Bir həftənin içində FHN-nin iki əməkdaşı intihar etdi! – Əsəb, kredit, çat yaranan ev…/ Açıqlamalar
İcra nümayəndələri Masallıda FHN əməkdaşlarının intiharından danışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Dəstəsinin 2 əməkdaşı özünü asıb. Rayonun Həsənli kənd sakini Elşad Eminov dekabrın 6-da tövlədə, Türkoba kənd sakini Ramin Quliyev isə dekabrın 9-da hamamda asılı vaziyyətdə aşkarlanıb.
Bəs bir ay ərzində FHN-nin iki əməkdaşı nə üçün intihar edib?
Həsənli kənd icra nümayəndəsi Vəzir Hüseynov BakuPost-a açıqlamasında deyib ki, E. Eminovun yaxınları onun psixoloji durumunda problemlərin yarandığını bildirib.
İcra nümayəndəsi E. Eminovun maddi sıxıntısı olmadığını qeyd edib: "Elşadın qəşəng, səliqəli evi, yaxşı işi, dövlətdən maaşı var. Həm də toylarda video çəkir, bu işdən də müəyyən qazanc əldə edirdi. Elşadın maddi problemi, borcu, xərci olmayıb. 1985-ci il təvəllüdlüdür, cavan adam idi. Amma yaxınlarının dediyinə görə, bir aydır "məni görməyəcəksiniz”, "özümü öldürəcəm” kimi sözlər deyirmiş. Həyat yoldaşı da Elşada yalvarırmış ki, qurban olum, başına dönüm, nə problemimiz var ki, belə deyirsən, şükür, evimiz, eşiyimiz var, Allah övlad verib, bir tikə çörəyimiz var… Sonradan bizə məlum oldu ki, Elşad əsəbə görə həkimdə müalicə də alıbmış. Ancaq bu müalicəni qapalı aparıblar, kənddə heç kimin xəbəri olmayıb. Elşad orta məktəbdə mənim dərs dediyim uşaq olub, sakit birisi idi. Heç ağlıma gəlməzdi ki, belə bir şey olsun. Dekabrın 6-da saat 11-12 radələrində özünü həyətlərindəki tövlədə asıb. Üç uşağı qaldı, bütün kənd ağlayır. Bunun bir gözə görünən problemi olsa, insanı o qədər yandırmaz. Düşünərsən ki, borca, xərcə düşüb, dözməyib. Bunun elə bir gözə görünən problemi olmayıb. Özünü məhv etdi…”
Türkoba kənd icra nümayəndəsi Leyla Əzizova BakuPost-a açıqlamasında bildirib ki, Ramin Quliyev xaraktercə sakit insan olub: "Həm də bizim qonşuluqda yaşayırdı. Qanacaqlı, qabiliyyətli birisi idi, bir düşməni də yoxdu. Dekabrın 9-da hadisə baş verməzdən 2 saat əvvəl küçədə Raminlə rastlaşmışdım, əhval-ruhiyyəsi çox gözəl idi, işdən gəlirdi. Dedi ki, növbədə idim, indi gəlirəm. Mənimlə danışan zaman dedi ki, balaca bir ev tikmişəm, çat yaranıb. Mən də dedim ki, eybi yoxdur, canın sağ olsun. Sağollaşdıq. İki saat sonra xəbər çıxdı ki, özünü asıb. Hadisəni eşidəndə evlərinə getdim. Həyat yoldaşından soruşdum ki, 2 saat ərzində nə oldu ki, özünü asdı. Axı bunun bir düşməni də yoxdur. Həyat yoldaşı dedi ki, yox, düşməni yoxdur, evini kredit yıxdı, külli miqdarda kredit götürmüşdü. Dedim ki, axı elə adam var ki, evinə bir manat pul gəlmir, ancaq bu, işləyir, evinə 400 manatdan çox maaş gəlir, ailəsi də elə böyük deyil. Həyat yoldaşı dedi ki, mən Raminin maaşını görmürdüm, evini kredit yıxdı. Çox güman ki, elə də olar. Atası da onun adına kredit götürüb, özü də kredit götürüb balaca bir ev tikmişdi, tövlə tikib, heyvan almışdı. Ramin bundan əvvəl həyat yoldaşına Yanğından Mühafizə Dəstəsində iş yoldaşlarından Elşad Eminovun özünü asdığını da deyibmiş. Həyat yoldaşı dedi ki, Ramin işdən gələndən sonra oturub yemək yedi, kredit problemindən danışdı. Həyat yoldaşı da deyib ki, götürmə artıq kredit, canımız boğazımıza yığılıb, bu kreditin əlindən öldük, maaşını görmürəm… Biz uşaqları tanıyırıq, xarakterlərindən bilirik ki, nə ilə məşğuldurlar. Heç kim deyə bilməzdi ki, Ramin hansısa pis əməllərlə məşğuldur. Ramin 1981-ci il təvəllüdlüdür, iki uşağı - bir oğlu, bir qızı vardı. Allah rəhmət etsin”.
Məsələ ilə əlaqədar FHN-lə əlaqə yaradıb, münasibət öyrənmək mümkün olmayıb.
Bu xəbər üçün şərh yazın