CAVİD QURBANOVUN “İTƏN” QATARI… – 522 min avroluq məhkəmə çəkişməsi başlayıb
Bir müddət əvvəl Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verdiyi haqda məlumat vermişdik.
Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində keçirilən hazırlıq iclasında Latviya şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və əmlaklarına həbs qoyulması barədə iddiası təmin edilmədiyindən, apellyasiya şikayəti verilmişdi. Martın 28-də Bakı Apellyasiya Məhkəməsində bu şikayətə baxılıb.
Məhkəmə prosesi barədə məlumat verməzdən öncə xatırladaq ki, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib. Belə ki, “AzPolitika.info” saytına verilən məlumatlara və təqdim olunan sənədlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar. Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.
Bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlələ bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşma imzalanıb. 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə “yaddan çıxan” müddəalar əks olunub. Belə ki, ilkin müqavilədə elektrik qatarlarının “Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.
Müqavilənin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranmasına səbəb isə, qeyd etdiyimiz kimi, Latviya şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirməməkdə itiham etməsi olub.
Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və ya 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.
“Azərbaycan Dəmir Yolları” QSC borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi “ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovmediaya açıqlamasında deyib ki, şirkət tərəfindən 1 elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir: “Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycan qanunlarına əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda onlara ödəniş edəcəyik”.
Martın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində isə Latviya şirkətinin vəkilinin açıqlamasından belə məlum oldu ki, Azərbaycan Dəmir Yolları” QSC-nin “ALBUVE” ASC-yə 522 000 avro borcu məhz göbdərilən 4 qatara görə yaranıb.
Belə ki, məhkəmədə vəkil bildirdi ki, Latviya şirkəti 4 qatarı göndərsə də, “Azərbaycan Dəmir Yolları” QSC müqavilənin şərtlərinə uyğun onların pulunu tam ödəməyib. 522 000 avro borclu qalıb. Buna görə də, şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində 3 iddia qaldırıb:
-“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı üzərinə həbs qoyulsun;
-“Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına həbs qoyulsun;
– Azərbaycan Dəmir Yolları” QSC-nin 522 000 avro dəyərində əmlakına həbs qoyulsun;
Ancaq Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsi bu iddiaları təmin etmədiyindən, onlar Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Latviya şirkətinin vəkili Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarının ləğv olunmasını, “Azərbaycan Dəmir Yolları” QSC-nin hesab və əmlaklarına həbs qoyulması haqda qərar çıxarılmasını xahiş etdi.
“Azərbaycan Dəmir Yolları” QSC-nin vəkili isə bu iddianın təmin olunmamasını istədi. O, bildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin təsisçisi dövlətdir. Buna görə də qurumun harasa qaçması və yaxud bağlanması mümkün olmadığından, hesab və əmlaklarına da həbs qoyulmasına ehtiyac yoxdur. Eyni zamanda o qeyd etdi ki, “Azərbaycan Dəmir Yolları”nın hesab və əmlaklarına həbs qoyulmasıi QSC-nin fəaliyyıtini iflic edə bilər. Bu da bütövlükdə ölkə iqtisadiyyatına ciddi zərbə vurar. Buna görə də, iddianın rəd edilməsini istədi.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov müşavirədən sonra Latviya şirkətinin idiasının təmin olunmaması, Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar çıxardı.
İşə mahiyyəti üzrədə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.//AzPolitika.info
Bu xəbər üçün şərh yazın