Bu, kifayət qədər ciddi məsələdir - Amaşov
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, media kapitanları, KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, noyabr ayı ərzində qurum tərəfindən 25 KİV-in monitorinqi keçirilib:
“Mətbuat Şurası yarandığı gündən Azərbaycan dilinin qorunmasına böyük əhəmiyyət verir. Dil üzrə Monitorinq Qrupu daim mətbuatda dillə bağlı monitorinqlər keçirir, yanlışlıqlarla bağlı fikirlərini bildirir. Azərbaycan dilinin qorunması ölkə qanunvericiliyində, qəbul olunan sənədlərdə ciddi şəkildə öz əksini tapıb. Dilimizin saflığının qorunması və digər məsələlər həmin sənədlərdə mütəmadi olaraq qeyd edilir. Bu, kifayət qədər ciddi məsələdir və biz bu məsələləri daim diqqətdə saxlamağa borcluyuq. Dillə bağlı problemlər hamımızın ümumi problemidir. Bu baxımdan çatışmazlıqları düzgün qəbul etməli və bu nöqsanlara yol verməmək üçün çalışmalıyıq”.
Daha sonra Azərbaycan Mətbuat Şurasının Dil üzrə Monitorinq Qrupunun rəhbəri İlham Abbasov noyabr ayında aparılan monitorinqin nəticələrini açıqlayıb:
“Dilin qorunması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən sənədlər imzalanıb. Bu prosesə alimlər cəlb olunub. Monitorinqlərə təkcə yazılı deyil, elektron resurslar, 15 qəzet, 10 sayt cəlb olunub. Aparılan monitorinqin nəticələrinə görə, KİV-lərdə leksik pozuntularla bağlı xeyli sayda azalma müşahidə olunsa da, qrammatik pozuntular qalmaqdadır. Durğu işarələri ilə bağlı nöqsanlar, üslub ifadə formasında müəyyən çatışmazlıqlar var”.
Bu xəbər üçün şərh yazın