Beyləqan Mədəniyyət İdarəsi təkzib edir-

Beyləqan Mədəniyyət İdarəsi təkzib edir- Yoxlamanın aparılması müzakirə mövzusu deyil

28.04.2018-ci il tarixində Faktinfo.az saytında "Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi yoxlanılır"başlıqlı yazı yayımlanmışdı.

03.05. 2018-сi il tarixində isə sözügedən   yazıya cavab olaraq saytın elektron ünvanına Kürdəmir Regional Mədəniyyət İdarəsinin  Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev tərəfindən məktub daxil olub. Yazıdakı məlum faktları təkzib edən həmin məktubu təqdim edirik:

"Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin işçiləri adından Sizə bildiririk ki, "Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi yoxlanılır" başlıqlı məqalədə sadalanan faktlar həqiqəti əks etdirmir.

Məlumat üçün bildiririk ki, 2016-cı ilin noyabr ayından Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində nümayəndəlik kimi fəaliyyət göstərir. Həmin vaxtdan Beyləqan mədəniyyətində heç bir maliyyə əməliyyatları aparılmır. Bu səbəbdən də burada baş mühasib vəzifəsi yoxdur. Əvvəllər baş mühasib işləmiş Məhəmməd Həsənov isə 2017-ci ilin noyabr ayından ərizəsinə əsasən işdən azad edilmiş və hazırda Beyləqan rayonunda yaşamır.

Mədəniyyət şöbəsinə (artıq Mədəniyyət və Turim şöbəsi yoxdur) ayrılan 120 min manatın Məhəmməd Həsənovun “Elmir-Murad” adlı müəssisəsi vasitəsi ilə mənimsənilməsi isə tamamilə uydurmadır.

Sizin qeyd etdiyinizdən fərqli olaraq bildirirəm ki, 2017 və 2018-ci illər ərzində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyində olan mədəniyyət evi və klublarında hər hansı bir təmir işləri aparılmamışdır. Həmçinin, Beyləqan Mədəniyyət İdarəsində bütün ştatların dolu olduğunu, işləyənlərin əksəriyyətinin adı olub özü olmadığı, bununla da 50-yə yaxın “ölü canların” olması və onların maaş kartlarının mənimsənilməsi barədə fikirlər də reallıqdan uzaqdır.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin maliyyə fəaliyyəti 2016-cı ilin aprel və 2017-ci ilin dekabr aylarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Təftiş idarəsi tərəfindən maliyyə yoxlaması aparmışdır.Yoxlamanın nəticəsi olaraq  aktlar tərtib edilmişdir. Maliyyə yoxlamaları zamanı hər hansı bir ciddi maliyyə pozuntusu aşkar edilməmişdir. Buna görə də Beyləqan rayon Mədəniyyət müəssisələrində hər hansı bir yoxlamanın aparılması da müzakirə mövzusu deyildir".

Nazim Mirzəyev,

Kürdəmir Regional Mədəniyyət İdarəsinin

Beyləqan rayonu üzrə nümayəndəsi.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi