Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı

Buraxılış imtahanlarında dəyişikliklər olacaq - DİM sədri detalları açıqladı 

Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.


Bunu APA.az-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.


DİM sədri qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır: "Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".


O həmçinin bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur: "Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".


Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi