Birjalarda həyəcan –Dollar bahalaşır
Noyabrın 12-də dollar son 17 ayda ən yüksək səviyyəyə yüksəlib.
Azadlıq Radiosu xəbər verir ki, səbəb də investorların qlobal artım, İtaliya və Britaniyada siyasi riskin artması sarıdan narahatlığı, daha çox dollar almasıdır.
“Reuters” agentliyi yazır ki, investorlar Çində artımın yavaşıması əlamətlərindən əndişələniblər. Elektron ticarət nəhəngi Alibaba həyəcan təbili çalan son şirkətlərdən olub. Şirkət bir ticarət tədbirində illik satış artımının ən aşağı həddə düşdüyünü bildirmişdi. Bəziləri isə düşünür ki, ABŞ Prezidenti Donald Tramp ticarət müharibəsini daha da qızışdıra, Çinin iqtisadiyyatına bir az da artıq ziyan vura bilər.
Bütün bu amillər, üstəgəl Avropanın siyasi riskləri bu gün dolları valyutalar səbətinə nisbətdə 0.6 faiz bahalandırıb. Funt sterlinq 1 faiz düşüb, dollar indeksinin 50 faizini təşkil edən avro isə 2017-ci ilin iyulundan bəri 0,7 faiz ucuzlaşaraq ən aşağı səviyyəyə düşüb.
“Kral dollar qayıtdı”, – “Credit Agricole” şirkətindən Valentin Marinov deyib. Onun sözlərinə görə, ötən həftə ABŞ Federal Ehtiyatlar Sisteminin məzənnəylə bağlı toplantısından sonra investorlar yenidən dollara sərmayə qoymağa başlayıblar. “Avro və funt sterlinqə siyasi risk ziyan vurub və dolların qarşısında daha da zəif görünürlər”, – Marinov deyib.
Bu xəbər üçün şərh yazın