Bütün günü ac qalır, axşam doymayacaq kimi çox yeyirlər – Orucluqda edilən səhvlər
Bu gün Azərbaycanda Ramazan ayı başlayır. Oruc müddəti isə 15-16 saatdır. Bəs Ramazanda sağlamlığı qorumaq üçün düzgün qidalanma necə olmalıdır və hansı qidalara üstünlük verilməlidir?
Yeni Sabah.az bu barədə həkim, dietoloq Şəhriyyə Əhmədovanın fikirlərini öyrənib. Dietoloq bildirib ki, Ramazan ayı başlayanda xəstələrdə ən çox müşahidə etdiyi, insanların səhər yeməyi yeməməsidir:
“İlk böyük yanlışlıq budur. Enerji verəcək qida seçimi olmalıdır. Çox insanlar xörək yeyir. Bu, gün ərzində ağırlıq verir, günün ikinci yarısı aclıq gəlir və insan çox bitkin, əzgin, yorğun olur. Nəzərə alsaq ki, bu insan işləyir, bu daha çox özünü büruzə verir. Evdə olanlar enerji sərf etmədən daha rahat olar. Onlar yenə öhdəsindən gələ bilirlər.
Rasionlara baxanda çox az yeyirlər. Səhər yaxşı yemədiklərinə görə də axşam daha çox yemək məcburiyyətindədirlər. Çünki uzun saat aclıqdan sonra iftar açılır və adəti üzrə cürbəcür yeməklər süfrəyə düzülür. Bu qarışım səhvdir. Bir neçə yeməyi eyni vaxtda yemək olmaz. Səhər balanslı qidalandığımızda axşam bir kiçik kasa şorba və digər ikinci yemək kifayət edər.
Daha sonra maye qəbulu olmalı, heç olmasa 2 bakal su içilməlidir. İftar açan kimi çay içənlər var. Bu yanlışdır. Öncə şorba yeyilməsi doğrudur. Daha sonra yağ norması düzgün alınmalıdır, çünki bir çox insanlar qəbizlikdən, çəki artıqlığından şikayət edir. Uzun müddət ac qalırlar, axşam iftardan sonra isə gec saatlar olduğundan yeyib əzgin olurlar. Çox insan yatmağa üstünlük verir. İftardan sonra 30-40 dəqiqə gəzinti və kiçik stəkan qatıq içdikdən sonra daha rahat yatacaqlar.
Bu kimi alışqanlıqlar olsa daha yaxşı olar. İnsanlar gün ərzində ac qaldıqlarına görə, istədiklərini yeyə bilmədiklərindən şirniyyatları alıb axşama iftara saxlayırlar. Bu da yanlışdır. Bir neçə cür şirniyyatla yatana qədər çay içilir. Hər gün şirniyyat olmamalı, olarsa da çox yüngül şirniyyatlar seçilməlidir. Kalorisi çox olan, karbohidrat tutumlu olmamalıdır. Protein tutumlu şirniyyatlara üstünlük verilməlidir, məsələn, cheescake, tiramisu, sütlaç ola bilər”.
Ş. Əhmədova Ramazandan sonra insanların ən çox rastlaşdığı problemlərdən, şikayətlərdən də danışıb:
“Ramazandan sonra insanlar adətən çəki problemi ilə müraciət edirlər. Sürətli çəki artımı olur, çünki bütün gün aclıqdan sonra axşam daha çox yeməyə üstünlük verirlər. Sanki doymayacaqlar kimi çox yeyirlər. Səhər doğru qidalanmırlar deyə, günorta orucunu açmalı olurlar. Çünki dözüm olmur, bu problemlə çox üzləşirik. Səhər balanslı yemədiklərinə, karbohidrat, protein normal qəbul etmədiklərinə görə, gün ərzində qan şəkəri ani aşağı düşür. Ona görə iftara qədər orucu saxlaya bilmirlər. Bu problemlər çoxdur.
Səhər həm karbohidrat, həm protein, həm də yağ qrupundan qida almalıyıq. Çox zaman bir stəkan su və ya şirniyyatla çay içir və oruc tuturlar, amma bu yanlışdır. Sözsüz ki, qan şəkəri gün ərzində buna dözməyəcək. Əsas yemək seçimləri düzgün olmalıdır ki, bu problemlər olmasın.
Ramazanda qəbizlikdən çox əziyyət çəkirlər. Yağ adətən alınmır, axşam karbohidrat qrupundan qidalar çox qəbul olunur. Ona görə də mədə-bağırsaq sistemindəki problemlərlə üzləşirik. Daha sonra çöldə “fast food”la iftar açanlar olur, bu doğru deyil. Mədə-bağırsaq sisteminin problemi ay bitəndən sonra özünü göstərir”.
Həkim bildirib ki, doğru qidalanma ilə oruc tutulsa, hətta mədə-bağırsaq sisteminə xeyri ola bilər:
“Çox adam deyir ki, mədəmdə problem var. Əgər Ramazan boyunca qida seçimləri doğru olsa, hətta bəzi xəstəliklər üçün faydalıdır”.
Bu xəbər üçün şərh yazın