara öz adını yazdırıb.

Mən orada işləyə-işləyə məqaləm elə ilk dəfə “Hürriyyət” də çıxıb. 40 ildir orada işləyirdi, cəmi 10-15 məqaləsi var idi. Amma universitetə rektor keçəndən sonra hər il 100-150 məqaləsi çıxırdı. Rektor keçməmişdən öncə bircə kitabı çıxmışdı, o da səhv idi. Mən onu tənqid etmişdim. Ordan-burdan köçürtmüşdü. Özünə aid olmayan Kristalloqrafiya sahəsində kitab buraxmışdı. Halbuki, krisatala aid onun başqa müəlliflərlə bir yerdə məqaləsi çıxmışdı. Onları yığıb bir yerdə kitab etmişdi. O da qüsurlu kitab idi. Amma rektor keçəndən sonra ildə 5-10 kitabı çıxırdı.

Mən “Abel Məhərrəmovun bibloqrafiyası”nda hər şeyi açıb tökmüşəm. Bir dəfə “Abel Məhərrəmovun bibloqrafiyası” “Bizim yol” qəzetində çıxdı və orada ixtisar etmişdilər. Mən razı olmadım və “Hürriyyət”ə verdim. Çox sağ olsunlar, mən “Hürriyyət”ə minnətdaram. “Hürriyyət”ə necə yazırdım, elə də dərc edirdi”.

“Siz onun bicliyinə baxın, yuxarı ranqda işləyənlərdən birinin həyat yoldaşı heç müdafiə etməmişdi, öz həyat yoldaşı ilə paralel onu da başqa kafedraya gətirdi və həmin qadın qısa müddətdə müdafiə etdi, sonra onu kafedra müdiri etdi. Ondan sonra, onun qızını da Fiziologiya İnstitutundan Universitetə Psixologiya kafedrasına gətirdi”,-deyə professor söylədi.

“Rektorluqdan çıxandan sonra tualet tikməklə məşğul oldu”

Bəhmən Sultanlı onu da vurğuladı ki, öz qohumları və yerliləri yox, amma digər BDU əməkdaşları ondan son dərəcə narazıdır: “Onun hələ kafedra müdiri qalmasından narazıdırlar. Kafedra müdiri qalıb. Görün, kafedra üçün tualet tikdirib. Rektorluqdan çıxandan sonra tualet tikməklə məşğul oldu. O, universiteti dəhşətə gətirdi”.

“Dövlət bu yolla inkişaf edə bilməz”

B.Sultanlı onu da nəzərə çatdırdı ki, Abel Məhərrəmovu “sudan quru çıxartmağa” çalışanlar olub: “Biri elə Hacı Allahşükür Paşazadə idi. Kimsə ona tapşırıb ki, Abel Məhərrovu “sudan quru çıxartmaq” üçün o, öz fikirlərini desin. O, inkar edir ki, Madriddə elə hadisələr olmayıb. Halbuki, Mirşahin mətbuatda çıxış etdi, dedi ki, orada içki içmişdilər, mən ona şahidəm. Amma Hacı Allahşükür Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və hacı kimi dedi ki, elə bir şey olmayıb. Hacı və yasalama məsələsi ayrı bir mövzudur. Ona ayrı bir yazı həsr etmək lazımdır. Çünki Yaqub Eyyubov onun müdafiə edir. O, Yaqub Eyyubovun qardaşı qızını öz oğluna alıb. Amma sağ olsun, prezident, dərhal o məsələ ilə bağlı sərəncam verdi. O, sərəncamı gecikdirsəydi, Yaqub Eyyubov kimilər sərəncama mane olacaqdılar. Bu, nə oldu, Yaqub Eyyubov onun arxasında duracaq, o biri məmur o birsinin arxasında duracaq, demək heç bir nöqsanın, cinayətin üstü açılmayacaq, amma kasıb-kusubların, “adamsızların” xırda işləri də böyük iş kimi qələmə veriləcək. Belə dövlət olmaz. Dövlət bu yolla inkişaf edə bilməz. Gərək, vaxtında respublikanın prezidentinə məlumat verilsin, respublika prezidenti hər şeydən xəbərdar edilsin. Amma bunlar qarşısını alırlar, imkan vermirlər. Bir-birinin arxasında durublar, bir-birinin nöqsanını, cinayətini gizlədirlər. Yaqub Eyyubov arxasında durub, o da mətbutada çıxış edib, deyir ki, elə bir şey olmayıb. Deyir, müxbirlər şou düzəldirlər. Yalanın dərəcəsinə baxın. Əlbəttə, müxbirlər şou düzəltmirlər. Gördüklərini, bildiklərini mətbuata yazırlar. Elə olmasa, inkişaf olmayacaq. Bu, respublikadır, ölkədir. Burada inkişaf üçün hamının nöqsanı üzünə deyilməlidir. Nöqsanın qarşısı alınmalıdır, düzəldilməlidir ki, dövlət inkişaf etsin. Jurnalistlərin heç bir təqsiri yoxdur, olan şeyləri yazırlar. Amma Abel Məhərrəmov mətbuata çıxıb deyir ki, jurnalistlər şou düzəldirlər.

İnsan müərrəkəbdir. İnsanda yaxşı, pis cəhət də olar. Yaxşını axtarsan, yaxşını, pis axtarsan, pisi taparsan. Amma Abeldə yaxşını, pisi axtarmaq lazım deyil, onun pisləri, ziyanları göz qabağındadır. Gərək, o işdən sonra dərhal özü də, oğlu da ərizə ilə müraciət edib, istefa verəydilər. Halbuki, onun oğlunun arxasında Yaqub Eyyubov durub. Belə olmaz. Ona görə də himayədarlıq üçün cəza tətbiq olunmalıdır. Nə qədər cəza tətbiq olunmursa, ölkədə mənfiliklər baş alıb gedəcək. Ən kiçik cəza vəzifədən azad etmək olmalıdır, lap elə həbs də olar”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi