Bir atanın fəryadı-

Bir atanın fəryadı- "Uşağıma yedirtməyə quru çörək axtarıram''

"Yoldaşımın pensiya kartı, özümün maaş, çörəkpulu, ünvanlı sosial yardım kartlarım – heç biri özümdə deyil. Uşağımın xəstəliyinə görə bir Qarabağ əlili mənim üçün bankdan pul götürüb.

Ödəyə bilmədiyim üçün borc şişib, bütün kartları yığıb o adama vermişəm ki, kartlara pul oturduqca, kreditləri ödəsin. Nəticədə ailəlikcə acından ölürük”.

Laçın köçkünü Murad Kərimov 25 ildən çoxdur ki, ailəsi ilə Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşıb. O, Laçın Suvarma Sistemlərində fəhlə işləyir. Deyir ki, yaşadığı yer vaxtilə mal-qara yatağı olub. Meydan TV-yə danışır ki, azyaşlı övladlarından birinin müalicəsi üçün başqasının adına bankdan pul götürməli olub. Müalicələrə xərclənən pul tükənsə də, sonradan ona bildirilib ki, xəstəlik anadangəlmə olduğuna görə müalicəsi yoxdur. Murad Kərimovun dediyinə görə, 3 ildən çoxdur ki, kömək üçün Laçın Rayon İcra Hakimiyyətinə müraciət edir, ancaq köməklik olunmur:

"Prezidentə yazmağı dayandırmağımı tələb edirlər”

"İlham Əliyevə, Mehriban xanıma 30-dan çox məktub yazmışam, yalvarmışam-yaxarmışam ki, uşaqlarım acından ölür, təyin etdiyiniz məmurlar bizə gün ağlamır, iş üçün gedən vətəndaşları təhqir edib qapıdan qovurlar. İcra başçısı deyir, yazdıqların axırda mənim masama gəlib çıxır. Yazmağı dayandırmasan, səni şərləyib həbsə atdıracam”.

Murad Kərimovun sözlərinə görə, övladının müalicəsi üçün icra hakimiyyətinə müraciətlərindən sonra məcbur olub ki, bankdan kredit götürsün:

"Qarabağ əlili olan tanışım evimizə gələndə uşağın dayanmadan ağladığını, ağrı çəkdiyini gördü, yazığı gəldi. Dedi, dövlət kömək eləmirsə, hamı necə, sən də elə, get, bankdan kredit götür, uşağı müalicə elətdir, yazıqdır. Dedim, ünvanlı sosial yardım aldığımız üçün banklar bizə kredit vermir. O da təklif elədi ki, gedək, mənim adıma götürək, əsas odur ki, uşaq müalicə olunsun. Həmin adam mənim üçün bankdan öz adına 6400 manat kredit götürdü. O pul da həm Ağcabədidəki, həm də Bakıdakı xəstəxanalara, həkimlərə getdi, ancaq uşağı səhhətində müsbətə doğru irəliləyiş olmadı. Axırda dedilər ki, bu, anadangəlmə skaliozdur (onurğa əyriliyi), müalicəsi bizlik deyil. Bankın kreditini də vaxtında ödəyə bilmədiyim üçün borc şişib 9500 manata çatdı. Məcbur qalıb bütün dolanışıq kartlarımızı həmin adama vermişik ki, aybaay kartlara pul köçürüldükcə, kreditə ödəsin. Dövlətdən istədiyim odur ki, həyat yoldaşıma bir iş verilsin, heç olmasa, onun maaşı ilə dolanaq. O işi də vermirlər”.

