“Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçıdır” - BBC-nin əməkdaşı Ermənistanın baş nazirini ifşa etdi
Çingiz QƏNİZADƏ,Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Ermənistanın işğalçı siyasətdən əl çəkməməsi bu ölkəni beynəlxalq aləmdən təcrid edir. Elə buna görə də haziırda Ermənistan bütün infrastruktur layihələrdən kənarda qalıb. Qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq ideyası xülya olaraq qalır. 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndə yerli əhaliyə və beynəlxalq ictimaiyyətə elə gəlirdi ki, Ermənistan da tədricən demokratiya və inkişaf yoluna qədəm qoyacaq, heç bir faydası olmayan müharibədən, münaqişədən əl çəkəcək, qonşu dövlətlərlə əməkdaşlığa başlayacaq. Ancaq sələflərindən də qəddar və faşizm ideologiyasına daha çox meyilli olan Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın əleyhinə cəfəng iddiaları və Dağlıq Qarabağla bağlı ziddiyyətli sərsəm fikirləri ilə diqqəti cəlb etdi. Bu, onun dövlət idarəçiliyindəki naşılığından xəbər verirdi. Çünki dövlətinin, xalqının taleyini, gələcəyini düşünən ölkə rəhbəri, ilk növbədə, sülhə, əmin-amanlığa diqqət yetirməlidir.
Nikol Paşinyan isə hər şeyi gözlənilənlərin əksinə etdi. Tez-tez Azərbaycanın işğal altındakı ərazilərinə getdi, kütlə qarşısına çıxaraq “Qarabağ Ermənistandır” dedi və ətrafına topladığı şovinistlərə də bunu təkrar etdirməklə münaqişənin danışıqlar yolu ilə həllinə olan ümidləri heçə endirdi. O, müxtəlif qarışıq fikirləri və hərəkətləri ilə özünü və ölkəsini çıxılmaz vəziyyətə salaraq, beynəlxalq aləmdən təcrid olunub. Paşinyanın sərsəm və özü-özünü təkzib edən bəyanatları onun qeyri-peşəkar siyasətçi və dövlət başçısı olduğunu təsdiqləyib. Onun baş nazir seçildikdən sonra ilk bəyanatlarından birinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistanın tərəf kimi iştirak etməyəcəyi ilə bağlı olması hər kəsi təəccübləndirdi. Bu adamın münaqişənin tarixini mükəmməl bilməsi haqqında şübhələr yarandı. Sonrakı hətəkətləri bu şübhələri artıq həqiqətə çevirdi. Paşinyan münaqişənin həllində ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə illərdir davam edən sülh danışıqlarından boyun qaçırdığını və Azərbaycan Prezidenti ilə danışıqlar masası ətrafında əyləşməyəcəyini bildirməsi onun acizliyinin və cəsarətsizliyinin göstəricisidir
Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlıq, təşviş yaradıb. Artıq dünya ictimaiyyəti də Ermənistanın işğalçı, Paşinyanın təxribata meyilli, faşizm ideologiyasına hüsn-rəğbəti olan qeyri- ciddi dövlət baçısı kimi qəbul edir. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da getdikcə pisləşən beynəlxalq imici daha bərbad vəziyyətə düşməkdədir. Bu ölkə işğalı, terroru, təxribatı soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq qəbul edib. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün həqiqi mənasında, beynəlxalq aləmdə küncə sıxışdırılmış vəziyyətdədir. Nikol Paşinyan bu ölkəyə rəhbərlik edəndən vəziyyət daha da pisləşmiş, qarşıdurma güclənmiş, faşizm ideologiyasına rəğbət artmışdır. Onun Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmayıb. Dünya ictimaiyyəti yaxın günlərdə Nikol Paşinyanın BBC-nin “Hard Talk” verilişinin aparıcısı Stiven Sakurun suallarını cavablandırarkən də bunun şahidi oldu. Ermənistan rəhbəri işğalçı olduğunu ört-basdır edə bilmədi və bu dəfə də özünü və ölkəsini dünyada rüsvay etdi.
Jurnalistin Paşinyandan Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi hərbi cinayətlərə görə Azərbaycandan üzr istəməyə hazır olub-olmadığını soruşanda işğalçı ölkənin rəhbəri bu sual qarşısında aciz qaldı və məsələyə aidiyyatı olmayan sərsəm fikirlər səsləndirdi. Ermənistanın keçmiş rəhbərliyi Xocalı faciəsinin erməni silahlı qüvvələri tərəfindən törədildiyi, hətta bu əməliyyata rəhbərlik etdiyini etiraf etsə də, Paşinyan Xocalı sakinlərinin öldürülməsinin günahını Azərbaycan müxalifətinin üzərinə qoymağa cəhd etdi. Bununla da o, bu cinayəti açıq şəkildə təkzib edən Ermənistanın ilk lideri oldu. Təəssüf ki, Paşinyan bu qondarma təkzibi ilə yalnız özünü aldada bilər. Çünki artıq dünya birliyində də analoqu olmayan bu qanlı faciənin Ermənistan silahlı qüvvələri tətəfindən törədildiyi etiraf olunur.
Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən britaniyalı jurnalistin “Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə ( indiki Xankəndi - Ç.Q.) gedərək çıxışınızda “Artsax -- oranı siz belə adlandırırsınız -- Ermənistandır. Nöqtə”, daha sonra isə “birləşmə”yə dair millətçi şüarlar səsləndirdiniz. Bu, Azərbaycana qarşı açıq təxribat idi” – deməsi işğalçı ölkənin baş nazirni çıxılmaz vəziyyətə saldı. Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan “Artsax” adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışması onu daha çətin vəziyyətə saldı. Paşinyanın sözünü kəsən aparıcı Stiven Sukar: “Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik “ - deməsi Ermənistanın işğalçı ölkə olduğuna bir işarə idi.
Britaniyalı jurnalistin baş nazirə “Sizin də yaxşı bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz”- deməsi Paşinyanı və ölkəsini bir daha işfa etdi.
“Hard Talk” verilişinin aparıcısı daha sonra Paşinyanın hakimiyyətə gəldiyi vaxt sülhə nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: ”Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının leqallaşdırılacağını bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmı?” Bu suala cavab tapmayan işğalçı ölkənin baş naziri, sadəcə, yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.
Proqramın aparıcısı Paşinyana münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada əhəmiyyətli sülh elementinin olmadığını bildirib: “Siz öz sələfləriniz kimi görünürsünüz , siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?”
“Hard Talk" verilişinin aparıcısı yenidən Paşinyandan soruşub: “Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"
Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək deyyib: “Aydındır ki, siz üzr istəyirəm deməyəcəksiniz”.
Bu müsahibə Paşinyanın iç üzünü bir daha açdı. Riyakar, ikiüzlü və faşizm ideologiyasının tərəfdarı olan baş nazirin rəhbərlik etdiyi ölkənin işğalçı siyasətdən əl çəkməməsi dünyaya bəlli oldu.
Bu xəbər üçün şərh yazın