Bu halda enerji içkilərinə qadağa qoyulacaq
“Artıq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycanda enerji içkiləri üzrə normativ hüquqi akt hazırlanıb. Bu aktı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına vermişik. Akt təsdiqini tapdıqdan sonra qüvvəyə minəcək”.
APA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
AQTA sədrinin sözlərinə görə, bəzən düşünürlər ki, Agentlik Azərbaycanda enerji içkilərinin tətbiqinə qadağa qoyur: “Bu, əsla belə deyil. Qida Təhlükəsizliyi Agentliyi sadəcə enerji içkiləri üzrə tənzimləmə funksiyasını həyata keçirir. Bizim qəbul elədiyimiz normativ hüquqi akta əsasən artıq bilinir ki, hansı tərkibli maddələr əlavə olunarsa, bu məhsul enerji içkisi sayılacaq, hansı halda isə enerji içkisi sayılmayacaq.
Həmin hüquqi aktda da bunları qeyd etmişik. Əgər o maddələrdən iki və daha artığı məhsulun tərkibində öz əksini tapmış olarsa, bu, onun enerji içkisi olduğunu sübut edəcək. Eyni zamanda tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq”.
Bu xəbər üçün şərh yazın