"Dedilər, başını aşağı sal, kasıbçılığını elə”

Murad Kərimov deyir, ikinci qrup əlil olan həyat yoldaşının işlə təmin olunması üçün 3 ildən çoxdur ki, Laçın Rayon İcra Hakimiyyətinə müraciət etsə də, nəticəsi olmayıb. Əksinə, hədələnib:

"Köməklik göstərilməyəndə prezidentə, xanımına yazmışam. Mən Bakıya yazdıqca, hər dəfə Laçın Rayon İcra Hakimiyyətinə çağırıb deyirlər, səni içəri atdırarıq. Hətta bir dəfə məni polisə də veriblər. Polisdə isə mənə məsləhət gördülər ki, "sakit otur yerində, sənin başçıyla, prezidentlə nə işin var, sal başını aşağı, kasıbçılığını elə... Deyirəm, axı necə sakit oturum, maaş kartım, ünvanlı sosial yardım kartım, çörəkpulu kartım, həyat yoldaşımın əlilliyə görə aldığı pensiyanın kartı – hamısı dibinə qədər təmizlənir, banka ödənilir, özümüz acından ölürük”.

"Quru çörəyə də ehtiyacımız var”

Murad Kərimov dəfələrlə Laçın Rayon İcra Hakimiyyəti başçısının və müavinlərinin qəbulunda olub. Sonuncu dəfə bu il martın birində başçının qəbuluna gedib, onu başçının müavini qəbul edib və həyat yoldaşı üçün iş olmadığını deyib:

"Deyirlər, get özünə kənarda əlavə iş tap, nə bilirsən elə, ancaq ora-bura yazmağı dayandır. Yaşadığmız yerin qapısından içəri keçə bilməzsiz. Bir yerdə ki, bizdən əvvəl camış, inək saxlayıblar, orda necə yaşamaq olar?.. Üç uşaq, əlil həyat yoldaşım tövlədə, nəmişlikdə əzab çəkirlər. Qonşuların verdikləri çörəyi yeyirlər. İnanın, bu dəqiqə bizim quru çörəyə də ehtiyacımız var. Uşaqlar xəstəlikdən ayılmır. İkisi məktəblidir, ancaq məktəbə göndərə bilmirik, geyim yox, acından halsızlıq... Bütün günü ağlayırlar, məktəbə istəyirlər, göndərə bilmirəm”.

"Özünüməşğulluğa cəlb olunub ki, ailəsini dolandırsın”

Laçın Rayon İcra Hakimiyyətindən bildirilib ki, Murad Kərimova dəfələrlə pul yardımı olunub. Azyaşlı övladının müalicəsi üçün Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova hər cür yardım göstərib. Hətta uşağın müalicəsi üçün Murad Kərimovla birlikdə Bakıdakı xəstəxanalara da gedib. Qurumdan həmçinin bildirilib ki, Murad Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Özünüməşğulluq Proqramına cəlb olunub ki, heyvandarlıqla məşğul olun ailəsini dolandırsın.

Murad Kərimovsa deyir, bu Proqram çərçivəsində ona verilən heyvanlar da qırılır: "Düzdür, adıma 20 qoyun, 20 quzu yazdılar, ancaq cəmi 20 qoyun verdilər, hamısı da xəstə... Bir-bir qırılırlar. Yoldaşım icra hakimiyyətinə iş üçün müraciət eləyəndə deyirlər, gedin, verilən qoyunları çoxaldın, saxlayın, dolanın. Mən uşağıma yedirtməyə quru çörək axtarıram, qoyunu necə saxlayım? Üstəlik də, bu qoyunlar bala verən qoyunlar deyil, qocadır, xəstədir... Axı mən başçıdan xahiş eləmirəm ki, cibindən mənə pul versin. Mən istəyirəm ki, yoldaşım gedəndə təhqir edib qapıdan qovmasınlar, bir iş versinlər, işləsin, maaş alsın. Mənim kartlarımla kredit ödənilsin, yoldaşımın maaşıyla uşaqları yedirdək. Başına gəlməyən anlamaz, uşaqlar acından ağlayır, yemək istəyir”.

'Mən uşağıma yedirtməyə quru çörək axtarıram''
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi